Naxçıvan Muxtar Respublikasında səfərdə olan Asiya İnkişaf Bankının nümayəndələri oktyabrın 23-də muxtar respublikanın tarixi abidələri, müxtəlif profilli müəssisələri ilə tanış olublar.
Naxçıvan Biznes Mərkəzində qonaqlara bildirilib ki, burada muxtar respublikanın istehsal və xidmət müəssisələri tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsində bu gün muxtar respublikada 382 növdə məhsul istehsal edilir. Onların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Asiya İnkişaf Bankının nümayəndələri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinə baxıblar. Məlumat verilib ki, bu qurğu Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin etməyə imkan verir. Təmizləmə prosesində ozon və duzdan istifadə olunması suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Burada tətbiq olunan nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq sudakı zərərli mikrobları tutub saxlayır. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlorla zərərsizləşdirilməsinə ehtiyac qalmır.
Təmizləyici Qurğular Kompleksində qonaqların diqqətinə çatdırılıb ki, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir.
Kompleksin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membrantipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir.
Səfər çərçivəsində Asiya İnkişaf Bankının nümayəndələri qədim diyarın bir sıra tarixi-mədəni abidələrini, mədəniyyət və səhiyyə ocaqlarını da ziyarət ediblər. Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndələrə məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq qonaqlarda böyük maraq yaradıb. Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, burada Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi nümayiş olunur.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qonaqlara eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında ətraflı məlumat verilib.
Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edən nümayəndələrə bildirilib ki, təxminən, 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin mindikləri gəmi ilk dəfə Naxçıvanda quruya çıxıb, onlar burada məskən salıblar. Zaman-zaman dağıntılara məruz qalan məzarüstü türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2006-ci il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamına əsasən bərpa edilib.
Qonaqlar səfər təəssüratlarını bizimlə bölüşdülər.
Vençay Janq – Asiya İnkişaf Bankının vitse-prezidenti: – Mən Azərbaycanın digər yerlərində olsam da, Naxçıvana ilk dəfədir ki, gəlirəm. Səfərim birgünlük, təəssüratlarım isə kifayət qədərdir. İlk olaraq burada çox qonaqpərvərliklə qarşılanmağım mənim üçün yaddaqalan oldu. Naxçıvan inkişaf edən bir diyardır. Buranın iqtisadiyyatı ilə tanışlıq nəticəsində beynəlxalq bank-kredit təşkilatları üçün daha cazibədar olduğunu gördüm. Görməli yerlər məndə Azərbaycanın bu qədim diyarı haqda gözlədiyimdən artıq təəssürat yaratdı. Hər yer çox gözəldir. Mənimlə gələn həmkarlarım da bu fikirdədirlər.
Asiya İnkişaf Bankı ilə Azərbaycan Hökuməti arasındakı əməkdaşlığa gəldikdə 2006-cı idən biz “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinə dəstək veririk. Layihənin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası hökuməti və layihənin icra qrupu arasında çox sıx əməkdaşlıq olub. Nəticədə, bütün işlər nəzərdə tutulmuş vaxtda və ayrılmış büdcə çərçivəsində həyata keçirilib.
Ümumilikdə, bu layihə bizim üçün çox müsbət bir təcrübə oldu. Onun həyata keçirilməsində biz yerli icra orqanları ilə çox sıx əməkdaşlıq nümunəsi gördük. Onu deyə bilərəm ki, suyun təmizlənməsi üçün ən son nanotexnologiya tətbiq olundu. İnsan sağlamlığı üçün çox qabaqcıl üsulun tətbiqi layihənin digər buna bənzər layihələrdən üstünlüyünü göstərir. Buna görə də Asiya İnkişaf Bankı olaraq bu layihədən qazandığımız təcrübəni digər yerlərdə də tətbiq etməyə və daha çox insanı ekoloji təmiz su ilə təmin etməyə maraqlıyıq.
Göstərilən qonaqpərvərliyə və dəstəyə görə bir daha minnətdarlıq edirəm. Mən burada olarkən Azərbaycanda təmiz su ilə bağlı geniş yayılmış bir deyimi də eşitdim. Düşünürəm ki, bir-birinizə “Ömrünüz su kimi uzun olsun” deməklə ən xoş arzularınızı çatdırırsınız. Bu gözəl kəlam mənim də çox xoşuma gəldi və onu tədbir iştirakçılarına Azərbaycan dilində deməyə çalışdım. Təmiz suyun da burada yaşayan insanların həyatına rifah gətirəcəyinə inanıram.
Nariman Mannapbekov – Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri: – Asiya İnkişaf Bankının vitse-prezidentinin Azərbaycana səfərinin məqsədi 2019-2023-cü illər üzrə Ölkə Tərəfdaşlığı Strategiyasının müzakirə edilməsidir. Hesab edirəm ki, 2014-2018-ci illəri əhatə edən əməkdaşlıq strategiyası uğurla nəticələnib. Biz artıq növbəti beşillik üzrə Ölkə Tərəfdaşlığı Strategiyasının hazırlanmasını, demək olar ki, başa çatdırmışıq. Gələn ilin əvvəlinə hökumətin dəstəyindən sonra biz bu sənədin Asiya İnkişaf Bankının Direktorlar Şurasının müzakirəsinə təqdim edəcəyik.
Biz hazırda Azərbaycanda bir neçə mümkün maliyyələşmə istiqamətləri üzrə işlər aparırıq. Bunlardan birincisi dövlət investisiya proqramlarına daxil ediləcək yüksəktexnologiyalı və innovasiyalı layihələrin seçilməsidir. İkinci istiqamət 2-3 il və daha çox müddətə kiçik və orta biznesin manatla maliyyələşdirilməsidir. Üçüncü istiqamət Dövlət Özəl Tərəfdaşlığının inkişafı, dördüncü istiqamət isə dövlət müəssisələrinin effektivliyinin artırılması üzrə əməkdaşlıqdır.
Naxçıvandan çox xoş və zəngin təəssüratlarla ayrılırıq. Doğrudan da fərqli təbiəti, tarixi qədimliyi ilə seçilən bir diyarda yaşayırsınız. İnsanların rifah halının yaxşılaşdırılmasına göstərilən qayğı isə hər addımda hiss olunur. Azərbaycanla əməkdaşlıq çərçivəsində muxtar respublika ilə də əlaqələrimizin daha da genişlənəcəyinə inanıram.
Xəbərlər şöbəsi