Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda növbəti məşğələsi keçirilib.
Lektoriyanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlət müstəqilliyini ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, uzaqgörən siyasəti nəticəsində qoruyub saxlaya bilmişdir. Milli dövlətçilik quruculuğu prosesi isə ulu öndərin Ali Məclisin Sədri vəzifəsində işlədiyi dövrdə məhz Onun tərəfindən həyata keçirilməyə başlanıb.
Vurğulanıb ki, ulu öndərin layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən çoxsaylı nailiyyətlər ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlərin böyük uğurla həyata keçirildiyini sübut edir.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderin diqqət mərkəzində olan ən əsas məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub. Bildirilib ki, Heydər Əliyev yolu Azərbaycanı firavan gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf dahi şəxsiyyətin dövlətçilik ideologiyasının əsas qayəsidir. Bu siyasət hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla həyata keçirilir.
Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Badəm MƏMMƏDOVA
* * *
Naxçıvan Müəllimlər İnstitutunda 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilən elmi-praktik konfrans keçirilib.
Tədbiri institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Respublikamız həqiqi müstəqilliyinə isə ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra qovuşub. Məhz görkəmli dövlət xadiminin həyata keçirdiyi siyasət ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar edib, onu inkişaf yoluna çıxarıb.
Qeyd olunub ki, bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın.
Diqqətə çatdırılıb ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Muxtariyyətinin son 22 ilini öz tarixinə tərəqqi və dinamik inkişaf dövrü kimi yazan qədim Naxçıvan torpağı da dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə dəyərli töhfələr verməkdədir. Muxtar respublikada bütün sahələr üzrə böyük uğurlar ona görə qazanılır ki, burada ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə, vətənpərvərliklə davam etdirilir. Bu gün Naxçıvanda böyük quruculuq işləri həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutu binasının yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması da aparılan təhsil quruculuğunun tərkib hissəsidir.
Konfransda institutun Humanitar və təsviri incəsənət kafedrasının müəllimi Arzu Abdullayev “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”, İbtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Fatimə Həsənova “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” mövzularında çıxış ediblər.
Sonra Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib, tələbələr vətənpərvərlik mövzusunda Azərbaycan, rus və ingilis dillərində şeirləri bədii qiraət ediblər.
Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin Dövlət Müstəqilliyi Gününə həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi-müsabiqə də olub. Müsabiqədə yer tutan 11 tələbəyə diplom təqdim edilib.
Güntac ŞAHMƏMMƏDLİ
* * *
18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Müstəqilliyin başlanğıcı –18 oktyabr” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov açaraq milli müstəqilliyin dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb.
Bildirilib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.
Sonra Ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “XX əsrin sonlarında SSRİ-nin dağılması fonunda milli azadlıq hərəkatının başlanması və müstəqilliyin əldə olunması”, həmin kafedranın müəllimi Nuray Hacıyevanın “Müstəqilliyin saxlanılmasının çətinlikləri – dövlət çevrilişinə cəhdlər” və universitetin Tarix müəllimliyi ixtisası üzrə I kurs magistrantı Könül Vəliyevanın “Müstəqillikdən keçən 27 il gənclərin gözü ilə” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda vurğulanıb ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Dövlət müstəqilliyimiz isə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev tərəfindən xilas edildi, Azərbaycan müstəqil dövlət kimi hərtərəfli və davamlı inkişaf yoluna çıxarıldı. Sevindirici haldır ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları bu gün daha da möhkəmlənir. Xalqla dövlət birliyi nəticəsində inkişaf və tərəqqi istiqamətində mühüm nailiyyətlər əldə edilir. Bunu blokadada olmasına baxmayaraq, misligörünməmiş şəkildə inkişaf edən, sosial-iqtisadi, mədəni tərəqqi yolu ilə irəliləyən Naxçıvan Muxtar Respublikasının timsalında da aydın şəkildə görmək olar.
Sonda tədbir iştirakçıları müstəqilliyimizi əks etdirən slayda baxıblar.
Nuray ƏSGƏROVA
* * *
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.
Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Niyaməddin Tağıyev çıxış edərək bildirib ki, milli müstəqilliyimizin xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Müdafiə qüdrəti durmadan artan muxtar respublikada yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Hərbi qulluqçularımız ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda böyük qürurla iştirak edərək xalqımıza fəxarət, düşmənlərimizə qorxu hissi yaşatdı.
Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov çıxış ediblər.
Sonra müstəqillik gününə həsr edilmiş videoçarx göstərilib, Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər. Tədbirdə, həmçinin “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri əsgərlər qarşısında çıxış ediblər.
Nəriman NƏCƏFOV