Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublikada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və digər sahələrin inkişafı stimullaşdırılır, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda ailə-fermer təsərrüfatlarına yeni innovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. Bunun nəticəsidir ki, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin və herbisidlərin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara güclü stimul verib.
Nazir qeyd edib ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 2019-cu ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Bu işlərin mütəşəkkil və optimal müddətdə təşkili üçün nazirliyin Texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilib, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilib. Hazırda muxtar respublikada 1957-si yeni olmaqla, ümumilikdə, 3167 kənd təsərrüfatı texnikası mövcuddur ki, ondan da 138-i “Naxçıvan Aqrolizinq”Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında, qalan 3029-u isə sahibkarların xüsusi mülkiyyətindədir. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 934 təkərli, 103 tırtıllı, 105 taxılsəpən, 409 kotan, 55 çizel və şırımaçan, 38 toxumtəmizləyən, 306 lafet saz vəziyyətə gətirilib.
Diqqətə çatdırılıb ki, payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikaya 6000-6500 ton toxum tələb olunur. Tələb olunan toxum, əsasən, torpaq mülkiyyətçilərinin özlərində və toxumçuluq təsərrüfatlarında mövcuddur. Hazırda muxtar respublikada fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatında 422 tondan artıq toxum təmizlənib və bu işlər davam etdirilir. Bundan əlavə, Azərbaycanın digər rayonlarının toxumçuluq təsərrüfatlarından muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun elit və I reproduksiyalı buğda və arpa toxumlarının gətirilməsi nəzərdə tutulur.
Heyvandarlıq təsərrüfatı haqqında məlumat verən kənd təsərrüfatı naziri bildirib ki, iribuynuzlu, xırdabuynuzlu heyvanların, quşların və arıların qışlaması ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən yerlərdə maarifləndirici tədbirlər keçirilir.
Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında verilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin tədbirlər planı təsdiq edilib və icrası diqqət mərkəzində saxlanılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Ordubad Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, rayonda ayrı-ayrı sahələrdə olduğu kimi, energetika sahəsində də həyata keçirilən kompleks tədbirlər əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsinə və onun itkisiz olaraq yerlərə çatdırılmasına əlverişli şərait yaradıb.
Elektrik enerjisindən istifadə zamanı texniki itkinin normalara uyğun olaraq minimuma endirilməsi məqsədilə ötən müddətdə 91 dayaq basdırılıb, 8800 metr məsafədə yeni məftillər çəkilib və köhnə məftillər yenisi ilə əvəz olunub. Rayonda enerji itkisinin aşağı salınması və transformatorların yüklərinin bərabər bölünməsi üçün tədbirlər görülüb, 15 müxtəlif gücə malik transformator yarımstansiya elektrik dövrəsindən açılıb. Böyük gücə malik transformatorlar kiçik gücə malik transformatorlarla əvəz olunub.
Ordubad rayonunun bütün yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin olunur. Ötən müddətdə qəza xidmətində 545 müraciət qeydə alınıb və vaxtında aradan qaldırılıb. 35 mənzilə yeni qaz xətti çəkilib.
Qeyd olunub ki, rayon ərazisindəki daşıyıcı və paylayıcı qaz xətlərində təmir-bərpa işlərinin aparılması, korroziyaya uğrayan qaz borularının dəmir və polietilen borularla əvəz olunması, digər yenidənqurma, abadlıq işi ilə əlaqədar 8500 paqonometr dəmir borudan istifadə olunub.
Bildirilib ki, rayon üzrə bu ilin payız-qış mövsümündə 106 müasirtipli istilik sistemi fəaliyyət göstərəcək. Onlardan 77-si qazanxana, 29-u isə kombitipli istilik sistemləridir. İstilik sistemlərinin, qızdırıcı qurğuların, qaz cihazlarının və elektrik avadanlıqlarının vəziyyəti yoxlanılaraq baş verən nasazlıqlar aradan qaldırılır.
Rayonda telekommunikasiya şəbəkəsi yeni nəsil NGN tipli ATS-lərlə əvəz olunub, əlavə olaraq 6 çöltipli stansiya quraşdırılaraq ATS-lərin sayı 35-ə çatdırılıb. Yeni istifadəyə verilən Ordubad Rayon Rabitə Evində montaj tutumu 1792, internet tutumu 928 olan 1597 abonentə xidmət göstərən 576 sürətli internet istifadəçisi olan NGN tipli müasir avtomat telefon stansiyası fəaliyyət göstərir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında nazir Natəvan Qədimova çıxış edib.
Bildirilib ki, hazırda nazirliyin tabeliyində 30 muzey və muzeytipli müəssisə, 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 1 musiqi kolleci, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 2 respublika əhəmiyyətli kitabxana, 400-dən çox klub, mədəniyyət evi, kitabxana və kitabxana filialları, mədəni-maarif müəssisələri və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələri payız-qış mövsümündə dayanıqlı elektrik enerjisi və istilik sistemi ilə təmin olunub. Mövsümlə əlaqədar bu işlərin planlaşdırılması və nəzarətdə saxlanılması diqqət mərkəzindədir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan 514 müəssisə və təşkilatdan 1-i ümumiləşdirilmiş havalandırma, 120-si qazanxana və kombitipli, 257-si ümumi istilik sistemi ilə, 88-i dizel yanacağı, 5-i maye qaz, 7-si isə təbii qazla qızdırılır.
Ümumi olaraq Naxçıvan şəhəri üzrə 28, Şərur rayonu üzrə 90, Ordubad rayonu üzrə 1, Şahbuz rayonu üzrə 47, Babək rayonu üzrə 46, Kəngərli rayonu üzrə 1, Culfa rayonu üzrə 38, Sədərək rayonu üzrə isə 6 müəssisə ümumi istilik sisteminə qoşulmuşdur. Mədəniyyət müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar olaraq lazımi yanacaq və mal-materiallardan, o cümlədən 30 min 370 litr dizel yanacağı, 72 kvadratmetr şüşə, 85 ədəd şifer, 600 kiloqram maye qaz, 398 metr polietilen, 43 ədəd neft sobası, 172 ədəd boru və 86 ədəd dirsək alınacaqdır.
Bildirilib ki, bərpa edilmiş və yeni istifadəyə verilmiş mədəniyyət müəssisələri müasir istilik sistemi ilə təmin edilib. Nazir mədəniyyət müəssisələrində təhlükəsizlik qaydalarına ciddi riayət olunması, elektrik enerjisindən qanunsuz istifadəyə yol verilməməsi ilə bağlı konkret tapşırıqlar verib.
Qeyd edilib ki, bununla bağlı Mədəniyyət Nazirliyinin tabeliyində olan muxtar respublika tabeli müəssisələrdə, şəhər (rayon) mədəniyyət şöbələrində və tabeliyində olan müəssisələrdə istilik sistemlərinin, həmçinin elektrik naqillərinin vəziyyəti əvvəlcədən yoxlanılmalı, nasazlıqlar aradan qaldırılmalıdır.
Sonra çıxışlar olub.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bununla əlaqədar keçirilən yığıncağı giriş sözü ilə müəssisənin direktoru Behruz Əzimov açaraq bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə də bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqların icrasına uyğun olaraq, müəssisə və təşkilatları vaxtında yanacaqla təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən il ərzində 40 min ton A-92 avtobenzinin, 120 min ton dizel yanacağının, 20 min ton bitumun, 11 min ton mazutun, 1200 ton müxtəlif növ yağların, 5 min ton maye qazın muxtar respublikaya gətirilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, alınan yanacaq muxtar respublikaya İran İslam Respublikasının ərazisindən keçməklə və Bakı-Gürcüstan-Türkiyə marşrutları üzrə daşınır. 2018-ci ilin ilk 7 ayında Gürcüstan-Türkiyə xətti ilə 14 min 517,4 ton dizel yanacağı və 1160,9 ton A-92 markalı avtobenzin olmaqla, ümumilikdə, 15 min 678,3 ton neft məhsulları daşınıb. İran İslam Respublikasının ərazisindən keçməklə 62 min 37,7 ton dizel yanacağı, 15 min 910 ton A-92, 3 min 574,9 ton bitum, 10 min 982 ton mazut, 2 min 746 ton maye qaz, 192 ton müxtəlif növ yağlar olmaqla, ümumilikdə, 95 min 442,6 ton neft məhsulları gətirilib.
Vurğulanıb ki, müəssisə 2018-ci ilin 7 ayında ümumi dövriyyəsi 72 milyon 980 min manat olan 114 min 572 ton müxtəlif növ neft məhsulları satıb. Bu da 17 min 574,3 ton avtobenzin, 79 min 369 ton dizel yanacağı, 3 min 574,9 ton bitum, 10 min 80,3 ton mazut, 2 min 766,5 ton maye qaz, 192 ton müxtəlif növ yağlardan ibarətdir. Bəhs olunan dövrdə müəssisə satışdan 743 min manat mənfəət əldə edib ki, bu vəsaitdən 91 min 816 manat mənfəət vergisi hesablanaraq büdcəyə ödənilib.
Diqqətə çatdırılıb ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması daim nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisədə yanacaq ehtiyatı yaradılıb. Belə ki, bu günədək müəssisənin anbarlarında 1405 ton dizel yanacağı,1565 ton A-92 markalı avtobenzin, 866 ton mazut, 8 ton maye qaz ehtiyatı vardır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi