Sual: Nikahın bağlanma qaydası və şərtləri qanunvericiliklə necə müəyyən olunur?
Cavab: Nikah ailə hüquq münasibətlərini yaradır və o, qanunla müəyyən olunmuş qaydada kişi və qadının ailə qurmaq üçün bağlanan azad və könüllü ittifaqıdır. Hüquqi dövlətdə bütün hüquqlar kimi bu hüquq da dövlət tərəfindən tanınır və qorunur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Konstitusiyanın 34-cü maddəsində qeyd olunur ki, nikah könüllü razılıq əsasında bağlanır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Ailə qanunvericiliyində nikahın bağlanması üçün bir sıra qaydalar və şərtlər nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 9-cu maddəsində qeyd olunur ki, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətdə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Ər və arvadın hüquq və vəzifələri nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ailə Məcəlləsinin 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Nikahın qeydiyyatı nikaha daxil olan şəxslərin iştirakı ilə həyata keçirilir.Tərəflərə nikahın bağlanmasını təsdiq edən şəhadətnamə verilir.
İradə Quliyeva
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Təşkilat-nəzarət şöbəsinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi