24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasında qarşıya qoyulan vəzifələr Fövqəladə Hallar Nazirliyinin kollegiya iclasında da müzakirə olunub. Fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev iclasda çıxış edərək bildirib ki, 2018-ci ilin 6 ayı ərzində Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 6 şöbəsində taktiki-xüsusi təlim, Mülki Müdafiə Alayında, ­Babək və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrində kompleks yoxlama keçirilib, tabeli bölmələrdə qoşun xidmətinin düzgün təşkili işi yoxlanılıb.
Vurğulanıb ki, nazirliyin balansında olan xilasedici helikopterin əsaslı təmirdən sonra Naxçıvan şəhərinə gətirilməsi təmin edilib və sınaq uçuşu, ayda iki dəfə təlim-məşq uçuşları həyata ­keçirilir.
Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümü istismarı şəraitinə keçidi ilə bağlı işlər vaxtında və keyfiyyətlə təşkil edilib.
Çimərlik mövsümünün başlanması ilə əlaqədar Uzunoba Su Anbarında çimərlik yerinin hazırlanması üzrə verilmiş tapşırıqların icrası təmin olunub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində struktur qurumların növbətçi qüvvə və vasitələrinin qeydiyyatı aparılıb, “112” qaynar xəttinin fasiləsiz fəaliyyəti təmin olunub.
Nazir bildirib ki, mülki müdafiə və fövqəladə hallardan qorunma sahəsində tədbirlər həyata keçirilərək 141 obyektdə mülki müdafiə işinin təşkili yoxlanılıb. İşçilərin fövqəladə hallarda praktik fəaliyyətə hazırlanması məqsədilə 1 əməli məşğələ, ­ 2 müəssisədə və 1 xəstəxanada taktiki təlim keçirilib.
Şəhər və rayonların səfərbərlik anbarlarında saxlanılan 2-ci qrup fərdi mühafizə vasitələrinin və ­cihazların saxlanma şəraiti, mülki müdafiə təyinatlı zirzəmilərin ­vəziyyəti yoxlanılıb, təmir olunan yaşayış binalarının zirzəmilərinin pasportları hazırlanıb.
Qeyd edilib ki, muxtar respublikada tikintisinə yeni başlanılmış 36 obyektin ərazisində mühəndis-geoloji işlər aparılıb, müvafiq protokollar verilib. Obyektlərin layihələndirilməsi mərhələsində 48 obyektin ­tikintisinin işçi və layihə sənədlərinin ekspertizası aparılıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 1014 obyektdə əsaslı, 1086 obyektdə nəzəri, 385 obyektdə isə məqsədli yoxlamalar, 298 obyektdə maarifləndirici söhbətlər aparılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin səkkizinci sessiyasında muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin də qarşısında müəyyən vəzifələr qoyulub. 2018-ci ilin birinci yarısında nazirliyin gördüyü işlər və qarşıya qoyulan vəzifələrlə bağlı keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açaraq bildirib ki, bu dövrdə Şərur rayonunun Ərəbyengicə kəndində 288, Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 384 nömrəlik NGN tipli yeni avtomat telefon stansiyası qurulub, Culfa rayonunun Dizə kəndində 384 nömrəlik DAEWOO tipli avtomat telefon stansiyası yeni tikilən kənd mərkəzinə köçürülüb. Birinci yarımildə 1136 ədəd yeni telefon nömrəsi istismara verilib. Ordubad şəhərindəki Rabitə Evində Yeni Nəsil telefon sistemi, burada idarə və təşkilatlara aid telekommunikasiya şəbəkə avadanlıqları qurulub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında Şərur, Babək və Şahbuz rayonlarında 15 ədəd yeni nəsil avtomat telefon stansiyasının alınması üçün müqavilə imzalanıb. Kəngərli rayonunda Qıvraq Mərkəzi Karel DS200 Avtomat Telefon Stansiyası daha müasir Karel DS200 L tipli mərkəzi avtomat telefon stansiyası ilə əvəz olunub, proqram versiyası yenilənib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə “Evədək optika” layihəsi çərçivəsində 14 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb.
Şahbuz rayonunun Biçənək kəndində baş verən sel daşqını nəticəsində sıradan çıxan rabitə xətləri bərpa edilib. Bu dövrdə muxtar respublika ərazisində, ümumilikdə, ­ 12 min 515 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 3670 yeni abunəçi internetlə təmin olunub.
Qeyd olunub ki, Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində www.imp.nakh­chivan.az domen adlı internet səhifəsi, həmçinin Bəhruz Kəngərli Muzeyinin internet səhifəsi hazırlanıb, www.behruz­kengerli.nakhchivan.az domen adı ilə qlobal şəbəkədə yerləşdirilib.
“Kanal 35” televiziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə server, IP televiziya sistemi üçün əlavə modullar alınıb.
Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi yaradılıb, Culfa rayonunun Dizə kəndində poçt bölməsi yeni binaya köçürülüb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin kollegiya iclasını nazir Mirsənani Seyidov açaraq bildirib ki, hesabat dövründə əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Ötən günlərdə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinə beş ədəd avtobusun gətirilməsi də belə tədbirlərdəndir.
Qeyd edilib ki, bəhs olunan dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işləri aparılıb, ayda bir dəfə sərnişin daşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə seminar-müşavirələr təşkil olunub. Cari ilin fevral ayında keçirilən müşavirənin sonunda Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində taksi sürücüsü kimi işə götürülən qadınlara idarə adından məxsusi geyim forması, “Naxtel CDMA” telefonları və vizit kartları təqdim olunub.
Bildirilib ki, Naxçıvanda 496 taksi fəaliyyət göstərir. Muxtar respublika daxilində sərnişindaşıma ilə əlaqədar müəyyən olunmuş qaydalara əməl edilməsi mövzusunda taksi sürücüləri ilə mütəmadi olaraq maarifləndirmə işi aparılır, onların fəaliyyətlərinə daim nəzarət olunur.
Diqqətə çatdırılıb ki, hesabat dövründə qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitəsi sahiblərinin aşkar olunması üçün reydlər keçirilib, intizama tabe olmayan 32 nəfərin siyahısı tədbir ­görülməsi üçün muxtar respublika Daxili İşlər və Vergilər ­nazirliklərinə göndərilib.
Nəqliyyat naziri avtovağzallarda xidmət səviyyəsinin artırılmasının, ictimai nəqliyyat vasitələrinin sazlığına və hərəkət qrafikinə dəqiq əməl etmələrinə nəzarəti gücləndirməyin əhəmiyyətini vurğulayıb.
Sonra məruzə ətrafında çıxışlar edilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasında nazir Natəvan ­Qədimova məruzə ilə çıxış edərək ötən dövr ərzində keçirilən çoxsaylı mədəni-kütləvi tədbirlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Naxçıvan Muxtar Respublikasına qastrol səfəri çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı keçirilib. Həmçinin Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında təqdimat konserti təşkil olunub.
Nazir vurğulayıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar ötən dövrdə bir sıra işlər görülüb. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in təntənəli açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və rəqs qrupunun konserti olub.
Bildirilib ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” mədəniyyət ilinə həsr olunmuş 1789 tədbir keçirilib.
Diqqətə çatdırılıb ki, bu dövrdə “Şərur” Xalq Yallı Ansamblı Türkiyə Respublikasına səfər edib, Kastamonu şəhərində keçirilən “Kastamonu – 2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimində, həmçinin Ankara, Kastamonu, ­İstanbul şəhərlərində təşkil edilmiş Novruz şənliklərində çıxış edib.
Sonra məruzə ətrafında müzakirələr olub.

*  *  *

Altı ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasını nazir Cavid Səfərov açaraq bildirib ki, cari ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib, xidmət mərkəzlərində olan vakant yerlər üzrə 48, keçirilən əmək yarmarkalarında isə 212 olmaqla, ümumilikdə, 1315 nəfər müxtəlif sahələrdə işlə təmin olunub, 108 nəfər peşə kurslarına cəlb edilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı ilin birinci yarısında da uzun müddət ünvanlı dövlət sosial yardımı alan 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaqlarına yardım edilib.
Vurğulanıb ki, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri nəticəsində 215 sahibkarlıq obyektində 236 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 526 halda isə əməkhaqlarının real göstərilməsinə nail olunub. Bunlarla yanaşı, iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət davam etdirilib, 48 işçi fərdi və kollektiv mühafizə vasitələri ilə yerində təmin olunub, 20 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə 274 nəfərə sosial xidmət göstərilib, Əlillərin Bərpa Mərkəzində 136 şəxsin, Uşaq Bərpa Mərkəzində 150 uşağın müalicəsi təşkil edilib, 187 nəfərə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 172 nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilib, 57 nəfərə müalicəsi üçün maddi köməklik olunub, az­təminatlı 6 ailəyə baş çəkilib, 136 nəfərə isə protez-ortopedik xidmət göstərilib.
Kollegiya iclası məruzə ətrafında müzakirə ilə davam edib.

*  *  *

Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər cari ildə də davam etdirilib. Tibb fakültəsinin yerləşdiyi tədris korpusunun əsaslı surətdə yenidən qurulması işlərinin aparıldığını deyən rektor 2018-ci ildə fakültələr üçün lazımi qurğu və avadanlıqların alındığını, Sosial idarəetmə və hüquq fakültəsində tam təminatlı ekspertiza laboratoriyasının istifadəyə verildiyini bildirib.
Qeyd olunub ki, 2017-2018-ci tədris ilində ali təhsil ocağını 132 magistrant, 1219 bakalavr, 6 rezident bitirib. Universitetdə əlverişli elmi mühitin olduğunu vurğulayan rektor bildirib ki, bu il 14 mono­qrafiya, 8 dərslik, 39 dərs vəsaiti, 78 proqram, metodik vəsait, 556-sı ölkəmizdə, 80-i isə xaricdə olmaqla, 636 məqalə nəşr olunub. İmpakt-faktor jurnallarda çıxan məqalələrin sayı isə 8-dir.
Universitet Erasmus+ layihəsi çərçivəsində Erasmus+AESOP, Erasmus+NİZAMİ və Erasmus+Petra layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir. Ali təhsil ocağında Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyinin əsas sayıldığı və bu istiqamətdə tələbə mübadiləsinin davam etdirildiyi diqqətə çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində ke­çirilən yığıncaqda müəssisənin direktoru Behruz Əzimov məruzə edib.
Qeyd edilib ki, hesabat dövründə muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən ilin sonunadək muxtar respublikaya 40 min ton A-92 markalı benzin, 120 min ton dizel yanacağı, 20 min ton bitum, 11 min ton mazut, 1200 ton müxtəlif yağlar, 5 min ton maye qaz gətirilməsi nəzərdə tutulub. İlin ilk altı ayı ərzində muxtar respublikaya 14 min 32,1 ton A-92 markalı benzin, 66 min 606,3 ton dizel yanacağı, ­ 2 min 370,3 ton bitum, 10 min 982 ton mazut, 177,4 ton müxtəlif növ yağlar, 2 min 746 ton maye qaz gətirilib.
Bildirilib ki, alınan yanacaq muxtar respublikaya İran İslam Respublikasını keçməklə və Bakı-Gürcüstan-Türkiyə marşrutları üzrə daşınır. 2018-ci ilin 6 ayı ərzində Gürcüstan-Türkiyə xətti ilə 12 min 210,9 ton dizel yanacağı və 994,7 ton A-92 markalı avtobenzin, ümumilikdə, 13 min 205,6 ton neft məhsulları daşınıb. İran İslam Respublikasından keçməklə 54 min 562,2 ton dizel yanacağı, 13 min 27,9 ton A-92, 2 min 370,3 ton bitum, 10 min 982 ton mazut, 2 min 746 ton maye qaz, 177,4 ton müxtəlif növ yağlar, ümumilikdə, 83 min 865,8 ton neft məhsulları gətirilib.
Vurğulanıb ki, müəssisə tərəfindən hesabat dövründə ümumi dövriyyəsi 61 milyon 286 min manat olan 96 min 925,5 ton müxtəlif növ neft məhsullarının satışı həyata keçirilib. Bu da 14 min 519,3 ton avtobenzin, 67 min 16,6 ton dizel yanacağı, 2 min 370,3 ton bitum, 10 min 75,5 ton mazut, 2 min 766,5 ton maye qaz, 177,4 ton müxtəlif növ yağlardan ibarətdir. Cari ilin 6 ayı ərzində müəssisə satışdan 630 min manat mənfəət əldə edib.
Diqqətə çatdırılıb ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması daim nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisəyə yanacaq daşıyan avtomaşınlar tam saz vəziyyətdədir, kifayət qədər yanacaq ehtiyatı yaradılıb. Hazırda müəssisənin anbarlarında 1538 ton A-92 benzini, 2 min 706 ton dizel yanacağı, 851,2 ton mazut, 8,3 ton maye qaz ehtiyatı vardır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR