24 Dekabr 2024, Çərşənbə axşamı

Yaşıl rəngdən sarıya incə keçidin nümunəsi olan payız fəsli özü ilə həm də çiskin, yağış və qismən soyuq hava gətirib. Artıq ikinci ayını yaşadığımız bu fəsildə insanların qarşıdan gələn qışa hazırlıq, tədarük işləri də sürətlənib. Şəhərimizin sakinləri illər öncə qış fəsli yaxınlaşan zaman narahatlıq keçirir, soyuqdan necə qorunmağın yollarını axtarırdılarsa, artıq həmin xoşagəlməz hallara son qoyulub. Daha qışın boranı-çovğunu, şaxtası-qarı sakinləri qətiyyən qorxutmur, həyatın ecazkar ritmi bu fəsildə də özünəməxsus ahəngi ilə davam edir. Çünki dövlətimizin insan amilinə verdiyi böyük önəm nəticəsində payız-qış mövsümünə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilir, sakinlərin qış aylarında rahat yaşayışı təmin olunur.

 

Artıq bir neçə aydır ki, aidiyyəti təşkilatlar 2018-2019-cu illərin payız­-qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqlara uyğun olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışırlar. Bu işlər sırasında Naxçıvan şəhər sakinlərinin dayanıqlı elektrik enerjisi ilə təminatı da diqqət mərkəzindədir. Qarşıda duran vəzifələrin icrası çərçivəsində qış mövsümünü mütəşəkkil başa çatdırmaq üçün elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarım­stansiyalarında qrafikə uyğun əsaslı və cari təmir işləri aparılır.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının ödənilməsi, eləcə də digər infra­struktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə xüsusi diqqət yetirilir, lazımi mal-material ehtiyatı yaradılır.
Məlumatda o da bildirilir ki, ötən müddətdə mövsümə hazırlıqla əlaqədar mövcud transformator və yarım­stansiyalar texniki baxışdan keçirilib, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıq və xətləri yenilənib. Şəhərin bütün ərazilərində 10 və 0,4 kilovoltluq elektrik hava xətlərində cari və əsaslı təmir işləri aparılıb, qəzalı vəziyyətdə olan elektrik hava xətlərinin dirəkləri təmir-bərpa olunub. Qazanxanaların elektrik qidalandırıcı xətlərinə baxışlar keçirilib, baş verə biləcək qəza halları zamanı enerji təchizatını təmin etmək üçün 50, 100, 150 kilovat gücündə üç generator saz vəziyyətə gətirilib. Yaşayış binalarına baxışlar keçirilib, üstüaçıq kabel və naqillərin izolyasiyası başa çatdırılıb.
İlin bütün fəsillərində əhalinin rahatlığına xidmət edən mavi yanacağa, xüsusilə payız-qış aylarında böyük tələbat yaranır. Təbii ki, qazın verilişi artdıqca xətlərdə də müəyyən nasazlıqlar ortaya çıxır. Məhz bunun nəticəsidir ki, hər il payız fəsli yurdumuza qədəm qoyanda yolboyu qaz xətlərini xüsusi diqqətlə yoxlayan əməkdaşlarla qarşılaşırıq. Onlar sakinlərin sağlam yaşayışı naminə əllərindən gələni əsirgəmir, yarana biləcək nasazlıqlara qarşı qabaqlayıcı tədbirlər görürlər. Artıq bir neçə aydır ki, mövsümdə abonentlərin dayanıqlı mavi yanacaqla təmin olunması, təbii qazın fasiləsiz nəql edilməsi üçün müvafiq tədbirlər görülür, mövcud xətlərdə təmir-bərpa işləri aparılır, yeni qaz xətləri çəkilir.
Naxçıvan Şəhər Qaz İstismarı İdarəsindən aldığımız məlumata görə, mövsümə hazırlıqla bağlı istismarda olan yeraltı, həmçinin yerüstü daşıyıcı və paylayıcı qaz kəmərlərinə və onların üzərində olan siyirtmələrə, kranlara və qaztənzimləyici qurğulara, şkaflara texniki baxış keçirilib, ortaya çıxan nöqsanlar aradan qaldırılıb. Görülən tədbirlər çərçivəsində 28 kran yenisi ilə əvəz edilib, 91 qaz sızması aradan qaldırılıb. Qazın təsdiq edilmiş texnoloji rejimlə nəql edilməsi mövsümə uyğun olaraq nizamlanıb. Həmçinin Naxçıvan şəhər şəbəkədaxili qaz kəmərləri üzərində olan 112 quyunun siyirtmə və kranları yoxlanılıb, aşkar olunmuş qaz sızması dərhal aradan qaldırılıb, 108 quyu çöküntüdən təmizlənib.
Məlumatda qeyd olunur ki, Naxçıvan şəhər ərazisindəki mövcud obyektlərin, yaşayış və fərdi mənzillərin girişində quraşdırılmış sərfölçən cihazların təftişi həyata keçirilib, qaz sərfinin gündəlik tərtibi qrafikə əsasən aparılıb, cihazlar mövsümə uyğun tənzimlənib. Mərkəzləşdirilmiş və fərdi qazanxanalarda qaz tənzimləyicilərinə texniki baxış keçirilib, 32 nizamlayıcı təmir olunub. Mövsümə hazırlıqla əlaqədar təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı əhali arasında, müəssisələrdə maarifləndirmə işləri görülüb. Həmçinin qaz təhlükəli tədbirlərin görüldüyü vaxt texniki təhlükəsizlik qaydalarına əməl olunması üçün işçilər arasında söhbətlər aparılır. Eyni zamanda qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə 11 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kurslara cəlb olunub.
Xatırladaq ki, son illərdə doğma şəhərimizdə yeni yaşayış binalarının tikilməsi, mövcud tikililərin təmir-bərpası sakinlərin rahat yaşayışına, sosial rifahının yüksəlməsinə xidmət edir. Eyni zamanda kommunikasiya sistemlərində müasir infrastruktur əhalinin ilin bütün fəsillərində, xüsusilə də qış aylarında keyfiyyətli və dayanıqlı elektrik enerjisi, mavi yanacaqla təminatına şərait yaradır. Bununla yanaşı, xətlərdə baş verə biləcək qəza hallarının vaxtında və digər sahələrə ziyan vurmadan aradan qaldırılmasına imkan verir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR