Həyat üçün ən qiymətli sərvət olan suya tələbatın ödənilməsi istiqamətində muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq tədbirləri qədim diyarımızda geniş vüsət almış tikinti işlərinin tərkibində xüsusi çəkiyə malikdir. Bu barədə danışarkən ötən əsrin sonlarında, XXI əsrin əvvəllərində yaşadığımız həqiqətləri xatırlamamaq olmur. Mövcud su təsərrüfatının dağılması məhsuldar torpaq sahələrinin boş qalması və dükan-bazarlarımızda ən zəruri ərzaq məhsullarının tapılmaması ilə nəticələndi, içməli su problemi yarandı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikada bu istiqamətdə əsaslı islahatlara start verilməsi ilə həmin çətinliklər aradan qaldırılmağa başladı. Meliorasiya və irriqasiya qurumlarının fəaliyyətinin tənzimlənməsi, muxtar respublikada mövcud su mənbələrində təmir-bərpa işlərinin aparılması, yeni su mənbələrinin yaradılması başlıca vəzifə olaraq qarşıya qoyuldu. Düzdür, o illərdə bu məsələlərin həlli çoxlu vəsait tələb edirdi, görülən hər bir iş çətinliklərlə başa gəlirdi. Ancaq insan amilinə qayğı bu çətinliklərin hamısının dəf edilməsində mühüm rol oynadı. Həyata keçirilən tədbirlərin öz bəhrələrini verməsi isə göz qabağındadır. Muxtar respublikanın bütün rayonlarında nasos stansiyalarının təzyiqli boru xətlərinin təmir-bərpa edilməsi, suvarma kanal və arxlarının lildən təmizlənməsi, çay və selov yataqlarında torpaq bəndlərin və lazım gəldikdə daş bəndlərin quraşdırılması, mövcud su anbarları və sututarların suvarma suyu ilə doldurulması, magistral yolların ətrafında salınmış yaşıllıq zolaqlarının suvarma suyu ilə təmin olunması üçün suvarma boru xətlərinin quraşdırılması bir neçə ildir ki, bu sahədə yeni uğurlara yol açıb. Əkin sahələrinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq məqsədilə əlavə suvarma boru xətlərinin çəkilməsi və mövcud xətlərdə təmir-bərpa işlərinin aparılması, suvarılan əkin sahələrində şoranlaşmanın qarşısının alınması üçün mövcud kollektor-drenaj şəbəkələrinin, eləcə də istismarda olan, lakin işləməyən qapalı drenajların lildən təmizlənməsi, yeni drenajların qazılması, qrunt sularının səviyyəsinin aşağı salınması üçün yeni qapalı drenajların, həmçinin əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə əlavə içməli su xətlərinin tikintisi və mövcud xətlərdə təmir-bərpa işlərinin aparılması insanların bu qiymətli sərvətdən istifadəsini tam təmin edib.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Babək rayonunda da həyata keçirilən belə tədbirlər suvarma və içməli su problemini aradan qaldırıb. 2018-ci ilin ötən 7 ayı ərzində də həmin tədbirlər yüksək keyfiyyətlə davam etdirilib. Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, çay və selov yataqlarında mexaniki torpaq işləri icra olunaraq 18,4 kilometr bəndbərkitmə və sahilbərkitmə tədbirləri həyata keçirilib. Suvarma arx və kanallarında da həmin işlər görülüb, 4,62 kilometr suvarma kanalı və 50,3 kilometr suvarma arxı lildən təmizlənib.
Ehtiyac duyulan kollektorlarda da təmir işləri aparılaraq işlək vəziyyətə gətirilib. Belə ki, 3,75 kilometrdə lildən təmizləmə və təmir-bərpa işləri görülüb, 1,41 kilometr drenaj xətti lildən təmizlənib, 2,75 kilometr yeni drenaj xətti qazılıb. Bütün bunlar isə 197,8 hektar sahənin meliorativ vəziyyətinin yaxşılaşmasına səbəb olub.
Əhalinin içməli suya olan tələbatının ödənilməsini su təsərrüfatı işçiləri diqqət mərkəzində saxlayırlar. Bunun ifadəsidir ki, müxtəlif diametrli plastik, çuqun, metal borularla 3,1 kilometr uzunluğunda içməli su xətlərində təmir-bərpa işləri aparılıb, 2,4 kilometr yeni xətt quraşdırılıb.
Rayonun su təsərrüfatı işçiləri salınmış yaşıllıq zolaqlarının su ilə təminatına da ciddi önəm verirlər. Bunun ifadəsidir ki, magistral yolların kənarlarında salınmış həmin sahələri suvarma suyu ilə itkisiz təmin etmək üçün müxtəlif diametrli plastik borularla 4880 paqonometr uzunluğunda yeni xətlər salınıb, istismarda olan 9387 paqonometr uzunluğunda xətlərdə, həmçinin nasos stansiyalarının təzyiqli boru xətlərinin 7,52 kilometrində və xətlərin üzərindəki avadanlıqlarda bərpa işləri aparılıb. Həmin xətlər üzərində olan avadanlıqlar təmir edilib, ehtiyac duyulan yerlərdə yeni avadanlıqlar quraşdırılıb.
Uzunoba gölünə sugətirən kanalda 476 metr məsafədə də təmir-bərpa işləri həyata keçirilib, beton plitələrlə üzlənilib.
Görülən tədbirlər hesabına 51 min 760 hektar suvarılan sahənin 36 min 935 hektarının öz axını ilə, 14 min 825 hektarının isə mexaniki üsulla suvarma suyu ilə təchizatında çətinliklər olmayıb.
Cari ilin ötən dövrü ərzində rayonda həyata keçirilən ən böyük tədbirlərdən biri Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi olub, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı layihə-3” başa çatdırılıb. Yaşayış məntəqəsinə müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilib, 576 evə su verilərək sayğac quraşdırılıb, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunublar. Su şəbəkəsinin üzərində 3 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Su Babək qəsəbəsinə gələn ana xətdən götürülərək natrium hipoxloridlə dezinfeksiya olunur və daxili supaylayıcı şəbəkəyə ötürülür. Şəkərabad kəndində müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilib, bütün mənzillər şəbəkəyə qoşulub. Aparılan tikinti işləri Şəkərabad kəndini, həmçinin hava limanını, yaxınlıqdakı hərbi hissəni və müəssisələri də əhatə edir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Su və kanalizasiya sistemləri təmizlik və sağlamlıq deməkdir. Bu gün Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla, 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunur, gigiyenik qaydalar qorunur. Bütün bunlar isə Şəkərabad kəndində insanların rahat yaşayışına və sağlamlıqlarının qorunmasına hesablanmış tədbirlərdir. Bu işlər o ölkədə həyata keçirilir ki, həmin ölkədə sabitlik, inkişaf və dövlət-xalq birliyi vardır. Ölkəmizdə həyata keçirilən düzgün siyasi xətt, mövcud sabitlik və iqtisadi inkişaf yaşayış məntəqələrində bu layihələrin uğurla həyata keçirilməsinə imkan verir”.
Göründüyü kimi, muxtar respublikanın ən böyük bölgələrindən biri olan Babək rayonunda əhalinin suvarma və içməli suya olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır. Bu isə əhalinin rastlaşdığı çətinliklərin aradan qaldırılmasını təmin edir, onların rahat yaşamasına stimul verir. Bu da babəklilər tərəfindən onlara göstərilən qayğı kimi yüksək dəyərləndirilir.
Muxtar Məmmədov