Oktyabrın 23-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan şəhərinin “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin yekununa həsr olunmuş təqdimat mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev çıxış edərək bildirib ki, təqdimatı olan bu çoxtranşlı kredit sazişi 2008-ci ildə bağlanılıb. Layihə Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində uğurla həyata keçirilib, şəhərdə müasir içməli su və kanalizasiya şəbəkəsi qurulub. Bu gün Naxçıvan şəhərində əhali 24 saat davamlı, keyfiyyətli və təmiz içməli su ilə təmin olunur.
Ayrılmış vəsaitin səmərəli istifadəsi nəticəsində qənaət edilən vəsait hesabına Şıxmahmud, Xəlilli və Şəkərabad kəndlərində ən müasir texnologiyalardan ibarət su təchizatı və kanalizasiya sistemləri yaradılıb. Nəticədə, həmin kəndlərdə 53,7 kilometr su, 49,6 kilometr kanalizasiya xətti çəkilib, 1679 ev birləşməsi aparılıb, 10 min sakin içməli su ilə təmin edilib, evlər kanalizasiya şəbəkəsinə qoşulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov çıxışında bildirib ki, layihə çərçivəsində əvvəlcə üç mərtəbədən ibarət ofis binası və digər yardımçı binalar tikilib, 18 müxtəlif təyinatlı maşın-mexanizmlər alınaraq Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinə verilib. Bundan sonra Naxçıvançay yatağında məhsuldarlığı orta hesabla saniyədə 472 litr olan kaptaj tikilərək kaptajdan təmizləyici qurğuya qədər 6,4 kilometr özüaxınlı şüşə lifli magistral boru xətti çəkilib. İstifadəyə verilmiş Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleks haqqında ətraflı məlumat verən komitə sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində Naxçıvan şəhəri və şəhərin inzibati ərazisinə aid kəndlər də daxil olmaqla, diametri 63 millimetrdən 710 millimetrədək olan borularla 296,4 kilometr şəhərdaxili su, diametri 200 millimetrdən 1000 millimetrədək borularla 282,9 kilometr kanalizasiya şəbəkələri çəkilib, 24 min 195 evə su verilərək sayğac quraşdırılıb, 125 min sakin fasiləsiz keyfiyyətli içməli su ilə təmin edilib, bütün ev və mənzillər kanalizasiya şəbəkəsinə qoşulub.
Qeyd olunub ki, ümumilikdə, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin həyata keçirilməsi nəticəsində 350 kilometr içməli su və 332 kilometr kanalizasiya şəbəkələri çəkilib, 25 min 874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb, 135 min sakin Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə fasiləsiz olaraq təmin edilib.
Vurğulanıb ki, Naxçıvan şəhərində kanalizasiya sistemləri yenidən qurularkən əsas diqqət yetirilən məsələlərdən biri də çirkab suların təmizlənərək suvarma suyu kimi istifadə olunmasına şərait yaradılmasıdır. Bu baxımdan layihə çərçivəsində Araz çayının kənarında Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi tikilib. Tikinti işləri aparılarkən muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verəcəkdir.
Sonra çıxış edən Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq bildirib ki, o, Azərbaycanın digər yerlərində olsa da, Naxçıvana ilk dəfədir, gəlir. Asiya İnkişaf Bankı ilə Azərbaycan Hökuməti arasındakı əməkdaşlıq tarixinin mühüm hadisəsi olan və 135 min insanın həyatında yeni keyfiyyət dəyişikliyi yaradan belə bir əhəmiyyətli layihənin yekun tədbirində iştirak etməkdən məmnunluğunu bildirən Vençay Janq vurğulayıb ki, Asiya İnkişaf Bankının yürütdüyü “Hamı üçün su” siyasəti universal dayanıqlı inkişafı dəstəkləməkdədir.
Bildirilib ki, 2001-ci ildən Asiya İnkişaf Bankının diqqət mərkəzində olan içməli su və kanalizasiya sistemləri layihələrinə Azərbaycanda ilk dəfə olaraq Naxçıvan şəhərində başlanılıb. Muxtar respublika paytaxtında evlərə verilən içməli suyun keyfiyyətinin çox yüksək olduğunu vurğulayan qonaq bu uğurlu layihənin başa çatmasında dəstəyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib, icraçı şirkətlərə qrafikə uyğun olaraq işləri tam və vaxtında yerinə yetirdiklərinə görə təşəkkür edib. O qeyd edib ki, Asiya İnkişaf Bankı bu layihədən əldə etdiyi müsbət təcrübənin digər yerlərdə də tətbiqinə və daha çox insanı ekoloji təmiz su ilə təmin etməyə maraqlıdır. Daha sonra layihənin reallaşdırılmasında iştirak edən “Biowork” şirkətinin baş icraçı direktoru Peter Kroner və “Aquamatch” şirkətinin icraçı direktoru İlker Akbaş çıxış edərək Naxçıvan Muxtar Respublikasında belə bir uğurlu layihənin iştirakçısı olduqlarına görə məmnuniyyətlərini ifadə ediblər.
Tədbirin sonunda lahiyənin reallaşdırılmasını əks etdirən film nümayiş olunub.
Əli CABBAROV