Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını giriş sözü ilə gənclər və idman naziri Azad Cabbarov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, nazirlik 2018-ci ilin ilk altı ayı ərzində öz fəaliyyətini təsdiq olunmuş iş planına və 14 yanvar 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Ötən dövr ərzində nazirliyin keçirdiyi 298 tədbirdən 123-ü gənclərlə iş, 175-i isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Nazir vurğulayıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar gənclərin qış və yay məktəbləri təşkil olunub, yeniyetmə, gənclər, əcnəbi tələbələr və gənc müəllimlər arasında intellektual oyunlar, bilik yarışmaları keçirilib, gənclər arasında “Naxçıvan Gənclər Paytaxtıdır” adlı fotomüsabiqə təşkil olunub, şəhər və rayonlarda “Gənclər bağı” salınıb. Bununla yanaşı, “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində konfrans keçirilib, konsert proqramları təşkil edilib. Bakı şəhərində gənclər arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyununun X Azərbaycan çempionatında muxtar respublikanı təmsil edən komandaların iştirakı təmin olunub. “22 aprel – Beynəlxaq Yer Kürəsi Günü” ilə əlaqədar muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin və gənclərin iştirakı ilə “Gənclər bağı”nda təmizlik aksiyası keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü və digər tədbirlər təşkil olunub.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin birinci yarımilində idmançılarımız ölkə birinciliklərində 79, beynəlxalq turnirlərdə 70, dünya çempionatında 2, Avropa çempionatında 1 olmaqla, ümumilikdə, 152 medal qazanıblar. Həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə vakant iş yerləri haqqında məlumatlar internet resurslarında paylaşılıb, bununla əlaqədar müraciət etmiş 8 gənc müvafiq işlə təmin edilib, 19-u işlə təmin olunmaq, 8-i isə peşə ixtisası kurslarında iştirak etmək üçün qeydiyyata alınıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalı, Naxçıvan Muxtar Respublika Stadionunda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir, kikboksinq və cüdo üzrə beynəlxalq turnirlər keçirilib. Eyni zamanda ulu öndərin anadan olmasının 95 illiyi ilə əlaqədar yeniyetmə və gənclər arasında boks, karate-do, kikboksinq, sərbəst güləş, kişilər arasında voleybol, basketbol, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Əyləncəli İdman Oyunları üzrə Naxçıvan Muxtar Respublika turnirləri, Üzgüçülük Mərkəzində yerləşən “Əlincə” Stolüstü Tennis İdman Klubunun məşq zalında stolüstü tennis üzrə muxtar respublika birinciliyi təşkil edilib.
Kollegiya iclası çıxışlarla davam edib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş sərəncamların icrası istiqamətində 2018-ci ilin birinci yarısında da müvafiq tədbirlər görülüb.
Bu barədə kollegiya iclasında məlumat verən komitənin sədri Vaqif Rəsulov bildirib ki, komitə tərəfindən muxtar respublikada sosial-iqtisadi inkişafla bağlı görülmüş işlər və nəticələr haqqında cari ilin ilk altı ayı ərzində, ümumilikdə, 17 adda, o cümlədən 11 təhlili material hazırlanıb.
Vurğulanıb ki, statistika idarələri ilə birlikdə 7068 təsərrüfat subyektindən 25 min 147 sayda hesabat yığılaraq onlayn rejimdə təqdim olunub. Bundan əlavə, cari ilin ötən dövrü ərzində muxtar respublikanın inzibati ərazi dairələrində 99 min 279 təsərrüfat subyektinə dair göstəricilərin aktuallaşdırılması da təmin edilib.
Komitə sədri diqqətə çatdırıb ki, iş planına uyğun olaraq ötən dövr ərzində statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan 1920 təsərrüfat subyekti göstəricilərinin aktuallaşdırılması nəzərdə tutulmuş vaxtda başa çatdırılıb, reyestrdə qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılaraq müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Naxçıvan Muxtar Respublikası üzrə müvafiq məlumatlar hazırlanıb, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən rüblük dövrdə buraxılan “Regionların sosial-iqtisadi inkişafı” və “Yeni iş yerləri” statistik məcmuələrində çap olunub.
Çıxışda qeyd olunub ki, cari ilin birinci yarısında dövri olaraq sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Nazirlər Kabinetinə və digər aidiyyəti orqanlara təqdim olunub.
Cari ilin ilk 6 ayı ərzində komitəyə 323 müxtəlifməzmunlu sənəd daxil olub və icrası vaxtında təmin edilib. Bundan əlavə, komitənin elektron poçt ünvanlarına və elektron sənəd dövriyyəsinə daxil olan kollegiya qərarları işə alınıb, digər məktublar isə qanunvericiliklə nəzərdə tutulmuş vaxtda cavablandırılıb.
2018-ci ilin ötən dövrü ərzində muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən kompleks materiallar kütləvi informasiya vasitələrində də öz əksini tapıb.
Vaqif Rəsulov komitənin fəaliyyətinin bundan sonra da günün tələbləri səviyyəsində qurulması, statistika işinin təkmilləşdirilməsi sahəsində tədbirlərin davam etdirməsi, təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində verilməsi, inzibati ərazi dairələrində fəaliyyət göstərən statistika işçilərinin peşə hazırlığının diqqətdə saxlanılması ilə bağlı tapşırıqlar verib.
Sonda məruzələrlə bağlı müzakirələr aparılıb.
* * *
Muxtar respublikanın Dövlət Energetika Xidmətində keçirilmiş kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev çıxış edərək bildirib ki, 2018-ci ilin birinci yarısında da muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılıb. Belə ki, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilib, layihə gücü 14 meqavat olacaq Tivi Su Elektrik Stansiyası və 3,5 meqavat gücündə Qazançı Su Elektrik stansiyalarının texniki-iqtisadi əsaslandırılması və layihələri hazırlanıb. Culfa rayonu ərazisində külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün lazımi işlər aparılıb. Bundan əlavə, Ordubad Su və Naxçıvan Modul elektrik stansiyaları arasında 75 kilometr uzunluğunda bir dövrəli 110 kilovoltluq və “Araz” SES və Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında 50 kilometr uzunluğunda iki dövrəli 110 kilovoltluq elektrik xəttinin tikintisinin aparılmasının zəruriliyi diqqət mərkəzində saxlanılıb. Babək rayonu ərazisində 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyasının tam yenidən qurulması və Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının tikintisi davam etdirilib.
Qeyd olunub ki, 2018-ci ilin altı ayında Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Alternativ və bərpaolunan enerji mənbələrində 105 milyon 216 min 700 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu da bütün stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,77 faizini təşkil edir.
Bildirilib ki, 2018-ci ilin altı ayı ərzində tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.
Vurğulanıb ki, muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son altı ay ərzində 710 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 21 min 475-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Sonra məruzə ilə bağlı çıxışlar dinlənilib.
* * *
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə edib. Bildirib ki, 2018-ci ilin 6 ayında Culfa Lokomotiv Deposunda lokomotivlər 154 min 433 kilometr yürüş edib, 21 milyon 833 min ton yük lazım olan obyektə çatdırılıb. Plan-proqnoza uyğun 4,5 min ton yük vurulması və daşınması nəzərdə tutulduğu halda, faktiki olaraq 38 min 700 ton yük daşınıb. Bunun 20 min 520 tonu qum-çınqıl, 13 min 920 tonu daş məmulatı, 4 min 200 tonu travertin plitə, 60 tonu tikinti qumu olub ki, bu da nəzərdə tutulduğundan 8 dəfə artıqdır.
Qeyd olunub ki, hesabat dövründə proqnozda nəzərdə tutulan 72 min nəfər sərnişin əvəzinə Şərur-Culfa, Ordubad-Şərur istiqamətlərində faktiki 78 min 929 nəfər sərnişin daşınıb. Bu xidmətdən cəmiyyətin hesabına 19 min 606 manat vəsait daxil olub. Həmçinin bu dövrdə 84 min 930 kiloqram poçt-baqaj yükü daşınıb ki, bunun sayəsində cəmiyyətin hesabına 1274 manat vəsait daxil olub.
Bildirilib ki, muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də siması xeyli dərəcədə dəyişib. Əksər idarə və yardımçı binalar ətraf əraziləri də daxil olmaqla, müasir üslubda yenidən qurulub və həmin strukturlarda işçilər üçün hər cür əmək şəraiti yaradılıb. Bəhs olunan dövrdə dəmiryol təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunub. Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, eləcə də Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılıb.
Qeyd olunub ki, kollektiv bundan sonra da işini günün tələbləri səviyyəsində qurmaqla dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin olunmasında və sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında bütün səy və bacarığını əsirgəməyəcək.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, cari ilin 6 ayı ərzində muxtar respublikada insan hüquq və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının qorunmasını təmin etmək məqsədilə tədbirlər həyata keçirilib.
Bildirilib ki, aztəminatlı ailənin üzvü olan 642 qadınla müvafiq söhbətlər aparılıb, 29-nun peşə kurslarına cəlb olunması üçün müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. 209 uzunömürlü ailə haqqında məlumatlar toplanılaraq müvafiq bazaya əlavə edilib.
Hesabat dövründə aidiyyəti orqanlarla birlikdə 7 aztəminatlı ailəyə baş çəkilib.
Məruzədə Naxçıvan Muxtar Respublikasında uşaq siyasətinin həyata keçirilməsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq muxtar respublikada 18 yaşadək sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, övladlığa götürülmüş, xüsusi bacarıqları ilə seçilən, müxtəlif beynəlxalq və ölkədaxili yarışların qalib və mükafatçıları olan uşaqların uçotunun aparılması barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət məqsədilə hesabat dövrü ərzində 10 uşaq müəssisəsində monitorinq aparılıb. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına cari ilin 6 ayı ərzində 2129 uşağın fərdi məlumatları daxil edilib. 43-ü məktəbəqədəryaşlı olmaqla, 430 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə maarifləndirici söhbət aparılıb. Bu kateqoriyadan uşaqlarla bağlı muxtar respublikanın 74 məktəbəqədər, məktəb, məktəbdənkənar uşaq müəssisələrində monitorinq keçirilib.
Komitə sədri qeyd edib ki, hesabat dövrü ərzində kütləvi informasiya vasitələrində maarifləndirmə işi davam etdirilib. Komitəyə 104 müraciət, 2 sorğu daxil olub, onlara müvafiq qaydada baxılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi