24 Dekabr 2024, Çərşənbə axşamı

Oktyabrın 17-18 -də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav muxtar respublikanın tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə yaxından tanış olub.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub.
“Naxçıvan bağları” tərəvəz məhsulları istilik kompleksinin Naxçıvan şəhərində fəaliyyət göstərən istixanasında olan səfirə kompleksdəki mövcud şərait barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, istixanada mövsüm boyu əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək üçün şitillər müəyyən zaman intervalında əkilir. Bu il kompleksdə bir hektara yaxın sahədə altı sortda pomidor şitili əkilib. Hazırda isə avqust ayında əkilən bitkilər ­becərilir, noyabr ayının sonlarına isə məhsul yığımı planlaşdırılır.
Duz Muzeyinə gələn səfirə məlumat verilib ki, muzey bu il aprelin 25-də istifadəyə verilib. Burada 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur.

Qonaq “Gəmiqaya” heyvandarlıq kompleksi ilə də tanış olub. Bildirilib ki, kompleksdə 600 baş ətlik və südlük heyvan saxlanılır. Burada müasir standartlara cavab verən süd sağımı avadanlıqları quraşdırılıb.
İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” forel balıqyetişdirmə təsərrüfatında da olub, burada yaradılan şəraitlə maraqlanıb. Sonra qonaq Qarabağlar Türbə Kompleksinə gəlib. Burada məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan kompleks elmi və tarixi əsaslarla bərpa edilib. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrin işlənmə texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir.
Diplomat Şərur rayonunun ərazisində yerləşən “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları ilə də tanış olub.
İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə deyib: “Naxçıvan Azərbaycanın əhəmiyyətli və qədim diyarıdır. Bu gün Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Naxçıvanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək mümkündür”.
Səfir qeyd edib ki, Azərbaycanda 3 ildən artıqdır, fəaliyyət göstərir və bu, onun Naxçıvana üçüncü səfəridir. “Naxçıvan mənim çox xoşuma gəlir, bu diyarı sevirəm. Səbəbi isə Naxçıvan təbiətinin İsrailə bənzəməsidir. Buranın təmiz havası, işgüzar sakinləri vardır. Nuh Peyğəmbərin məzarı da bu torpaqdadır. Bu diyarda qonaqları duz-çörəklə qarşılayırlar”, – deyən səfir yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR