Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Gənclərinin VIII Forumu keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq xatirə fotosu çəkdirib və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan edib. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumu keçirilib. Bu forumda gənclər təşkilatlarının və gənclərimizin qarşısında mühüm vəzifələr qoyulub, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində ciddi tədbirlərin görülməsi aid dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilib.
Qeyd olunub ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir. Bu gün muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması muxtar rsepublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevirilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu 14-29 yaşda gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə 200-dən çox ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 26 Uşaq Musiqi Məktəbi əsaslı təmir olunaraq və ya yenidən quruluraq istifadəyə verilmişdir.
Azad Cabbarov bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır, bununla bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. Bu gün gənclərimizin bütün sahələrdə uğur qazanması onu göstərir ki, onlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Nazir Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi, eyni zamanda İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən bir sıra ölkə və beynəlxalq səviyyəli tədbirlərdə də gənclərin vətənpərvərlik tərbiyəsinin təbliğinin, onların yaradıcılıq potensialının üzə çıxarılması və intellektual səviyyəsinin yüksəldilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Diqqətə çatdırlıb ki, son illər muxtar respublikada idmanın kütləviliyi diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir ki, hazırda yaradılan şəraitdən və idman qurğularından istifadə edən gənc və yeniyetmələrin sayı 40 minə yaxındır. Bu ilin 9 ayı ərzində muxtar respublika idmançıları ölkə birinciliklərində 84, beynəlxalq turnirlərdə 83, dünya çempionatlarında 2, Avropa çempionatlarında 3 olmaqla, 172 medal qazanıblar. Bu gün gənclərin sosial şəbəkələrdə fəallığı da artıb. “Naxçıvan həqiqətləri”, “Naxçıvan gəncləri”, “Naxçıvan xəbərləri” və “Xaricdə təhsil alan naxçıvanlı gənclər” sosial şəbəkə qruplarında gənclər Azərbaycan həqiqətlərini dünya ictimayətinə çatdırır, muxtar respublikanın turizm potensialını tanıdır.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilir. Ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili"nin qeyd edilməsi dövründə Azərbaycan Gənclərinin növbəti Forumunun keçirilməsinin rəmzi mənası var. Təsadüfi deyil ki, Forum "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyidir" şüarı ilə keçirilir. Yaşadığımız dövrdə gənclərin təhsili, fiziki və mənəvi sağlamlığı, ictimai fəallığı, könüllülük fəaliyyəti, dil bilikləri, peşəsi, sosial-iqtisadi vəziyyəti insan kapitalını artıran amillərdəndir. Bunun üçün nazirlik və onun yerlərdəki idarələri gənclərin insan potensialının artırılması üçün çoxsaylı və müxtəlif layihələr həyata keçirir. Gənclərlə işin müasir və daha faydalı formalarını axtarır. Bütövlükdə bu günkü gənclər müstəqillik dövründə formalaşıb və həyat göstərir ki, Azərbaycan gəncləri düzgün tərbiyə edilir və onlar layiqli vətəndaşdırlar. Oktyabrda keçirilən bir sıra tədbirlərdə gənclərin müxtəlif problemləri, ölkənin inkişafında onların rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və “Strateji Yol Xəritələri”nin icrasında iştirakı geniş müzakirə edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ərəfəsində təkcə rayon idarələri tərəfindən 450 tədbir keçirilib.
Diqqətə çatdırılıb ki, gənclərin hərbi-vətənpərvərlik ruhunun artırılması sahəsində bütün ölkəni əhatə edən, ən kütləvi layihə olan "Şahin" hərbi-idman oyunlarında Naxçıvan komandası hər il fəal iştirak edir. Naxçıvan şəhərinin 2018-ci¬ il üçün Gənclər Paytaxtı seçilməsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illk yubileylərinə həsr olunmuş “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının finalı Naxçıvanda keçirilib.
Sonra konfransda Naxçıvan Muxtar Respubikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fuad Babayevin, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovun, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin, BMT-nin rezident əlaqələndiricisi Məzahir Əliyevin, Azərbaycan Respublikasınının Gənclər Fondunun icraçı direktoru Fuad Cəfərovun çıxışları dinlənilib.
Sonra Bakıda keçiriləcək Azərbaycan Gənclərinin VIII Forumunda iştirak edəcək nümayəndələr seçilib və konfransın qərarı oxunub.
Forumun rəsmi hissəsindən sonra Naxçıvan Dövlət Filarmonyasının kollektivi konsert proqramı ilə çıxış edib.
“Şərq qapısı”