Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında gənclərin əsgərlərlə görüşü təşkil edilib.
18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən görüşün məqsədi gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, onların Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması və əsgərlərdə ruh yüksəkliyinin artırılmasından ibarət olub.
Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının zabiti, kapitan Orxan Seyidov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial-məişət obyektləri inşa edilib, hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilib. Bu gün şəxsi heyətin geyimi, qidalanması, yaşayış və məişət şəraiti diqqət mərkəzində saxlanılır. Bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir.
Sonra gənclərin silah-sursat və texnikaya baxışı olub. Onlar briqadanın ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, təlim-tədris mərkəzi, klub, idman zalı və kitabxana ilə də tanış olublar.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konserti, eyni zamanda gənclərin səsləndirdikləri şeirlər alqışlarla qarşılanıb.
Sonda gənclər əsgər yeməkxanası ilə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.
Qeyd edək ki, görüşdən öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində qeydiyyat aparılıb və məhz qeydiyyatdan keçən həmin gənclər tədbirdə iştirak ediblər.
Ceyhun MƏMMƏDOV