24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirəni maliyyə naziri Səbuhi Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elçin Əliyev çıxış edərək bildirib ki, 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin də qarşısına bir sıra vəzifələr qoyulub. Belə ki, istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-­materialların alınması üçün lazımi maliyyə vəsaitinin ayrılması, həmçinin dövlət müəssisələrində enerji­daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını diqqətdə saxlamaq tapşırılıb.
Qeyd olunub ki, müşavirədə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Səhiyyə, Mədəniyyət nazirliklərinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrində 2018-2019-cu illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü” təsdiq edilib. Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən nazirlik, komitə, idarə və təşkilatların 2018-ci ildə saxlanılması xərcləri smetasında kommunal xidmətlərin ödənilməsi və qış mövsümündə tələb olunan mal-materialın alınması üçün vəsait nəzərdə tutulub.

Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilmiş tapşırıqların icrası Maliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılmaqla debitor-kreditor borcların yaranmaması üçün kommunal xidmətlərin haqqının ödənilməsi və mal-materialın alınması ilə bağlı maliyyələşmələr vaxtında həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə əsasən alınacaq mal-materialların qiymətlərinin bazar qiymətlərinə uyğunluğu nazirliyin Xəzinə şöbəsinin dövlət satınalmalarına nəzarət sektoru tərəfindən ciddi nəzarətdə saxlanılacaqdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında da bir sıra tapşırıqlar qoyulub. Həmin tapşırıqların icrası ilə əlaqədar cəmiyyətin idarə və strukturlarında payız-qış mövsümünə hazırlığa dair müvafiq əmrlə qərargah yaradılıb, ötən mövsümdəki işlər təhlil edilərək, aşkar olunan nöqsanlar nəzərə alınmaqla bir sıra tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə yolların vəziyyəti yoxlanılıb, kəskin ehtiyac duyulan sahələrdə 5 min 683 rezin altlıq, 3092 mis relsbirləşdiricisi dəyişdirilib. Yolun təmiri məqsədilə 2 ədəd 12,5 metr uzunluğunda R-50 tipli yararsız rels yarımyararlı relslərlə əvəzləşdirilib. Elektrovozların normal və fasiləsiz işini təmin etmək üçün Bakı şəhərindən 2 dartı motoru alınıb dəyişdirilib. Ötən il alınmış 8 cüt təkərdən 5-i dəyişdirilib, 3-ü isə ehtiyatda saxlanılır. Mövsümə hazırlıqla əlaqədar 79 müxtəliftipli vaqonda cari və depo təmiri aparılıb, 23 ton ox, 16 ton reduktor, 31 ton dizel, 140 kiloqram isə sürtkü yağları ehtiyatı yaradılıb. İstilik sistemləri ilə təchiz edilən sərnişin vaqonlarının və aralıq stansiyalarda növbətçi otaqların qış mövsümündə qızdırılması üçün 38,5 ton daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq mövsüm ərəfəsində 40 ton kömür alınıb gətirilməsi nəzərdə tutulub.
Bildirilib ki, payız-qış mövsümündə 110/35/10 kilovoltluq Naxçıvan dartı yarımstansiyasının normal işinin təmin olunması məqsədilə istismar müddətləri ötmüş 18 akkumulyator batareyası yeniləri ilə əvəz olunub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını xidmətin rəisi Namiq Paşayev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Energetika Xidmətinə müvafiq tədbirlər görülməsi məqsədilə bir sıra tapşırıqlar verilib. Bu tapşırıqların icrasını həyata keçirmək üçün xidmətin bütün struktur bölmələri lazımi göstərişlərlə təlimatlandırılıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin yeddi ayında elektrik stansiyalarında 248 milyon 423 min 589 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb. Bu enerjinin 110 milyon 967 min 900 kilovat-saatı və ya 44,7 faizi su, 20 milyon 946 min kilovat-saatı və ya 8,4 faizi günəş, 116 milyon 509 min 689 kilovat-saatı və ya 46,9 faizi isə istilik elektrik stansiyalarında istehsal edilib. Alternativ və bərpaolunan enerji mənbələrində 131 milyon 913 min 900 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,1 faizini təşkil edir.
Vurğulanıb ki, 2018-ci ilin yeddi ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun əsaslı və cari təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib. Bundan əlavə, Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb, ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə ­tutulub.
Xidmət rəsi bildirib ki, xidmətin istismar sahəsinə daxil olan elektrik qurğularında istər nəzərdə tutulan əsaslı təmir işlərinin aparılması, istərsə də baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədilə xarici ölkələrin firma və şirkətləri ilə bağlanmış müqavilələr əsasında ağac dirəklər, qoruyucusu olan ayırıcılar, müxtəlif en kəsikli AER markalı kabellər və XLPE markalı yüksəkgərginlikli və alçaqgərginlikli kabellər, kabel başlıqları, müxtəlif güclü 10/0,4 kilovoltluq güc transformatorları, müxtəlif en kəsikli alüminium məftillər alınaraq muxtar respublikamıza gətirilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə məruzə ilə çıxış edən rayon İcra Hakimiyətinin başçısı Həbib İbrahimov bildirib ki, bu dövr ərzində rayon ərazisində nasaz hala düşmüş transformator yarımstansiyaları və hava xətləri təmir olunub. Payız-qış mövsümündə əhalini fasiləsiz mavi yanacaqla təmin etmək üçün daşıyıcı və paylayıcı xətlərdə təmir işləri aparılıb, korroziyaya uğramış borular yenisi ilə əvəz olunub, 1630 ədəd sayğaca mühafizə qutusu quraşdırılıb və bu sahədə işlər davam etdirilir.
Qeyd edilib ki, rayonda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işləri sürətləndirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır. Rayon Elektrik Şəbəkəsi enerji təchizatı sisteminin dayanqlılığını, ötürücü və paylayıcı şəbəkələrdə avadanlıqların normal işləməsini təmin etməli, enerji israfçılığına yol verilməsi, elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınması istiqamətində tədbirləri davam ­etdirməlidir.
Diqqətə çatdırılıb ki, rayon Qaz İstismar İdarəsi təbii qaz yanacağı ilə əhalinin təminatını yaxşılaşdırmaq üçün payız-qış mövsümünə hazırlıqla əlaqədar qaz təchizatı sisteminə texniki baxış həyata keçirməli, mövcud nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, istifadə müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsinin sürətləndirilməsi, sayğacdankənar istifadənin qarşısının alınması üçün görülən işlərin səmərəliliyinin artırılmasını, yaradılmış mal-material ehtiyatlarından düzgün istifadə edilməsini diqqət mərkəzində saxlamalıdır.
Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti təmin olunmalı, qazanxanaların işinə nəzarət artırılmalı, rayon Mərkəzi Xəstəxanası tərəfindən kəndlərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin dərman preparatları ilə təminatı daha da gücləndirilməlidir.
İcra başçısı qeyd edib ki, rayon Baytarlıq İdarəsi heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstə­liklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqət mərkəzində saxlamalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR