Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən dövrdə də davam etdirilmişdir.
Yanvar-sentyabr ayları ərzində xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 231 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə, ötən müddətdə Dövlət Miqrasiya Xidmətinə 8282 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir. Ötən 9 ayda olduğu yer üzrə qeydiyyatla bağlı 7447 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 3008-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti