24 Dekabr 2024, Çərşənbə axşamı

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə açıb. Bildirilib ki, ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə bu sahədə mühüm qərarlar qəbul olunub, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılıb.
Vurğulanıb ki, muxtar respublikada torpaq islahatlarının aparılması nəticəsində torpaq ehtiyatlarından istifadənin səmərəliliyi yüksəldilib. Bu gün də kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Sonra Culfa rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılovun məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.

Diqqətə çatdırılıb ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Ona görə də zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Bildirilib ki, fiziki və hüquqi şəxslər, bələdiyyələr mülkiyyətlərində olan torpaqlardan məqsədli təyinat üzrə istifadə etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhali məlumatlandırılmalı, torpağın münbit qatının qorunması və artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməlidir. Qalib İsmayılov torpaqların zəbt olunması ilə əlaqədar məsuliyyətdən də danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, analoji tədbir Şərur rayonunda da keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR