24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası olub.
Tədbiri giriş sözü ilə vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev açaraq bildirib ki, muxtar respublikamızda iqtisadiyyatın bütün sahələrində əldə edilən uğurlar vergilər üzrə müəyyənləşdirilmiş proqnozların icrasına şərait yaradıb. Belə ki, iqtisadi inkişafın nəticəsi olaraq, hesabat dövründə Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 106,2 faiz icra edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 703 min 900 manat və ya 9,2 faiz çoxdur. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 39,4 faizi dövlət, 60,6 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 428 min 200 manat və ya 2,2 faiz artıb.
Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində aktiv vergiödəyicilərinin sayı (kənd təsərrüfatı istisna olmaqla) 7802-ə çataraq ötən ilin müvafiq dövrünə nisbətən 1,3 dəfə və ya 1832 vahid artıb.

Diqqətə çatdırılıb ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində muxtar respublikada aparılmış təbliğat işləri davam etdirilib. Hesabat dövründə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 18 milyon 127 min 710 manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 211 min 854 manat artıq olub.
Bildirilib ki, vergitutma bazasının genişləndirilməsi və vergidənyayınma risklərinin azaldılması sahəsində görülən tədbirlər nəticəsində öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 3618 fiziki şəxs tərəfindən 91 min 645 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib. 2017-ci ilin birinci yarımili ilə müqayisədə icarə haqlarından büdcəyə vergi ödəyənlərin sayı 622 şəxs, vergi məbləği isə 15 min 108 manat artıb.
Nazir onu da qeyd edib ki, repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi məsələsi nəzarətə götürülərək, bu sahədə məlumatlandırma və maarifləndirmə işləri genişləndirilib. 2017-ci ilin noyabr ayından başlayaraq həmin fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi işi daha da gücləndirilib. Nəticədə, muxtar respublika üzrə, ümumilikdə, 212 repetitor vergiödəyicisi kimi qeydiyyata alınıb və büdcəyə 6920 manat vəsait daxil olub.
Sonda məruzə ətrafında çıxışlar olub.

 *  *  *

Naxçıvan Şəhər İcra Hakimiyyətində bu ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclası İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov açaraq məruzə edib. Bildirib ki, cari ilin birinci yarısının ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan şəhərində ­Qaraxanbəyli kənd tam orta məktəbinin, Naxçıvan Müəllimlər İnstitutunun və “N” hərbi hissənin açılış mərasimlərində iştirak etməsi olub.
Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti 2018-ci ilin birinci yarısında iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrinin inkişafı, məşğulluğun səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görüb. Şəhərdə abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilərək, əhalinin mənzillərə olan tələbatının ödənilməsi, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış binalarının tikintisinə, eyni zamanda ­mövcud binaların yenidən qurulmasına diqqət yetirilib.
Bildirilib ki, hesabat dövründə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 385 milyon 872 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin dəyəri 3,3 faiz artaraq 367 milyon 833 min 800 manat təşkil edib. Vətəndaşların öz vəsaiti hesabına 165 min 724 kvadratmetrdə yeni yaşayış sahələri salınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib. Naxçıvan şəhərində əhalinin sayı artaraq 93 min 294 nəfər olub.
Bəhs edilən dövrdə 395 milyon 49 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Bu dövrdə 396 yeni iş yeri açılıb ki, bunun da 388-i daimi iş yeridir. Əvvəlki illərdə olduğu kimi, bu il də strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafına xüsusi diqqət yetirilib, 2018-ci ilin məhsulu üçün 2095 hektar sahədə əkin işləri aparılıb.
Vurğulanıb ki, bu ilin altı ayında şəhər ərazisində 54 POS-terminal quraşdırılıb. Əhaliyə 64 avtobus, 32 mikroavtobus, 223 ədəd taksi xidmət göstərib. Cari ilin altı ayında Naxçıvan şəhərində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2 min 880,1 ton yük, 24 min 427 nəfər sərnişin daşınıb. Yük daşınması 2,5, sərnişin daşınması 2,3 faiz artıb. Hesabat dövründə iş axtaran kimi 315 nəfər qeydə alınıb, 256-sı işlə təmin edilib, onlardan 61-i qadın olub. 18 nəfər ictimai işə cəlb edilib, 5 nəfər kvota (norma) yerlərinə göndərilib, 29 nəfər peşə hazırlığı kursları keçib ki, onlardan da 10-u işlə təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən tədbirdə idarənin sədri Elvin Axundov bildirib ki, 2018-ci ilin ilk 6 ayı ərzində bank qurumları fəaliyyətlərini verilən tapşırıqların icrası istiqamətində qurub. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2018-ci il tarixə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 105 milyon 544 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 601 min manat, uzunmüddətli kredit qoyuluşu isə 102 milyon 943 min manat təşkil edib. Kredit qoyuluşları keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 719 min manat artıb.
Vurğulanıb ki, kreditləşmədə əsas məqsəd aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişafı, ixraca yardım və daxili bazarın qorunması olub. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 17 milyon 807 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 14 milyon 9 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.
Diqqətə çatdırılıb ki, bank və kredit təşkilatları tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində 26 milyon 438 min manat kredit verilib. Bunun da 2 milyon 695 min manatını qısamüddətli, 23 milyon 743 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb.
Qeyd olunub ki, kredit təşkilatları tərəfindən 2018-ci ilin ilk altı ayı ərzində 58 nəfər fiziki və hüquqi şəxsə 124 ədəd olmaqla, 1 milyon 628 min 200 manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib. Hesabat dövründə, ümumilikdə, verilmiş kreditlərin 3 milyon 50 min manatını kənd təsərrüfatı sahəsinə yönəldilmiş kreditlər təşkil edib.
Elvin Axundov bildirib ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Əhalinin bu sahəyə marağının artırılması məqsədilə muxtar respublikanın Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilib və 2018-ci ilin ilk 6 ayı ərzində 312 nəfər fiziki şəxsə 20 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilib. Ödəniş sistemlərinin inkişaf etdirilməsi və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi üçün POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb. POS-terminalların sayı 1 iyul 2018-ci il tarixə 575-i Naxçıvan şəhəri, 694-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1269-a çatdırılıb. Nəticədə, 2018-ci ilin ilk 6 ayı ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 18 milyon 128 min manat olub və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 212 min manat artıb.
Sonra çıxışlar dinlənilib və bank sektoru qarşısında duran vəzifələr diqqətə çatdırılıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində keçirilən iclasda çıxış edən baş direktor Hikmət Əsgərov bildirib ki, 2018-ci ilin 6 ayı ərzində sığorta­nın kütləviliyinin təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, sığorta işinin səmərəliliyinin artırılması məqsədilə cari ilin aprel ayında Dövlət Baş Sığorta Agentliyi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə sahibkarlara məxsus daşınmaz əmlakın və daşınmaz əmla­kın istismarı zamanı yaranan mülki məsuliyyətin icbari sığortası, may ayında Sədərək, iyun ayında Şərur, iyul ayında isə Babək və Ordubad Rayon İcra hakimiyyətləri ilə birlikdə sığorta işinin vəziyyəti barədə müşavirələr keçirib, görülmüş işlər təhlil olunub.
Bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə 2018-ci ilin birinci rübündə Dövlət Sığorta Agentliyi Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə müntəzəm reydlər keçirib. Vətəndaşlara məxsus daşınmaz əmlakın (yaşayış evlərinin, mənzillərin) icbari sığortasının aparılması məqsədilə yerli icra nümayəndə­ləri ilə birlikdə gündəlik təbliğat-izahetmə işləri aparılıb.
Vurğulanıb ki, 2018-ci ilin ötən 6 ayında könüllü sığortaların, o cümlədən fərdi qəza sığortası, ev əmlakının sığortası, nəqliyyat vasitələrinin tam sığortası, əmlakın yanğın və digər risklərdən sığortasının vətəndaşlar arasında daha geniş yayılması üçün hüquqi və fiziki şəxslər arasında təbliğat və izahetmə işləri aparılıb.
Baş direktor qeyd edib ki, 2018-ci ilin ilk 6 ayında agentlik üzrə hüquqi və fiziki şəxslər arasında sığorta fəaliyyətinin genişləndirilməsi, sığorta mədəniyətinin yüksəldilməsi, onun kütləviliyinin təmin olunması, sığorta adət-ənənələrinin dərinləşdirilməsi üçün işlər aparılıb. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 228, daşınmaz əmlakın icbari sığortası üzrə 108, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 19, əmlakın yanğın və digər risklərdən sığortası üzrə 9, ipoteka krediti götürənlərin həyatının fərdi qəza sığortası üzrə 54 müqavilə çox bağlanıb.
Kənd təsərrüfatı sığortası sahəsində də görülmüş işlərdən danışan baş direktor bildirib ki, 2018-ci ilin ötən dövründə muxtar respublikada kənd təsərrüfatı, xüsusilə ­bitkiçilik sığortası üzrə 701 müqavilə bağlanılıb, bu sahədə izahat-məlumatlandırma işləri genişləndirilib.
Çıxışlardan sonra qarşıya qoyulmuş vəzifələr bir daha diqqətə çatdırılıb, gələcəkdə rayon (şəhər) Dövlət Sığorta agentliklərinə daha səylə çalışmaq tapşırığı verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR