Türkiyə Respublikasının Ərzurum Vilayətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Naxçıvan” Universitetində olub. Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev onlara universitet haqqında geniş məlumat verərək bildirib ki, 1999-cu ildə fəaliyyətə başlayan “Naxçıvan” Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Bu ali məktəb zəngin maddi-texniki bazaya malikdir. Burada 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınıb. 1000 nəfərə yaxın tələbənin ali təhsil aldığı universitetdə təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.
Rektor onu da diqqətə çatdırıb ki, bu ali təhsil ocağı dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür, beynəlxalq proqramlarda və layihələrdə iştirak edir. Erasmus xətti ilə AESOP EQAC layihələri, Tempus xətti ilə ENOTE və COMOLTE layihələrini icra edib.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı “Naxçıvan” Universiteti ilə Ərzurum Universiteti arasında 2014-cü ildən Mövlana proqramı çərçivəsində başlayan əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra qonaqlar gətirdikləri hədiyyələri ali təhsil ocağının rektoruna təqdim ediblər. “Naxçıvan” Universiteti ilə tanışlıq, buradakı maddi-texniki təchizat və yaradılan müasir tədris şəraiti türkiyəli qonaqlarda məmnunluq doğurub.
Qonaqlar səfər çərçivəsində Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Daha sonra Möminə xatın türbəsi ilə tanış olan qonaqlara bildirilib ki, bu möhtəşəm memarlıq əsəri Şərqdə qadının şərəfinə ucaldılan ilk abidələrdən biridir. Abidənin memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani bu türbəni Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Möminə xatının məzarı üzərində ucaldıb.
Kazım Qarabəkir Paşa məscidində olan qonaqlara bildirilib ki, Kazım Qarabəkir Paşa Naxçıvanda qəhrəman kimi xatırlanır. O, ötən əsrin əvvəllərində bu ərazidə yerli əhaliyə qarşı amansız qətllər törədən erməniləri darmadağın edən türk ordusuna başçılıq etmişdir. Bu məscid 1997-ci ildə türk memarlıq üslubunda Kazım Qarabəkir Paşanın xatirəsinə inşa olunub. Nümayəndə heyəti səfər müddətində görkəmli dramaturq, filosof-şair Hüseyn Cavidin xatirə kompleksi ilə də tanış olublar.
Tükiyəli qonaqların Naxçıvanla bağlı təəssüratlarını oxucularımıza təqdim edirik.
Osman Demirdöğen – Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi: – Ötən dövrdə bölgədə səhiyyə xidmətləri və qış turizminin inkişafını təmin etmək üçün proqram hazırladıq. Proqram çərçivəsində Gürcüstan, İran, Azərbaycan və digər qonşu ölkələrdə olduq, qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratdıq. Naxçıvana gəlişimizin məqsədi də məhz səhiyyə xidmətləri və qış turizmi sahəsində gələcək əməkdaşlığımızın istiqamətlərini müəyyənləşdirmək, bu sahədə qarşılıqlı şəkildə görüləcək işləri müzakirə etmək idi. Görüşlər zamanı nəzərdə tutulan məsələlərlə bağlı fikir mübadiləsi aparıldı və görüləcək işlər müəyyən edildi. Günümüzdə Ərzurumdakı xəstəxanalarda tibbin ən müasir avadanlıqlarından istifadə edilir, həmin şəraiti burada tanıtmağı və Naxçıvanda olan imkanları da qayıdan kimi öz ölkəmizdə təbliğ etməyi nəzərdə tutmuşuq. Düşünürəm ki, bu görüşümüz imkanlarımızdan qarşılıqlı olaraq səmərəli istifadə etməyimizə geniş yol açacaq.
Onu da xüsusilə qeyd etməliyəm ki, bizi qədim türk yurdunda böyük qonaqpərvərliklə qarşıladılar, bir sıra təhsil və səhiyyə ocaqlarını gəzdik. Fikrimcə, Duzdağ Fizioterapiya Mərkəzi buranı müalicə turizmi baxımından, xüsusilə cəlbedici edir, bizim ölkədən hər il yüzlərlə insan həmin mərkəzə üz tutur. Hər kəs müalicənin effektiv keçdiyini və müsbət nəticələr əldə olunduğunu vurğulayır. Qayıdandan sonra bronxial-astma xəstəliyindən əziyyət çəkənlərə mərkəzin imkanları barədə daha geniş məlumatlar verib, xəstələri buraya göndərməyi düşünürük.
Onu da qeyd edim ki, bu, mənim Naxçıvana dördüncü gəlişimdir. İlk dəfə 2003-cü ildə burada olmuşdum və budəfəki gəlişimdə qədim türk torpağının inanılmaz dərəcədə dəyişildiyinin, müasirləşdiyinin, böyük inkişaf yolu keçdiyinin şahidi oldum. Fikrimcə, əgər yüksəliş bu templə davam edərsə, gələcəkdə Naxçıvan bölgədə Dubay qədər önəmli rola malik ola bilər. Bizim də üzərimizə hansı vəzifə düşərsə, onu yerinə yetirməyə hazırıq. Naxçıvan bizə İqdır, Ərzurum qədər əziz və doğmadır. Belə gözəl qarşılanmaya və bizə yaratdıqları şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığımı bildirirəm.
Ömər Çomaklı – Ərzurum Atatürk Universitetinin rektoru, professor: – Ərzurum valiliyinin rəhbərliyi altında Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin təşkilatçılığı ilə Naxçıvanı ziyarətə gəldik. Səhiyyə, turizm və təhsil sahələrində naxçıvanlı həmkarlarla önəmli görüşlərimiz oldu. Naxçıvandakı ali təhsil ocaqlarında birgə əhəmiyyətli müzakirələr apardıq. Ərzurum Atatürk Universiteti bundan sonra da ortaq proqramlar, araşdırmalar və digər təhsil məsələlərində dostluq və qardaşlıq münasibətləri çərçivəsində qarşılıqlı işbirliyinə daim hazırdır.
Onu da deyim ki, Naxçıvanda bir çox yerləri gəzdik. Belə gözəl diyara bu günə qədər nə üçün gəlməmişəm, – deyə çox təəssüf edirəm. Hər yerdə çox gözəl qonaqpərvərliklə, mehriban və gülərüzlə qarşılandıq, bir anda sanki öz evimdə, öz ölkəmdəyəm kimi hiss etdim. Bir daha başa düşdüm ki, Türk dünyasının böyük oğlu Heydər Əliyevin də dediyi kimi biz iki dövlət, bir millətik.
Bir sıra səhiyyə müəssisələrində, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzində olduq. Mərkəzin unikal duz mağaralarına heyran qaldım. Burada bir çox xəstəliklərin müalicəsi mümkündür. Düşünürəm ki, bu mərkəz haqqında bütün dünya bilməlidir. Mən öz ölkəmdə də burada olan imkanlar barədə məlumat verəcəyəm və inanıram ki, gələcəkdə Türkiyədən buraya gələcək turistlərin sayı daha da artacaq.
Naxçıvan Türk dünyasının bir parçası kimi əziz və doğmadır. Burada olmaqdan çox məmnunam və bundan sonra da tez-tez gələcəyəm. Sonda qəzetiniz vasitəsilə qonaqpərvərliyə və mehriban münasibətə görə hər kəsə minnətdarlıq edirəm.
Müzeyyen İnci – Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin tanıtım və birgə əməkdaşlıq üzrə sədri: – İlk öncə deyim ki, qədim türk torpağında olmaqdan həddən-ziyadə məmnunam. Naxçıvan olduqca gözəl, təmiz və abad şəhərdir, insanları istiqanlı və qonaqpərvərdirlər.
Buraya gəlişimizin əsas məqsədi Naxçıvanın mövcud turizm potensialını yaxından tanımaq, sonra müvafiq sahələr üzrə əməkdaşlığımızı müəyyən edərək müzakirələr aparmaqdır. Xüsusilə səhiyyə və qış turizmi sahəsində qarşılıqlı gediş-gəlişi təmin edib, bu sahədə üstünlüklərimizi bölüşərək daha da inkişafa nail olmağı düşünürük. Keçirilən görüşlərdə bütün məsələlərlə bağlı müzakirələr aparıldı və müsbət nəticələr əldə edildi.
Səfər müddətində xəstəxanalarda olduq, yaradılan imkanlarla maraqlandıq. Diqqətimizi, xüsusilə Naftalan nefti ilə aparılan müalicə çəkdi. Öyrəndik ki, Naftalan nefti güclü ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, hormonabənzər, antiseptik təsirlərə malikdir və müalicəsi olduqca effektivdir. Eləcə də Duzdağ Fizioterapiya Mərkəzi də hər birimizdə böyük maraq doğurdu. Onu da öyrəndik ki, xarici ölkələrdən, eyni zamanda Türkiyədən hər il buraya bronxial-astma xəstəliyindən əziyyət çəkən çox sayda insan üz tutur və müalicədən də çox razılıq edir. Sözün düzü, yaxın qohum-əqrəbalardan, dost-tanışlardan da belə xroniki xəstəlik keçirənlər var və ölkəmizə qayıdan kimi onlara Naxçıvandakı bu möcüzə haqqında bəhs etməyi düşünürəm.
İnanıram ki, gələcəkdə qarşılıqlı əməkdaşlığımız daha da möhkəmlənəcək və insanlarımız xəstəliklərdən uzaq, sağlam həyat yaşayacaqlar. Bu tədbirlərin təşkilində əməyi keçənlərə öz dərin minnətdarlığımı bildirirəm.
Ali Şahin – Atatürk Universiteti Səhiyyə Tətbiqi və Araşdırma Mərkəzinin baş həkimi: – Səhiyyə və qış turizmi sahələrində əlaqələrimizi daha da təkmilləşdirmək üçün Naxçıvanda, bu gözəl diyarda bir araya gəldik. Naxçıvan təsəvvür etdiyimdən də gözəldir. Şəhərinizin çox səliqəli, nizamlı və modern bir üslubu vardır.
Biz burada öyrəndik ki, muxtar respublikada enerji sektoru, sənaye və kənd təsərrüfatı sahələri də xeyli inkişaf edib. Fikrimcə, gələcəkdə səhiyyə ilə birlikdə bu sahələr üzrə də bir çox layihələr gerçəkləşdirilə bilər. Xüsusən səhiyyə sahəsində orqan nəqli, tibbi-onkoloji kimya terapiyası, eləcə də qış idman turizminin inkişafı ilə bağlı təcrübələrimizi bölüşə bilərik. Naxçıvanda qış turizmi üçün geniş imkanlar vardır. Bu turizm növü üzrə ən cəzbedici məkanlardan biri olan Ərzurum Vilayəti bu sahədə Naxçıvanla əməkdaşlıq imkanlarını daha da artıracaq, birgə daha geniş və perspektivli işlər həyata keçirəcəkdir.
Güntac ŞAHMƏMMƏDLİ
Nail ƏSGƏROV
Nuray ƏSGƏROVA