Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü tamam olur.
Qardaş Türkiyə respublika quruluşuna nail olmaq üçün uzun və şərəfli bir yol keçmişdir. 1919-cu ildən başlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfərin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir. 1923-cü il oktyabrın 29-da isə müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər”.
Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.
Qardaş Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da, öz növbəsində, Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir”.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında əlaqələr də müxtəlif sahələrdə uğurla inkişaf etdirilir. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və digər sahələrdə əlaqələrin səviyyəsi məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlərin tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi ikitərəfli münasibətlərin uğurlu inkişafının daha bir göstəricisidir.
Azərbaycan-Türkiyə əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız tarixin ən çətin məqamlarında bir-birinə dəstək olmuş, soykök, milli və ortaq dəyərlər qardaş ölkələr arasındakı əlaqələrin əsasını təşkil etmişdir. Milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən “bir millətin iki dövləti” səviyyəsinə yüksəldilən əlaqələrimiz bu gün ölkələrimizin strateji tərəfdaşlığı şəraitində davam etdirilir”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti