24 Dekabr 2024, Çərşənbə axşamı

Ömrünün çoxunu  qədim diyarımızın tarix-memarlıq abidələrnin bərpasına həsr edən  Prezident təqaüdçüsü Arıf Əzizov onları  bu cür dəyərləndirir

Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən, ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuş, əsası bir yaşayış məskəni kimi 8000 il əvvəl qoyulmuş və  5000 il bundan əvvəl şəhər kimi formalaşmağa başlamış Naxçıvan  tarixi-mədəniyyət abidələri ilə zəngin bir diyardır. Tarixçi alimlərimiz deyirlər ki,  əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncam tariximizin daş yaddaşına verilən böyük dəyər olmaqla yanaşı, həm də abidələrimizin bərpasına, onların həyata yenidən vəsiqə almalarına səbəb olub.

Bu yaxınlarda ömrünün 50 ildən artıq dövrünü muxtar respublikamızda tikinti sahəsində çalışan, ötən  illər ərzində tarixi-memarlıq abidələrimizin bərpasına rəhbərlik edən Arif Əzizova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 12 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi  təqaüdünün verilməsi  naxçıvanlılar tərəfindən  mədəni irsimizin yaşadılmasında əməyi olan insanlara verilən yüksək qiymət kimi dəyərləndirildi. Bu münasibətlə Arif müəllimlə görüşüb söhbətləşdik.

 – Öncə bütün kollektivimiz adından göstərilən bu etimada görə sizi təbrik edir, yaşı əsrlərin daş yaddaşına həkk olunmuş Naxçıvanımızın qədimliyinin yaşadılması işlərində bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayırıq.

Çox sağ olun. Bəli, bu, çox böyük bir etimaddır. Mən Prezident təqaüdünə layiq görüldüyüm üçün cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bu sahədə  zəhmətim  2005-ci ildə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən  də yüksək qiymətləndirilmiş və Naxçıvan Muxtar Respublikasının “Əməkdar memar”ı fəxri adına layiq görülmüşəm. Vurğulamaq istəyirəm ki, ölkəmizdə əməyi, zəhməti ilə fərqlənənlərin fəaliyyətlərini qiymətləndirmək ənənənəsinin təməli  ümummulli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə bu məsələ önə çəkilmiş, müxtəlif sahələrdə fərqlənən insanlara fəxri adları, dövlət mükafatları verilmişdir. Təltiflərimin hər ikisi mənim  ömür səhifələrimə qızıl hərflərlə yazılan və  qürur duyduğum anlardır. Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən  orden və medalların, fəxri adların döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimində iştirak etdiyim, ürək sözlərimi söylədiyim üçün də çox şadam. Göstərilən  dövlət qayğısını yüksək qiymətləndirirəm. Mən artıq ömrümün  74-cü baharındayam. Bundan sonra da  tarix-memarlıq abidələrimizin hər daşının, hər naxışının  əsrlər öncə tikildiyi kimi bərpasına çalışacağam ki, bu qədim diyarımızın böyük keçmişinə heç bir xələl gəlməsin. 

– Həyatının yarıdan çox hissəsini memarlıq inşaat işlərinə həsr edən Arif müəllim üçün tarixi abidələr nə deməkdir?

Sualınızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəyərli fikirləri əsasında cavablandırmaq istəyirəm:  “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”. Abidələrin, tarixi tikililərin bərpası ilə məşğul olan adam kimi  mənim üçün onlar tarixdir, kitabdır, o kitab ki vərəqlədiksə hər yeni  səhifədə qədim yurdumuzun keçmişindən bəhs edən bir hadisənin  salnamələşdiyini görmək olur.

– Naxçıvan və abidələr… Diyarımızın müxtəlif yerlərində olan abidələrə, onların tarixinə- dünəninə, bugününə bələd olan insan kimi sizcə o abidələr nədən “söhbət açır”?

Bildiyimiz kimi, alimlər elmi araşdırmalar apararkən abidələri iki aspektdə öyrənirlər: yeraltı və yerüstü tarixi abidələr. Yeraltı qədim abidələr dedikdə - mağaralar, kurqanlar, qəbirlər və digərləri, yerüstü abidələr dedikdə isə - məişət tikililəri, qala, məscid, günbəz, körpü kimi, keçmişin yadigarları yada düşür. Bunların hər biri Naxçıvanda vardır.  Bura tarixi abidələr diyarı, ilkin mədəniyyət ocaqı, ümumilikdə isə İslam mədəniyyətinin beşiyidir. Bax, tarixi abidələrimizin hər biri bunlardan “danışır”, bu fikirləri  təsdiqləyir.

Muxtar respublika rəhbərinin Sərəncamları ilə bəziləri  tamamilə torpağın dərinliklərində qalan, bəzilərinin himi çətinliklə tapılan, bəzilərininsə  bir tərəfi tamamilə uçub-tökülən tarixi abidələrin  son iki onillikdə  bərpası onlara yeni həyat bəxş edib. Bərpa və tikintisinə rəhbərlik etdiyim   Qarabağlar Memarlıq Kompleksi,  Gülüstan, Yusif Küseyiroğlu, Nəiminin və Nuh Peyğəmbərin türbələri, Xan sarayı, Naxçıvanqala, İmamzadə, Qeysəriyyə  tarixi abidələri,  Əcəmi seyrangahı, Açıq səma altında muzey, Yengicə kəndindəki Şərq hamamı, İsmayılxan hamamı,  Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Yusif Məmmədəliyevin ev muzeyləri və digərləri bu  diyarın qədim tarixindən,  zəngin mədəniyyət və ədəbiyyat ocağı olmasından söhbət  açır. Eyni zamanda  həmin tarixi tikililər bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir.

– Arif müəllim, bərpa işlərində ən çox diqqət yetirdiyiniz məqamlar hansılardır?

Təbii ki, orijinala istinad. Abidələrin özünəməxsus memarlıq üslubuna xələl gətirməmək. Verilmiş layihə əsasında  keyfiyyətli bərpa.

– Bəs elə olubmu ki, abidələrdə və tarixi tikililərdə bərpa zamanı maraqlı, gözləmədiyiniz, sizin üçün yeni olan  nələrə rast gələsiniz?

Əlbəttə, dəfələrlə.  Xan sarayının  bərpası zamanı maraqlı bir hadisə baş verdi.  Tapşırıq verilmişdi ki, binanın həyət  hissəsi  bir qədər də dərinləşdirilsin. Qazıntı aparılarkən ərazidə vaxtilə  tikilmiş yaşayış binasının  bünövrəsinin altından sal daşlar çıxdı. Daşları qaldırarkən burada torpaqla dolmuş quyunun olduğunu və onun 15 metrinin kərpiclə hörüldüyünü gördük. Araşdırmalar bunun xan evinin “dol-qayıt” quyusu olduğunu təsdiqlədi. 5 metr də təmizlədik, ümumilikdə 20 metr dərinlikdə quyu alındı, buraya nasos da qoyuldu, quyu işə salındı.

Qarabağlar türbəsinin bərpası zamanı isə türbə ilə qoşa minarə arasında divar qalıqları olan yerdə  bizim üçün tamamilə yeni olan bir görüntü ilə qarşılaşdıq. Burada çox sayda təndirlərə, kürsülük, dən döymək üçün yerlərə rast gəldik.  Sözsüz ki, bütün  bunlar   vaxtilə zəvvarların  burada müəyyən müddət   qalmasının göstəricisidir.

Hazırda Culfa rayonun ərazisində  Orta əsrlərdə Əlincəçay üzərində inşa edilən Şərq memarlıq üslubunun bənzərsiz nümunələrindən olan Qazançı  körpüsünün bərpasını tamamlamaq üzrəyik. Burada da maraqlı bir hadisə baş verdi. Yenə də bərpa işlərini layihə çərçıvəsində həyata keçirir, çalışırdıq ki, bu tarixi abidənin qədim görüntüsü olduğu kimi qalsın. Köprünün aşağı hissələrini buraya yaxın olan dağdakı daşlarla işlədik. Qeyd edim ki, bütün bərpa işlərində yerli məhsullara üstünlük veririk. Çünki onlar əvvəlki tikinti materiallarına çox uyğun gəlirlər. Bu qədim abidələrin də hər biri sözsüz ki, vaxtilə  bu yerin daşları ilə tikilib. Körpünün tağ və  məhəccər hissəsinə çatanda buraya sarımtıl daşlar qoyulmalı idi ki, orijinala uyğun gəlsin. Neçə cür  daşdan istifadə etdiksə,  heç cür uyğunlaşdıra bilmədik.  Abidənin bərpasında maraqlı  olan və  bərpa zamanı  tez-tez buraya gələn  Qazançı kənd sakini, 83 yaşlı şair Qabil Abbas bizə uygun daşları Ərəfsə kəndinə gedən yolun üstündəki dağdan tapa biləcəyimizi söylədi.  Həmin daşlara baxdıq, həqiqətən uygunluq çox idi. Çox böyük olan bu daşlar maşın-texnika vasitəsilə çıxarılıb “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə  gətirildi, orada bizə lazım olan düzbucaqlı şəklə salındı. İstifadə zamanı isə həmin daşlar bərpa işlərini aparan inşaatçılar tərəfindən  yonulub  lazım olan formaya salındı və körpünün tağ və məhəccərlərinə qoyuldu. Eynilə köprünün orijinalında olan görüntünü ala bildik. Kim bilir, bəlkə də elə vaxtilə körpünün tikildiyi zaman da həmin daşlardan istifadə edilibmiş.Elə fürsətdən istifadə edib Qabil Abbasa da minnətdarlığımı bildirmək istəyirəm. Belə yaşlı insanlar hər daşı bir tarix olan Naxçıvanın canlı abidələridirlər.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə Xatın, Yusif Küseyroğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin İSESKO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.  Hər bir naxçıvanlı üçün böyük uğur olar ki,  yaşı tarix qədər qədim olan abidələrimiz həmin siyahıya daxil edilsin.

 – Bunu qeyd edim ki, Ali Məclis Sədrinin Sərəncamı ilə ərazidəki tarix-mədəniyyət abidələri pasportlaşdırılarkən bu abidələr dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Əlbəttə, bu abidələrin İSESKO-nun siyahısına daxil edilməsi ilə əlaqədar məsələ qaldırılması çox  təqdirəlayiqdir. Qədim Naxçıvanımız abidələrinin həmin siyahıya daxil edilməsinə bütün tarixi keçmişi ilə layiqdir. 

– Bu gün Naxçıvan Dövlət Universitetinin  memarlıq fakültəsində də gənc memarlar yetişdirilir. Düşünürük ki, tarixi abidələr diyarında belə mütəxəsisslərə, xüsusilə də bərpaçı memarlara daim ehtiyac var.

– Böyük Xalq şairi Səməd Vurğun deyir:

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır,

Hər saxsı parçası, hər məzar daşı

         Nəsildən nəsilə bir yadigardır. 

Əlbəttə, ötən nəsillərdən qalan bu yadigarları biz də gənc nəsillərə etibar edəcəyik. Sevindirici haldır ki, Naxçıvanda memarlar yetişir. Çünki tarixlə yaranıb, tarix durduqca yaşayacaq bu abidələrin daim bərpaya ehtiyacı olacaq.

–Arif müəllim, abidələr tariximizin döyünən ürəyidir. O döyüntünün bir an dayanması tariximizə, mədəniyyətimizə xain əllərin qəsdi deməkdir. 

– İndi hər bir naxçıvanlı əmin ola bilər ki, o döyüntü bir an da dayanmayacaq. Çünki  20 ildən artıqdır ki, Azərbaycanın, eləcə də dünyanın minilliklər öncəki dünya tarixini özündə yaşadan, ən qədim mədəniyyət mərkəzlərindən biri olan  Naxçıvanımızın  tarixini, milli-mənəvi dəyərlərini əks etdirən  abidələri, tarixi tikililəri  öyrənilir,  təbliğ edilir, bərpa olunur, qorunur. Bu o deməkdir ki, tariximiz olduğu kimi yaşadılır və  gələcək nəsillərə çatdırılır. Tarixi-mədəni irsi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.  Həm yaşlı, həm də gənc nəslin.

– Maraqlı müsahibə üçün  sağ olun. 

Müsahibəni qələmə aldı: Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR