Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin kollegiya iclasında beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr müzakirə olunub. İclası agentliyin direktoru Vüqar Babayev açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2018-ci ilin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki “İslam dinində Ramazan və Qurban bayramları” mövzusunda elmi forum, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “İslam dinində ailə dəyərləri” mövzusunda konfrans təşkil olunub. Bu tədbirlər çərçivəsində “İslamda müdrik kəlamlar” adlı kitab da nəşr edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
Bildirilib ki, rayon və kəndlərdə fəaliyyət göstərən məscidlərin təmizliyinə ciddi diqqət göstərilir. Məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Məscidlərdə birgə ibadət etmə təmin olunub, bölgələrdə maarifləndirmə işləri aparılıb. Din xadimləri tərəfindən namazların və eləcə də cümə namazlarının təşkili diqqətdə saxlanılır.
Vurğulanıb ki, xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Belə ki, zəvvar qruplarının təşkili müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə lisenziyalaşdırılmış formada və dini qurumlarla iş üzrə idarə ilə razılıq əsasında bir neçə şəxs tərəfindən aparılır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Agentlik dövlətin din sahəsində mövcud konsepsiyasını əsas tutaraq din-dövlət münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin icrası, dini icmalar və cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği və maarifləndirmə işlərinin təşkili istiqamətlərində fəaliyyət göstərir.
Qeyd olunub ki, ötən dövr ərzində muxtar respublika ərazisində 72 məscid tikilib, 95 məscid, 23 pir yenidən qurulub və ya bərpa olunub. Hazırda muxtar respublika ərazisində 209 məscid fəaliyyət göstərir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi