24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Kəngərli Rayon İcra ­Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
İcra Hakimiyyətinin başçısı ­Kamal Ələkbərov tədbiri açaraq rayonda sığorta fəaliyyətinin təşkili sahəsində görülmüş işlər haqqında danışıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, sığorta müasir dövrdə hər bir insan üçün vacib tələbatlardan birinə çevrilib. O qeyd edib ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafında əhəmiyyətli olan sığorta gözlənilməz hadisələr baş verdikdə vətəndaşlara dəyən maddi zərərlərə təminat verir.
Vurğulanıb ki, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.
Qeyd olunub ki, vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat verilir, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaradılır. Buna görə də ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir. Gözlənilməz hadisələr baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin olunur.

Baş direktor həyata keçirilən sığorta növləri üzrə Kəngərlidə görülmüş işləri təhlil edərək bildirib ki, ötən müddətdə burada bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, rayon üzrə cari ilin ilk 7 ayında, ümumilikdə, 2792 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 528, daşınmaz əmlakın icbari sığortası üzrə 1159 ədəd sığorta müqaviləsi bağlanılıb. Könüllü sığorta müqavilələri isə 1093 ədəd təşkil edir.
Bildirilib ki, bununla yanaşı, rayonda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, ev əmlakı, fərdi qəza, kənd təsərrüfatı sığortası və digər sığorta növləri üzrə görülmüş işlərlə bərabər, hələ də daşınmaz əmlakını icbari sığorta etdirməyən vətəndaşlar və sahibkarlar vardır. Eləcə də yol hərəkətində iştirak edən avtonəqliyyat vasitəsi sahibləri tərəfindən mülki məsuliyyətini icbari sığorta etdirməyən fiziki şəxslər vardır.
Diqqətə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin olunmalıdır. Bu məqsədlə Kəngərli rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsinə diqqətin daha da artırılması və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsi zərurəti vurğulanıb. Könüllü sığorta növlərinin, o cümlədən kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bunlar da, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Sonra Kəngərli Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov, Kəngərli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupunun baş dövlət avtomobil müfəttişi, polis mayoru Seyidrza Seyidov görülmüş işlər barəsində məlumat veriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR