(Əvvəli qəzetin 29 noyabr 2018-ci il tarixli nömrəsində)
Hazırda yaşadığımız dünya, xüsusən böyük dövlətlər arasındakı iqtisadi və siyasi ziddiyyətlər fonunda təlatümlü bir dövrdən keçsə də, bütövlükdə, İslam əxlaqının hakim olduğu milyard yarımlıq müsəlman aləmi İslam mədəniyyəti normaları altında yaşayıb inkişaf etməkdədir. Müqəddəs kitabımızdan gələn inanc və əxlaq normalarına əməl olunması, dinindən və irqindən asılı olmayaraq, hər kəsə dost, insani davranış göstərilməsi kimi keyfiyyətlər müsəlman olmayan digər xalqlarda da artıq qəbul edilməkdə, İslam mədəniyyətinin səmavi ağırlığını ortaya qoymaqdadır. Bu da təsadüfi deyil, çünki müqəddəs kitabımız “Qurani-Kərim”in “Loğman” surəsinin 34-cü ayəsində deyildiyi kimi: “Hər şeyi bilən və xəbərdar olan Allah” qarşısında ən gözəl xidmət də öz əməli və davranışı ilə başqalarını incitmədən insanların bir-biri ilə dost və qardaş kimi yaşamasıdır.
Bu mənada, daim yaxşılıq etmək, başqalarına qarşı dürüst və mehriban olmaq insana xas olan ən ali keyfiyyət kimi İslam mədəniyyətinin əsas çağırışlarındandır. Tarixən yaxşını pisdən, mərdi namərddən çox gözəl ayıran, insanları yalnız xeyirxahlıq etməklə mənəvi saflığa qovuşmağa çalışan azərbaycanlılar hələ İslamdan əvvəlki dövrlərdə də bu keyfiyyətləri ilə seçilmişlər. VII əsrdə İslam dinini qəbul edən bu torpağın sakinləri daha sonrakı dövrlərdə soykökünə, dilinə, dininə və mədəniyyətinə bağlı qalmaqla keçmişlə bu gün arasında mövcud olan mirasa sahibliyi, dövlətinə sədaqəti, ailəsinə məhəbbəti, köməyə ehtiyacı olanlara şəfqəti ilə ad-san qazanıblar. Bu mənada, İslam Mədəniyyəti Paytaxtı kimi mühüm missiyanı uğurla başa vuran Naxçıvanın sirli bir torpaq kimi dünyada getdikcə daha çox tanınması və sevilməsi təsadüfi deyildir. Nuh tufanı dövründən bu günədək özünün paklığını və təmizliyini qoruyub saxlamış Naxçıvanda yaşayan insanlar tarixin bütün ağır sınaqlarında inanclarından dönməmişlər. Şübhəsiz, insanın imanı artdıqca onun Allaha məhəbbəti də dərinləşir, sonsuzluğa doğru yüksəlir. “Əl-Bəqərə” surəsinin 165-ci ayəsində deyildiyi kimi:“İman gətirənlər Allahı daha çox sevərlər”.
Naxçıvanın sirri onun möcüzələrindədir. Hansısa uzaq yerlərdən Naxçıvana gələn insanların buradakı havadan udduqca nəfəsinin yüngülləşməsi müasir elmi fikirlərə görə quru və təmiz hava ilə izah olunsa da, bu, əslində, Allahın sirridir. Bu sirrə agah olmaq üçün təkcə bir həftə, ya da bir ay Naxçıvanda qonaq qalmaq, yaxud bu torpağı, sadəcə, gəzib-dolaşmaq bəs etməz. Naxçıvanda ilin bütün fəsillərində, hətta qışın oğlan çağında belə, hər gün özünü göstərən parlaq Günəşi görmək, ən quraq keçən illərdə belə, qurumayan saf bulaqlardan su içmək, min bir dərdin dərmanı olan şəfalı bitkilərdən məlhəm tutmaq, ləzzətli bar-bərəkətindən dadmaq gərəkdir. Min illər boyu təbiətin bu səxavətindən şükürlər içində bəhrələnmiş naxçıvanlıların qanındadır ki, onlar buraya qonaq kimi ayaq basmış hər kəsi incitmədən öz məmləkətinə sağ-salamat yola salmağı ana südü, ata nəsihəti kimi mənimsəmişlər. Çünki qonaq Allah qonağıdır və İslam əxlaqına görə, salam verərək dinc məqsədlə qapını döyən hər bir müsafirə qarşı eyni davranış göstərilməlidir. Başqa sözlə, “Nisa” surəsinin 86-cı ayəsində buyurulduğu kimi: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”.
Bu gün Naxçıvana ayaq basan, xüsusən səyahət edib öz sağlamlığına qovuşan hər bir müsafirin buradakı xeyir-bərəkəti, hörmət-izzəti görüb ruhən saflaşması onun üçün bu sirli dünyanı kəşf etməsi qədər, ilk baxışda əlçatmaz görünsə də, xoşbəxtlikdən, bu, bir reallıqdır. Çünki Naxçıvan elə bir diyardır ki, burada böyük-kiçik, qadın-kişi, valideyn-övlad münasibətləri dünyanın istənilən yerindən fərqli olaraq min illər boyu heç bir assimilyasiyaya uğramadan öz ülviliyini qoruyub saxlaya bilib. Yəqin bu səbəbdəndir ki, belə dərin əxlaqi dəyərlər içində dünyaya göz açan hər bir naxçıvanlı həyatının sonrakı dövrlərində özünü tanımaqda, ictimai hüquq və vəzifələrini bilməkdə heç bir çətinlik çəkmədən layiqli cəmiyyət üzvü olur, ailəsi, dostları tərəfindən sevilir, xalqı, dövləti tərəfindən yüksək qiymətlər alır.
Naxçıvanlılar həm də nikbin və mübarizdirlər. Hər əməlində, hər kəlməsində Uca Allaha təvəkkül edib, sabaha qəlb rahatlığı ilə çıxmaq istəyi burada yaşayan insanların həyat tərzində həmişə üstün yer tutub. Ədəb və təvazökarlığı həmişə üstün tutan, lovğalıq və təkəbbürə heç bir zaman yer verməyən naxçıvanlılar bütün ömrü boyu: – “Ruzini verən Allahdır”, – deyərək həmişə irəliyə doğru baxıb, zəhmətlə çörəklərini qazanmağa çalışıblar. Tarixən haradasa yaşamış tənbəl və ələbaxımların “keşkə olsaydı” xəyallarına qarşı sadə naxçıvanlılar həmişə tər tökərək daş çapıb, su gətirib, bənd tikib, torpaq əkib-becərib, bağ-bağça salıb, mal-mülk sahibi olublar. İslam mədəniyyətinin çiçəkləndiyi IX-XII əsrlərdən bu günə kimi düşüncəsində möhkəmlənmiş bu əzmlə yolunu davam etdirən müasir Naxçıvanın qurucusu da bu gün reallaşdırılması çox çətin görünən işlərin öhdəsindən asanlıqla gələ bilir. El birliyi ilə qazanılan bu uğurlar isə ona görə başa gəlir ki, onların hamısının mayası yaxşılıq düşüncəsi əsasında yoğurulub. Heç bir yaxşılıq isə hər şeyi bilən Allah dərgahında mükafatsız qalmır. “Əl-İmran” surəsinin 115-ci ayəsində yazıldığı kimi:“Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!”
...Yaşadığımız dünya sirlərlə doludur. Bir yandan onun sirlərini öyrəndikcə, o biri yandan cəmiyyət də bu və ya digər şəkildə müasirləşmə yarışına girərək elmi nailiyyətlərin, sərmayənin, texnologiyanın və sosial şəbəkələrin gücündən fəal şəkildə istifadə edir. Bu zaman qloballaşmanın da təkan verdiyi bir güclə başqaları üzərində istismar aləti kimi tətbiq olunan “müasir mədəniyyət” isə tamamən, İslam mədəniyyətindən uzaq olmaqla, əslində, sonu görünməyən bir xaosa doğru yol almaqdadır. Halbuki zaman ərzində elmin və texnologiyanın inkişafı sayəsində əldə olunan bütün nailiyyətlər yalnız əsl mədəniyyətin inkişafına töhfə verən bir dəstəkçi olmalı, başqalarını əzib keçməməlidir. Başqa sözlə, təkcə iqtisadi gücü ilə deyil, həm də mənəvi cəhətdən özünəinamı olduğu müddətdə cəmiyyət özü üçün dəyərli olan bütün mədəni qazanclarını qoruyub saxlayacaq və daha sonrakı dövrlərdə bu mədəniyyəti inkişaf etdirə biləcək.
Bu mənada, yola salmaqda olduğumuz 2018-ci ildə paytaxtı Naxçıvan şəhəri olan İslam mədəniyyəti bir gün gələcək ki, bütün bəşəriyyətin xilaskarı kimi Yer üzünə yayılıb, insanları bəd əməllərdən uzaq durmağa, yaxşılıq edib dostlar qazanmağa, bütün yaranmışları Uca Allah sevgisi ilə sevməyə səsləyəcək. Çünki bu, İslam əxlaqı və düşüncəsinin məhsulu olan bir mədəniyyətdir.
Əli CABBAROV