Muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən hərbi qulluqçuların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar sərhəd bölgəsində xidmət edən əsgər və zabitlər lazımi sosial-məişət şəraiti ilə təmin olunurlar. Hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələrinə mənzillər verilir. Hərbçi ailələrinin rahat yaşayışı, problemlərinin həlli isə imkan verir ki, onlar nümunəvi hərbi xidmət göstərsinlər.
Ucqar dağ kəndlərində hərbçilər üçün tikilən yeni evlər, burada yaradılan hərtərəfli şərait onların düşmənin biraddımlığında ailələri ilə birgə yaşamalarına imkan verir.
Bu günlərdə Sədərək rayonunda yerləşən “N” hərbi hissənin şəhərçiyində yaşayan hərbçi ailələri ilə görüşüb onların həyat şəraiti ilə tanış olmaq qərarına gəldik. Bu məqsədlə həmin ünvana yollandıq. Goranboy rayonunun Faxralı kəndindən olan Jalə Yəhyazadə ilə həmsöhbət olduq. O dedi:
– Hərbçi ailəsi olmaq... Bu ifadə başqaları üçün sadə səslənsə də, mənim üçün bir o qədər məsuliyyət deməkdir. Çünki bu çətin, çətin olduğu qədər də şərəfli yolun yolçularından biri də mənəm. Bu məsuliyyətli adı 5 ildir, daşıyıram. Bu gün mənim kimi yüzlərlə qadın var ki, onlar sərhəd bölgəsində də öz həyat yoldaşlarının arxasında dayanıb, onların bu çətin peşələrinin ağırlığını bir az da olsa, yüngülləşdirməyə çalışırlar. İki övladım var, burada bizim yaxşı yaşamağımız üçün hər cür şərait yaradılıb. Məktəbimiz də, uşaq bağçası da müasir səviyyədə qurulub.
Jalə xanım onu da deyir ki, onlar Naxçıvanın müxtəlif bölgələrində olublar. Həmin bölgələrdə də ailələrinin mənzil-məişət şəraiti çox yaxşı idi. Harada olursan ol, istər şəhər mərkəzində, istər sərhəd bölgəsində insan yenə eyni həyəcanı keçirir. Həyat yoldaşım bəzən saatlarla, bəzənsə günlər və həftələrlə evinə gələ bilməsə də, biz evimizdə gecələr rahat yatırıq. Çünki bilirik ki, sərhədlərimiz etibarlı şəkildə qorunur. Sədərək rayonunda istər təhsil, istərsə də səhiyyə müasir formada qurulub və bütün bunlar bizim sakit və firavan yaşamağımıza şərait yaradır. Bu bölgənin sakinləri o qədər səmimi və mehribandırlar ki, mən özümü doğma kəndimdəki kimi hiss edirəm. Sədərək mənim üçün o qədər əzizdir ki, sanki burada doğulub, böyümüşəm.
Sumqayıt şəhər sakini Arzu Əhmədova isə 2 ildir ki, ailə qurub, bir övladı var. Onlar Culfa rayonundan sonra xidməti zərurətlə əlaqədar Sədərəyə köçürülüblər. Burada ikiotaqlı xidməti mənzillə təmin olunublar. Onun dedikləri:
– Vətəni qoruyan, sadiq, inamlı, hərbçi yoldaşı olmağı seçən qadın daim fövqəladə vəziyyətlərə hazır olmalıdır. Əlbəttə ki, bu, vətənpərvərlik, həm də dözüm və səbir tələb edir. Gecəli-gündüzlü Vətənin keşiyində ayıq-sayıq dayanan bir zabitin ömür-gün yoldaşı olmaq çətin də olsa, çox şərəflidir. Biz öz həyətimizdən düşmən postlarını görürük, onlar çox yaxındadır. Amma heç vaxt qorxmuruq, çünki bizim qüdrətli ordumuz var, əsgərlərimiz Vətənimizi inamla qoruyurlar.
Arzu xanım onu da vurğulayır ki, ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilməklə yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti də yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissi ilə bərabər, əminlik yaradır. Tarixboyu alınmaz qala olan Naxçıvanın etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordu düşmənin qorxulu kabusuna çevrilib. Azərbaycan Ordusu öz gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərir. Mən və mənim kimi hərbçi ailələri, övladlarımız bundan böyük qürur duyuruq.
Gördüklərim bir daha onu deməyə əsas verir ki, muxtar respublikamızda zabit ailələrinin rahat yaşaması, hərbçilərimizin xidmətlərinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Hər bir hərbçi ailəsi dövlətin qayğısını öz üzərində hiss edir. Ermənilərlə sərhəddə, düşmənə gözdağı olan bu yaşayış məntəqəsinin bütün sakinləri kimi, zabit və gizir ailələri də həyata nikbin baxırlar. Çünki bizim güclü ordumuz, insan amilini başlıca meyar götürən qüdrətli dövlətimiz, Vətənə sonsuz sevgimiz var.
Ramiyyə ƏKBƏROVA