Məmməd Araz Vətən sevgisi ilə nəfəs alan, bu yurdun sevincini, qəm-kədərini, poetik fəlsəfəsini hər kəsin anlaya biləcəyi sadə dillə qələmə alan şair-publisistlərimizdəndir.
Böyük şairin doğulub boya-başa çatdığı qədim Naxçıvan diyarı da bu yaradıcılığın ana xəttini təşkil edir. Hələ ötən əsrin altmışıncı illərində Naxçıvanın sosial-ictimai mənzərəsini publisistik dillə qələmə alan böyük şair bunu “Naxçıvan albomu” adlı əsərində oxucularına çatdırır. Bu albomda Naxçıvanın odövrkü siması, cəmiyyət həyatındakı çatışmazlıqlar öz əksini tapıb. Son illərdə dövri mətbuatda da bir çox müəlliflərin bu haqda yazıları dərc olunub. Albomda maraqlı mövzulardan biri də həmin dövrdə gənclərin məşğuliyyəti, onların asudə vaxtlarının səmərəli təşkili üçün heç bir şəraitin yaradılmamasıdır. Onilliklər keçdikdən sonra, biz Məmməd Arazın ürək yanğısı ilə qələmə aldığı bu problemlərin doğma Naxçıvanımızda öz uğurlu həllini tapdığının şahidi oluruq. Elə buna görə də bu yazıda “Naxçıvan albomu”ndan bəzi hissələri yenidən xatırlamaqla hər iki dövrü müqayisə etmək qərarına gəldik. Beləliklə, ötən əsrin 60-cı illərində insanların, xüsusilə gənclərin mədəni istirahətinin təşkilində böyük rol oynayan klubların az olmasından, klub tikintisinə biganə yanaşan rəhbər şəxslərin səhlənkarlığından şikayətlənən Məmməd Araz klubların gənclərin mənəvi tərbiyəsində, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynaya biləcəyindən belə yazırdı: “...Klub nədir? Müasir kəndin mədəniyyət, təbliğat ocağı, teatrı, kinosu, filarmoniyasıdır. Klub kənd adamlarının bir-birinə münasibətini büruzə vermək üçün bir ünsiyyət yeridir. Klubda yaxşı əsərlər təbliğ oluna bilər, yaxşı filmlər müzakirə edilər. Gənclərin bir-birini tanıması üçün də klub ən yaxşı görüş yeridir”.
Bu gün muxtar respublikamızda geniş yayılmış mədəniyyət müəssisələrindən biri də klublardır. Klubların kənd yaşayış məntəqələrində fəaliyyəti o dövr üçün də, müasir dövrümüzdə də aktual olub. Lakin bu məsələnin müsbət həlli müstəqilliyimizin bərpasından sonra öz təsdiqini tapıb. Naxçıvan Muxtar Respublikasında isə milli mədəniyyətimizin inkişafına göstərilən qayğı müxtəlif mədəniyyət müəssisələrinin fəaliyyətində, onlar üçün yaradılmış müasir şəraitin simasında daha aydın görünür. Belə ki, muxtar diyarımızın bütün kənd yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzlərində müxtəlif mədəniyyət müəssisələri üçün də yerlər ayrılır. İndi belə kənd mərkəzlərində fəaliyyət göstərən kitabxana və klublar kənd sakinlərinin, eləcə də uşaq, yeniyetmə və gənclərin daim müraciət etdikləri ünvanlardır. Kəndlərimizdəki gənc nəsil indi müxtəlif ədəbiyyatlarla təmin olunmuş kitabxanalarda asudə vaxtlarını səmərəli keçirir, kitab müzakirələrində, klublarda təşkil edilən mədəniyyət tədbirlərində yaxından iştirak edirlər. Eyni zamanda klublar mütəmadi olaraq müxtəlif teatr səhnələrinin, folklor kollektivlərinin ifasında milli rəqs və oyunlarımızın, musiqi ansambllarının təqdimatında konsert proqramlarının təşkil olunduğu ünvanlardır.
Məmməd Araz yazırdı: “...Naxçıvanda az qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində zarafatla dedi: Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır. Bəzən elə səhər gözünü açıb görürsən ki, evinin böyrünə bir çayxana söykəyiblər. Bir yekə çayxana da mərkəzi kitabxananın binasında yerləşir. Qırmızı tuf daşdan tikilmiş binanın bir tərəfini nəğməkar samovarlar yavaş-yavaş qaraltmaq işi ilə məşğuldurlar... Biz çayçıların çayını bulandırmaq, samovarlarına soyuq su tökmək fikrində deyilik. Naxçıvanda təzə yaranan “çaylamaq” feilinin də dilimizə gəlməsinə etiraz eləmirik. Məsələ bundadır ki, Naxçıvan kimi bir şəhərdə bir dənə də olsun gənclər klubu, kafesi, şahmat yeri yoxdur...”
Çay bizim milli süfrəmizin əsas atributlarındandır. Çayxanalar isə bu milli süfrəni tədqim edən obyektlərdir. Ancaq etiraf edək ki, bir zamanlar Naxçıvanda fəaliyyət göstərən belə çayxanalar işi-gücü olmayan insanların əsl toplantı yerinə çevrilmişdi. Böyük şair demişkən, hər tində bir çayxana vardı. Bu çayxanalar isə asudə vaxtın səmərəli təşkilinə nəinki yaramırdı, hətta səs-küylü, antisanitariya qaydalarına uyğun olmayan həmin obyektlərin yanından keçmək belə, insanı üzürdü. Gənclərin bu cür çayxanalara alışması isə problemi daha da dərinləşdirirdi. Ancaq şükürlər olsun, indi Naxçıvan şəhərində bu ehtiyacı təmin edən müasir çay evləri və yaxud müxtəlif iaşə müəssisələri fəaliyyət göstərir. Tütün və spirtli içkilərdən uzaq bu cür məkanlar gənclərimizin əsl istirahət yerləridir. Ancaq gənclərlə bağlı iş bununla bitmir.
Bu gün Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti əsas sahələrdən biridir. Müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, bütün sahələrdə gənclərə etimad göstərilməsi bu siyasətin əsasını təşkil edir. Çünki ölkəmizin gələcək inkişafını bugünkü gənclər təmin edəcəklər. Gənclərimiz isə daha yaxşı təhsil almaqla, vətənpərvər yetişməklə, lazımi bilik və vərdişlərə yiyələnməklə buna nail ola bilərlər. Dövlətimiz gəncləri mühüm potensial kimi görür. Elə bu potensialın yüksək səviyyədə qiymətləndirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikamızda Gənclər Fondu fəaliyyət göstərir. Məqsəd gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, gənclərin müxtəlif sahələrlə bağlı innovativ ideyalarını dəstəkləmək, eyni zamanda onların təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunub, kitaba adları düşmüş istedadlı gənclərə təqaüdün verilməsi ilə bağlı qaydalar təsdiq edilib. Bütün bunlar isə gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Gənclərlə bağlı həyata keçirilən tədbirlər bununla yekunlaşmır. Naxçıvan şəhərində fəaliyyət göstərən Gənclər Mərkəzi mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müxtəlif idman və bilik yarışları, mədəni tədbirlərin təşkilində mühüm rol oynayır. Burada müxtəlif dillər üzrə hazırlıq kursları keçirilir.
Böyük vətənpərvər şairin vaxtilə təəssüf hissi ilə söylədiyi Naxçıvanda “şahmat yeri yoxdur” fikrinə gəlincə bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası bu idman növünün inkişafı istiqamətində əhəmiyyətli işlər görür. Bütün rayon mərkəzlərində şahmat məktəbləri, Naxçıvan şəhərində isə Şahmat Mərkəzi fəaliyyət göstərir. Artıq bu mərkəz beynəlxalq şahmat yarışlarının keçirildiyi məkana çevrilib. Eyni zamanda orta ümumtəhsil məktəblərində şahmatın öyrədilməsi tədris proqramına salınıb. Görülən işlərin nəticəsidir ki, son illərdə muxtar respublikamızda güclü şahmatçılar nəsli yetişir. Bu gün Naxçıvan beynəlxalq idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirildiyi məkana çevrilib. Görülən işlərin nəticəsidir ki, son illərdə muxtar respublikamızda gənclərimiz idmanın müxtəlif sahələrində keçirilən beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərirlər.
Bunu da xatırlatmaq lazımdır ki, indi muxtar diyarımızın hər bir bölgəsində, eyni zamanda paytaxt Naxçıvan şəhərində yeni kinoteatrlar, müasir kitabxana və kitab evləri, gənclər üçün əyləncə mərkəzləri fəaliyyət göstərir. Gənclər isə yaradılmış bu şəraitdən layiqincə yararlanaraq Vətənimizə, dövlətimizə layiqli vətəndaş olmağa çalışırlar. Gənclər sahəsində görülən işlərin nəticəsidir ki, bu il Naxçıvan şəhəri ölkəmizdə Gənclər Paytaxtı seçilib. Yəqin ki, böyük şairimiz bu günləri görsə idi sevinər, Naxçıvanın müasir dövr gəncliyini öz qələmi ilə tərənnüm edərdi. Biz isə o dövrün gəncliyi ilə müasir dövrümüzü müqayisə etmək imkanı verdiyi üçün Məmməd Arazı dərin ehtiram hissi ilə yad edir, dövlətimizə isə minnətdarlığımızı bildiririk.
Gülcamal TAHİROVA