“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində dəmiryolçuların peşə bayramı günü münasibətilə keçirilən tədbiri cəmiyyətin direktoru Mahir Əliyev açaraq kollektivin bayramını təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə əsas sahələrdən biri olan dəmir yolu nəqliyyatının yaradılmasının bu il 138 ili tamam olur. Dəmiryol işçilərinə göstərilən yüksək diqqətin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2005-ci il tarixli sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi təntənə ilə qeyd edilir.
Qeyd olunub ki, muxtar respublikamızda iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə yanaşı görülən işlər sırasında dəmiryol nəqliyyatının fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Bu gün dəmir yolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan nümunəvi iş şəraiti, dəmiryolçulara göstərilən dövlət qayğısı onların əməyinə verilən ən yüksək qiymətdir. Ötən illər ərzində dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilib, onlardan 2-si Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 1-i “Şöhrət” ordeninə, 3-ü “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb, 24 dəmiryolçu “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə “Naxçıvan Dəmir Yolları”Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Musa Əliyev, Yük və Sərnişin Daşımaları İdarəsinin rəis əvəzi Mübariz Allahverdiyev çıxış edərək dəmiryolu sahəsi üzrə həyata keçirilən tədbirlərdən danışıb, əməkdaşları bayram münasibətilə təbrik ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 oktyabr tarixli Sərəncamı ilə dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunan cəmiyyətin Texniki İstehsalat şöbəsinin rəisi XalidMəmmədov dəmiryolçular adından verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq edib.
Sonra bayram münasibətilə cəmiyyətin bir qrup əməkdaşına fəxri fərman və pul mükafatı verilib.
Nail ƏSGƏROV