24 Dekabr 2024, Çərşənbə axşamı

Culfa Rayon İcra Hakimiyyətində dini bayramların, ayinlərin və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi ilə bağlı müşavirə olub. Tədbiri İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq çıxış edib.
Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev­in­ rəhbərliyi altında ölkəmizdə xalqımızın multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində məqsədyönlü siyasət həyata keçirildi, dövlət­-din münasibətlərində yeni bir mərhələ başlandı. Multikulturalizmin cəmiyyətlər arasında münasibətlərdəki önəmini nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyev 2014-cü ilin may ayında dünyada ilk olaraq ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. Həmçinin Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub.
Təsadüfi deyil ki, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də insan hüquq və azadlıqlarına hörmətlə yanaşılan, tolerant və multikultural ölkə kimi tanınır. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Azərbaycanın müsəlman dünyasının layiqli bir üzvü kimi beynəlxalq aləmin diqqət mərkəzində olmasından irəli gəlir.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət-din münasibətlərinin nizamlanması sahəsində ardıcıl işlər aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il avqustun 20-də imzaladığı “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” Sərəncamın əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsidir.
Şükür Babayev diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin, dini etiqadlarımızın qorunmasına göstərilən dövlət qayğısı sayəsində Culfa rayonunda da tarixi, mədəniyyət, dini və təbiət abidələrinin və mədəni irs obyektlərinin bərpası və yenidən qurulması, həmçinin yeni məscidlərin tikintisi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Milli-mənəvi dəyərlərimizə göstərilən diqqətin nəticəsidir ki, son illərdə rayonun Əbrəqunus kəndində yeni məscid binası, ­Camaldın, Ərəzin, Xanəgah, Milax kəndlərində yas mərasimlərinin keçirilməsi üçün mərasim evləri tikilib istifadəyə verilib. Hazırda rayon ərazisində 24 məscid, 5 ziyarətgah mövcuddur.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Nəriman İbrahimov, Təhlükəsizlik Xidmətinin Culfa Rayon Şöbəsinin rəisi Nəsimi Abbaslı, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Orxan Ələkbərli çıxış ediblər.

Hüseyn ŞƏKƏRƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR