24 Dekabr 2024, Çərşənbə axşamı

Məğlubedilməzliyi, qəhrəmanlığı, vətənsevərliyi ilə əsrlərboyu tarixdə iz qoyan Oğuz yurdu Naxçıvan ötən ay daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu dəfə Avropanın diplomatları, səfirləri və digər qonaqlar Avropanı Naxçıvanda kəşf etdilər. Üç gün ərzində burada sübut olundu ki, “Avropa günləri”nə ev sahibliyi edən Naxçıvan Şərqin günəşi olduğu kimi, Qərbin də bir çox şəhərlərinə nümunə olacaq şəkildə inkişaf edir, gözəlləşir. Nuh yurdu öz milli dəyərlərinə, tarixi köklərinə söykənərək minilliklər boyu qazandıqlarını bir daha nümayiş etdirdi.

 

Həmin tədbirlərə qatılan avropalı səfirlər muxtar respublikanın müasir görkəmi və inkişafını yüksək dəyərləndirdilər, bunu keçirilən mətbuat konfransında da etiraf etdilər. “Naxçıvan təkcə söz demir, həm də iş görür”, – deyən Belçika səfiri Bert Skufsun fikirlərini Yunanıstanın ölkəmizdəki səfiri belə tamamladı: sevgi, sülh və günəş. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bu ifadələrə “təmizlik” sözünü də əlavə etdi.
Bu ifadələr 3 günlük tanışlıqdan sonra avropalı qonaqları heyran qoyan qədim yurda haqlı olaraq verilən ən gözəl qiymət idi. Xarici qonaqların qədim yurd haqqında təəssüratları hamımızı qürurlandırdı. Bəs bu inkişafın və etibarın arxasında nə dayanır? Keçmişə nəzər salıb bu günümüzə necə gəlib çıxdığımızı xatırlayaq. Bu ifadələri eşitmək üçün hansı yollardan keçdiyimizi yada salaq.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaratmışdı. Bu, həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, Azərbaycanın ozamankı rəhbərliyi Naxçıvana “kor bağırsaq” deyirdi. Onu “kəsib” ana Vətənindən ayırmaq istəyirdi. Bu, o vaxt idi ki, insanların ümidi hər yerdən üzülmüşdü. Hər an işğal təhlükəsi yaşayan Naxçıvanda əhali günün çoxunu çörək növbələrində keçirirdi. Belə bir dəhşətli vəziyyət ümummilli liderimiz Heydər Əliyev yenidən siyasi fəaliyyətə qayıdanadək davam etdi. Ulu Tanrı bu diyara dözüm, qətiyyət, səbir, Naxçıvanın və naxçıvanlıların ən ağır günündə xalqın dahi oğlunu xilaskar kimi göndərdi. Onun gəlişi mənəvi güc verdi naxçıvanlılara. Bugünkü növrağın təməli məhz o günlərdə atıldı. Məmləkətimizin bu kiçik şəhərində yeni, azad, müstəqil Azərbaycan dövlətçiliyinin bünövrəsi qoyuldu. Onun baş memarı Azərbaycanı illərdir, qurub-yaradan və yaşadan dahi rəhbər Heydər Əliyev idi.
Zaman keçdi... İnsanlara doğru yol göstərildi. Əhalinin məşğulluğu təmin edildi. Hər kəs gücü çatdığı, bacardığı işin, peşənin dalınca getdi.
Digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə tətbiq olunan Naxçıvan modeli, yəni cinayət baş verəndən sonra yox, törədilməzdən əvvəl həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Bir vaxtlar səksəkəli günlərini yaşayan Naxçıvan indi təhlükəsiz, nizam-intizamlı, cinayətsiz regiona çevrilib. Bu gün Naxçıvan torpağında atalar demişkən: “Başına qızıl al, gəz” sabitliyi hökm sürür. Özgənin malına-mülkünə, varına-dövlətinə, insan şəxsiyyətinə hörmətin bariz nümunəsi bu torpaqdadır. Muxtar respublikanın sərhədləri düşməndən necə qorunursa, hüquq-mühafizə orqanları da müstəqil dövlətimizin qanunlarının keşiyində o cür ayıq-sayıq dayanır. Dahi Nizaminin “ Xəmsə”sində arzuladığı qıfılsız evləri, gözətçisiz sahələri olan sakit guşəli məmləkət bu gün Naxçıvan diyarının timsalında görünür. Bu, çox sadə görünsə də, əslində, onun arxasında böyük bir səbəb – sabitlik dayanır.
Son illərdə dinindən, dilindən, cəmiyyətdə tutduğu mövqedən və fəaliyyətindən asılı olmayaraq, Naxçıvana gələn yerli, həm də xarici qonaqların birmənalı olaraq işlətdiyi ifadələrdən biri də budur: “Naxçıvan çox təmiz şəhərdir”. Vaxtilə həsəd apardığımız dünyanın ən təmiz şəhərlərindən olan Almaniyadan bu gün heç də geri qalmayan qədim Naxçıvan öz təmiz, səliqəli küçələri, parkları, meydanları ilə buraya gələn hər kəsi heyran qoyur. Ulu diyarımız bu gün o qədər gözəl, təmizdir ki, insan gördüklərini tərif etməyə söz tapa bilmir. Öz yurdunun saatbasaat, günbə­gün bütün yönlərdə yeniləşdiyini, bütövlükdə, boy atdığını görmək dünyanın ən böyük xoşbəxtliyidir. İftixar hissi ilə demək olar ki, bu gün Naxçıvan Muxtar Respublikası yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikanın iqtisadiyyatı ilbəil möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yüksəlir, şəhər və kənd­lərdə quruculuq işləri geniş vüsət alır.
Təbiidir ki, bütün bunlar asanlıqla əldə edilməyib. Bu məsələdə Heydər Əliyev ideyalarının muxtar respublikamızda da uğurla davam etdirilməsi xüsusi rol oynayır. Görkəmli dövlət xadiminin Naxçıvan haqqında arzu və planları bu gün öz yerini tapmaqdadır. Naxçıvan ölkəmizin regionları içərisində ön sıralarda, dahi rəhbərin müəyyənləşdirdiyi yolla inamla gedir. Bütün bunları muxtar respublikada yaşayan və bu qədim diyara qonaq gələn hər kəs görür, duyur və etiraf edir.
Bəli, bu gün iftixar hissi ilə demək olar ki, doğma diyarımız yüksəliş dövrünü yaşayır, bütün yaşayış məntəqələrimiz gülüstana çevrilir. Bu isə qədim yurdumuza turist axınını gücləndirir. Buraya səyahət edənlər Naxçıvanda gördükləri sürətli inkişaf və tərəqqidən təəccüblərini gizlədə bilmirlər.
Müstəqil Azərbaycanın dövlət siyasətinin uğurla həyata keçirilməsi, regionda böyük quruculuq proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi, müasir inkişafın təmin edilməsi Ali Məclis Sədrinin çoxillik dövlətçilik təcrübəsinin, böyük əməllə əsl sədaqətin vəhdəti olan yorulmaz təşkilatçılıq fəaliyyətinin real nəticələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də muxtar respublikada həyata keçirilən böyük quruculuq proseslərini nümunə kimi dəyərləndirmişdir: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir… Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Əgər bu, varsa, deməli, ­rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.
Reallıq budur ki, bu gün muxtar respublikamızda ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Hərtərəfli biliyə malik gənc nəslin yetişdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə hər cür şərait yaradılıb. Müasir məktəblər, gənclik mərkəzləri, idman zalları və kompleksləri istifadəyə verilib. Vaxtilə yetkinlik yaşına çatmayanlar arasında cinayət hallarının çoxluq təşkil etdiyi muxtar respublikamızda son illər bu qəbildən heç bir cinayət hadisəsi qeydə alınmayıb. Bir zamanlar küçələrdə veyil-veyil gəzən gənclər, yetənə yetən, yetməyənə bir daş atan yetkinlik yaşına çatmayan uşaqlara rast gəlmək artıq mümkün deyil. Bugünkü yeniyetmələr böyük uğurlar qazanan, ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplayan abituriyentlərdir. Artıq naxçıvanlı gənc­lərin sorağı ölkəmizin və dünyanın nüfuzlu təhsil ocaqlarından gəlir. Bu gün onlar beynəlxalq yarışlarda bayrağımızı dalğalandıran, himnimizi səsləndirən qürurverici gənclərə, Naxçıvan şəhəri isə 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtına çevrilib.
Amma keçmişini unudanın gələcəyi olmaz, – deyiblər. Biz də zaman-zaman keçmişə müraciət edib, bu gün əmin-amanlıq, sabitlik, sülh şəraitində yaşayan gənc nəslə, o dövrün çətinliklərindən inkişafa gedən yolun heç də asan olmadığını çatdırmağa çalışırıq. Ona görə ki, dövlətin, millətin gələcəyi olan gənclik keçmişini dərindən öyrənməklə bu gününə qiymət verə, irəliyə inamla addım ata bilsin. Reallıqları yaşamağı, yaşatmağı bacaran əsl vətəndaş olsun.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR