Konfransı giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən bu gün Babək Rayon İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Babək rayonu 40 ildə” mövzusunda konfrans keçirilir.
Qeyd olunub ki, 1978-ci il oktyabrın 23-də ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Babək rayonu bu gün müasir inkişaf dövrünü yaşayır. Dahi şəxsiyyətin yolunun ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsinin nəticəsidir ki, rayonda bütün sahələrdə irəliləyişlərə nail olunub, infrastruktur yenilənib.
İcra başçısı rayonun davamlı inkişafına göstərdiyi diqqət və qayğıya, 40 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Babək rayonunun yaranması və inkişaf tarixi”, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında Babək rayonunun rolu”, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov “Babək rayonunun sosial-iqtisadi inkişafı” mövzularında məruzə ediblər. Məruzələrdə bildirilib ki, muxtar respublikanın bütün bölgələri kimi Babək rayonu da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əhatə olunub. İqtisadi və sosial sahələrdə aparılmış kompleks tədbirlər Babək rayonunu davamlı inkişaf mərhələsinə yüksəldib, əhalinin rifahı yaxşılaşıb. Hazırda rayonda yüngül, yeyinti, kağız, karton və poliqrafiya, kimya, energetika sənayesi və tikinti sahələri olmaqla, 70-dən artıq müəssisə fəaliyyət göstərir. Beş layihə üzrə yeni müəssisələrin yaradılması isə davam etdirilir. Ümumilikdə, rayonda 1200-dən çox sahibkarlıq subyekti vardır və bu müəssisələrdə 45 növdə 150-dən çox çeşiddə məhsul istehsal olunur. Bu gün muxtar respublikada istehsal olunan sənaye məhsulunun 12 faizi, kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun isə 20 faizi Babək rayonunun payına düşüb. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun muxtar respublikamızda uğurla davam etdirilməsi rayonda inkişaf və tərəqqinin bundan sonra da davamlı xarakter alacağına əminlik yaradır.
Konfrans konsert proqramı ilə başa çatıb.
Gülcamal TAHİROVA