24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi olub. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev açaraq bildirib ki, cari ilin yaz əkin mövsümündə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində, ümumilikdə, kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşəsalma, meşə­bərpa işləri aparılıb, 15 hektar üzüm, 4 hektar badam bağı olmaqla, 90 hektar sahədə meyvə bağı, 133 hektar sahədə meşə massivi, yaşıllıq zolaqları salınıb. Yaşıllaşdırma tədbirlərində 222 mindən artıq meşə və meyvə tingləri, həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilib. Əkin işlərinin aparılmasında istifadə edilən ting ehtiyatı muxtar respublikanın torpaq-iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış meşə, meyvə, həmişəyaşıl tinglər, bəzək və gül kolları hesabına təmin edilib.
Qeyd olunub ki, yaz əkini mövsümündə, ümumilikdə, 155,l hektar olmaqla, 37 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 118,1 hektar sahədə ting və toxumla bərpa işləri görülüb. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 27 hek­tar sahədə yeni meyvə bağı, 10 hektar sahədə üzüm bağı salınıb, 45 min 700 müxtəlif meyvə tingi əkilib.

Vurğulanıb ki, 2018-ci ildə Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Naxçıvan şəhərində və ayrı-ayrı rayonların ərazisində gənclərin iştirakı ilə 7 hektar sahədə “Gənclər bağı” salınıb. Qoruq, milli park və yasaqlıq ərazilərində meşə­salma, meşəbərpa və yeni meyvə bağlarının salınması sahəsində də işlər görülüb.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilmiş kollegiya iclasında çıxış edən komitə sədri Əsgər Əsgərov bildirib ki, hesabat dövründə komitə tərəfindən muxtar respublikada torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilib, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.
Qeyd olunub ki, bu dövrdə muxtar respublika ərazisindəki 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlarına 195 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axımı ilə 148,1 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 124 min 8 hektar torpaq sahəsi su ilə təmin olunub.
Bildirilib ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, ümumilikdə, 2018-ci ilin birinci yarısında muxtar respublika ərazisində 35,7 kilometr yeni suvarma boru xətti çəkilib, 12,7 kilometr suvarma boru xətti əsaslı təmir olunub. 2018-ci ilin birinci yarısında muxtar respublika üzrə 161,9 kilometr beton və torpaq kanal, 197,5 kilometr ara arxlar lildən təmizlənib.
Vurğulanıb ki, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi məqsədilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 39,5 hektar sahə, Sədərək rayonunda Dəhnə adlanan ərazidə 8 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib.
Bildirilib ki, 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 563,6 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün bu dövrdə 2,7 kilometr yeni içməli su xətti çəkilib, 33 kilometr içməli su xəttində və 3,8 kilometr kaptajda təmir-bərpa işləri aparılıb.
Qeyd olunub ki, 2018-ci ilin birinci yarısında komitənin balansında olan 101 ədəd nasos stansiyası və 828 ədəd subartezian quyusu istismar edilib. Bu dövrdə yaşıllıq ərazilərin suvarma suyu ilə təmin olunması üçün 8,6 kilometr yeni suvarma boru xətti çəkilib, 7,8 kilometr suvarma boru xəttində təmir-bərpa işləri yerinə yetirilib.
Komitə sədri bildirib ki, suvarma və içməli su təminatında qədim hidrotexniki qurğular olan kəhrizlərdən də geniş istifadə edilir. Belə ki, bu gün muxtar respublikanın şəhər və rayonlarında 332 kəhriz istismar olunmaqdadır. 2018-ci ilin ilk yarısında 8 kəhrizin təmir-bərpası bitib və təmir-bərpası aparılan 5 kəhrizdə işlər davam etdirilib.
Qeyd olunub ki, “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 2018-ci ilin birinci yarısında Babək rayonunun Şəkərabad kəndində görülən işlər nəticəsində 5 min sakin fasiləsiz olaraq təmiz içməli su ilə təmin olunub. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab sutəmizləyici qurğuda 220 metr istinad divarı tikilib, hovuz ətrafına 180 metr drenaj xətti çəkilib. Şərur rayonunun Yengicə kəndində 29,2 kilometr su xətti çəkilib, 4 ədəd yanğın hidrantı quraşdırılıb, 860 su ev birləşməsi aparılıb. Ordubadda isə 6 su anbarının tikintisi başa çatdırılıb, 73,5 kilometr su, 72,1 kilometr kanalizasiya xətləri çəkilib, 3211 ədəd su ev birləşməsi, 3207 kanalizasiya bağlantısı aparılıb.
Sonra qarşıdakı dövr üçün vəzifələr diqqətə çatdırılıb, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tapşırıqlar verilib.

*  *  *

Cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclası giriş sözü ilə direktor Mənşur Gülməmmədli açaraq məruzə edib. Bildirib ki, bu ilin birinci yarısında Naxçıvan Beynəlxalq Hava Limanında bir sıra layihələr reallaşdırılıb. Görülən tədbirlər hava nəqliyyatı sektorunun bütün sahələrini əhatə edib. Bəhs olunan dövrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Mülki Nəqliyyat Assosiasiyasının tələbləri çərçivəsində elm və texnikanın ən son nailiyyətləri hava limanında tətbiq olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hava limanı üçün zəruri olan maşın-mexanizmlər, texniki vasitələr, materiallar alınıb gətirilib, limanda normal iş prosesi təmin edilib. Həmçinin kadr hazır­lığı məsələsi də diqqətdə saxlanılıb, əməkdaşlar Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak ediblər.
Qeyd olunub ki, hesabat dövründə Aviasiya Təhlükəsizlik Xidmətinin maddi-texniki bazası möhkəmləndirilib, aerovağzal kompleksində əl yükləri və baqajın yoxlanması prosesi beynəlxalq norma və qaydalara uyğun təşkil edilib. Bundan başqa, mühafizə postlarında şəxsi heyətin ayıq-sayıqlığının artırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava limanında təyyarə dayanacaqlarının örtüyünün xüsusi asfalt qatı ilə üzlənməsi prosesi artıq başa çatdırılıb. Hazırda aerovağzal­ətrafı yolların təmiri işləri aparılır.
Tədbir məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən müşavirəni xidmətin rəisi Vəli Novruzov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, heyvandarlığın inkişaf etdirilməsinin və məhsuldarlığının artırılmasının əsas yollarından biri də heyvanların baş sayının süni mayalanma yolu ilə artırılması və yüksək məhsuldar cinslərin əldə edilməsidir. Bu məqsədlə 2018-ci ilin 6 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 6077 baş inək, düyə və camış süni yolla mayalandırılıb və əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 4911 baş sağlam bala alınıb. “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün bir sıra tədbirlər görülməkdədir. Süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilməsi də bu sahənin inkişafına təkan verib.
Süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Maya­lanma Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu da inək, düyə və camışların mayalandırılması üçün lazım olan yüksək məhsuldar cins törədicilərin toxumlarının yerli imkanlar hesabına əldə edilməsinə və digər ölkələrdən asılı­lığın aradan qaldırılmasına imkan yaradacaqdır.
Xidmət rəisi məlumat verib ki, muxtar respublikamızda heyvandarlıqla yanaşı, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın da inkişaf etdirilməsi diqqət mərkəzindədir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq təsərrüfat subyektlərinə 194 min 800 manat məbləğində kredit verilib, Dövlət Baytarlıq Xidməti tərəfindən 2335 vətəndaşa məxsus 54 min 437 arı ailəsi qeydiyyata alınaraq pasportlaşdırılıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən tədbiri idarənin rəisi Mehman Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublikada dövlət arxivlərinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu elmi-tədqiqat mərkəzləri üçün yaradılmış şəraitdən layiqincə istifadə etməyə çalışan arxiv işçiləri cari ilin birinci yarısında da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıblar.
Qeyd olunub ki, mühafizəxanalar üzrə qarışıq yerləşdirilmiş fond sənədlərinə yenidən baxılıb, material­ların təyinatı üzrə yerləşdirilməsi ilə bağlı işlərin icrasına cari ilin aprel ayından başlanılıb. 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərə­findən bərpaya ehtiyacı olan 3652 vərəqə, 83 ədəd fotoşəkil bərpa olunub. Kağız əsaslı 3837 saxlama vahidinin, 1350 fotoşəklin və 210 kino­lentin mövcudluğu və fiziki vəziyyəti yoxlanılıb, yoxlamaya dair müvafiq aktlar tərtib edilərək, fond işlərinə əlavə edilib. Birinci yarım­ildə müxtəlif fondlar üzrə, ümumilikdə, 403 saxlama vahidindən ibarət 14 min 306 vərəqə elektrondaşıyıcı­lara köçürülüb, 15 min 861 saxlama vahidindən ibarət siyahılar “Excel” proqramı vasitəsilə kompüterdə yazılıb. Müxtəlif fondlara aid 2765 saxlama vahidində ekspertiza işləri, 7997 saxlama vahidində təkmilləşdirmə və yenidən işləmə, 4075 saxlama vahidinin cildi üzərində təsvir işləri aparılıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fondundan və “Şərq qapısı” qəzetindən istifadə edilməklə 163 tematik kart yazılıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Ekspert Yoxlama Komissiyasında 6 protokol tərtib edilib ki, həmin protokollar da 2661 saxlama vahidindən ibarət daimi xüsusiyyətli 50, 13 min 597 saxlama vahidindən ibarət arayış xüsusiyyətli 64, 284 saxlama vahidindən ibarət müvəqqəti saxlanılan 8 və 2831 şəxsi işdən ibarət 14 siyahıya, 4748 qovluqdan ibarət 36 util aktına baxılaraq təsdiq edilib. Qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatlardan birinci yarımildə 5223 saxlama vahidi sənəd daimi mühafizə üçün Dövlət Arxivinə qəbul edilib, 4 təşkilatda pasportlaşma işləri aparılıb, 13 təşkilata arxiv işinin təşkili ilə bağlı metodik köməklik edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR