Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar dünyanın müxtəlif xəbər agentliklərində, qəzet və jurnallarında maraqlı yazılar dərc olunur. Bu günlərdə Tacikistanın nüfuzlu avesta.tj informasiya saytında da Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı məqalə yerləşdirilib. Həmin məqaləni təqdim edirik.
2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında qəbul edilən qərara əsasən Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi tarixi bir hadisədir.
Bu il Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış mərasimi keçirilmişdir. Yaxın və Orta Şərqin görkəmli şəhərlərindən biri olan Naxçıvan öz böyük keçmişi dövründə İslam mədəniyyətinin əsrlərboyu əldə etdiyi nailiyyətlərin layiqli mühafizəsi və inkişafında xüsusi rol oynamışdır. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, mədəniyyət nazirləri və yeddi xarici ölkənin, o cümlədən Tacikistanın nümayəndələri iştirak etmişlər.
Mədəni proqram çərçivəsində iştirakçılar Azərbaycanın çətin illərində respublikaya rəhbərlik etmiş, ölkənin ictimai-siyasi həyatını sabitləşdirmək və hərtərəfli inkişaf etdirmək üçün böyük səylər göstərmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onun Vətəni olan Naxçıvanda yerləşən abidəsi önündə xatirəsini yad etmişlər.
Keçmişdə olduğu kimi, hazırda da özünə diqqətçəkən Naxçıvan, əzəli Azərbaycan torpağı olmaqla, Avrasiyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Əsrlərboyu bir çox dövlətin maraqları Naxçıvan ərazisində kəsişmişdir. Zəngin tarixi mədəniyyətin mövcudluğu hələ də alimləri, tarixçiləri, mədəniyyət xadimlərini və təbii ki, siyasətçiləri maraqlandırmaqdadır. Mütəxəssislər “Naxçıvan” sözünün mənşəyini müxtəlif cür izah edirlər. Xalq etimologiyası və tarixi mənbələrə görə, “Naxçıvan”, “Dünyanın naxışları” və “Dünyanın bəzəyi” mənasını verən “Nəqşicahan” sözündən əmələ gəlmişdir. Naxçıvan əhalisi arasında geniş yayılmış əfsanəyə görə, “Naxçıvan” toponimi Dünya Tufanından xilas olmuş Nuh Peyğəmbərlə bağlıdır. Əfsanəyə görə, “Nuxçıvan” Nuhun tərəfdaşlarının yaşayış məskəni, Nuhun diyarıdır.
Beşminillik şəhər mədəniyyətinə sahib olan Naxçıvan, tarixən təktanrıçılıq mərkəzlərindən biri olmuşdur. İslamdan əvvəl də burada yaşayan Azərbaycan türkləri dini, adət-ənənələri və mənəvi dəyərləri baxımından İslama yaxın olmuşlar. Buna görə də yerli əhali 653-cü ildə könüllü şəkildə İslamı qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir – mənəvi təmizlik və ədalətə çağırışdır. İslam təhsili, elmi və mədəniyyəti, dünya sivilizasiyasının formalaşması və inkişafında böyük rola malikdir.
Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və başqa abidələr bu torpaqlarda yaradılmış böyük türk-islam mədəniyyətinin dövrümüzə gəlib çatan nadir nümunələridir. Bütün bunlar İslam mədəniyyətinin güclü dövlətçilik, sülh və əmin-amanlığın olduğu böyük yaradıcı gücə malik yerlərdə inkişaf etdiyinin bariz nümunəsidir. Türk-islam mədəniyyəti Naxçıvanda XII əsrdə – Azərbaycan Atabəylər dövləti zamanı intibah dövrünə çatmışdır. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkroğlu Naxçıvaninin sənəti, nəinki Azərbaycan, eləcə də yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin təməlini qoymuşdur.
Orta əsrlərdə Naxçıvan İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdir. XV əsrdə tərtib edilmiş “Dünya İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd olunmuş və “Naxçıvan – İslamın ən qüdrətli istehkamlarından biri” kimi yazılmışdır. XVIII əsrdə, Naxçıvan xanlığının dövründə bu torpaqlarda İslam dəyərləri qorunub saxlanılmış, tarixi-mədəni irs inkişaf etdirilmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında yeni yanaşmanın – İslam dəyərlərinə elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyət abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən proqram iştirakçı ölkələrin birgə əlaqələndirilməsi çərçivəsində icra olunmuş və ən vacib mədəni layihələrin, sivilizasiyaların və ümumbəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirmişdir.
Paytaxtların seçilməsi dini fəlsəfə çərçivəsində həyata keçirilir. Burada konkret meyarlar var. Seçilmiş paytaxt zəngin tarixə malik olmalı, İslam mədəniyyəti və ümumbəşəri dəyərlərə öz töhfəsini verməlidir.
Müasir dövrdə bəşəriyyətin fərdi çağırışlarla üz-üzə qaldığı bir vaxtda, mədəniyyət və bəşəriyyətlə bağlı olan xüsusi proqramlar həyata keçirilir. Bu proqramlar, həmçinin insanlara din vasitəsilə tarixi yaddaşın qaytarılmasına yönəldilmişdir. Yəni bu, keçmişi və bu günü bağlamağa bir cəhddir. Məqsəd cəmiyyətdə xüsusi mexanizmlər vasitəsilə yaradıcılıq, elm və digər sahələrə töhfə verməkdir. İslam tarixinin bir hissəsi olan Naxçıvan İslamı olduğu kimi təbliğ etməklə ona böyük töhfə verir.
Naxçıvan Muxtar Respublikasının rəhbəri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi təşəbbüsünə görə minnətdardır. İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev demişdir: “İslam – sülh, qardaşlıq və əməkdaşlıq dinidir... Tarix boyu bu Azərbaycanda praktik şəkildə əksini tapmışdır”.
Prezident İlham Əliyev dini-mədəni dəyərlərin inkişafına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini göstərir. Azərbaycanda hökm sürən dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər digər dövlətlər üçün nümunədir. Azərbaycan Prezidenti bu qərarı sivilizasiyalararası dialoqa mühüm töhfə vermiş qədim Azərbaycan diyarının zəngin mədəni-mənəvi irsinin dünyada yüksək qiymətləndirilməsinin təzahürü ilə əlaqələndirmişdir.
Naxçıvan bu coğrafi ərazidə ən müqəddəs torpaqdır, onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyanın beşiklərindən biri olduğunu sübut edir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri olan Naxçıvan öz böyük keçmişi ərzində çoxəsrlik nailiyyətlərin layiqincə qorunub saxlanılması və inkişafında mühüm rol oynamışdır. Bu torpaqda Naxçıvanın qədim tarixindən xəbər verən 60-ı dünya əhəmiyyətli olmaqla, 1200-dən artıq tarixi abidə vardır. Naxçıvan şəhəri yaxınlığında xalq arasında “Əshabi-Kəhf” adı ilə tanınan böyük mağara mövcuddur. Naxçıvanın tarixi bu məşhur şəhəri Yaxın Şərqin ən qədim mərkəzlərindən birinə çevirən minillikləri özündə birləşdirir. Naxçıvan şəhəri 5,5 min kvadratkilometr əraziyə və 450 mindən artıq əhaliyə malik olan Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Muxtar respublika Türkiyə Respublikası, İran İslam Respublikası və Ermənistan Respublikası ilə həmsərhəddir.
Naxçıvan Azərbaycan Atabəylər dövləti (XII əsr), Naxçıvan xanlığı (XVIII-XIX əsrlər) və Araz-Türk Respublikası (XX əsrin əvvəli) kimi müxtəlif dövlətlərin və sülalələrin paytaxtı olmuşdur.
Naxçıvan türk-islam mədəniyyətinin qədim və orta əsr nümunələri və tarixi abidələri, qədim yaşayış məskənləri, şəhərlər, möhtəşəm qalalar, təbiət abidələri və məzarüstü abidələrlə zəngindir. Naxçıvanda 60-ı dünya, 496-sı isə ümummilli əhəmiyyət daşıyan 1200-dən çox tarixi abidə qeydiyyata alınmışdır.
Naxçıvan hər zaman milli, insani və dini dəyərləri qoruyub, İslam mədəniyyətində çoxsaylı uğurlar qazanıb, tarixi abidələrinin, qeyri-maddi irsinin və mədəniyyətinin bərpasına, qorunmasına və təbliğinə xüsusi diqqət yetirib. Naxçıvan bütün xalqların ənənələrinin müxtəlifliyini özündə birləşdirən Azərbaycan dövlətçiliyinin tarixi və mədəni inkişafına fəal şəkildə kömək edir.