24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində keçirilən kollegiya iclasında çıxış edən muxtar respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov bildirib ki, 2018-ci ilin birinci yarısında komitənin xətti ilə 66,1 milyon manatlıq inşaat işləri yerinə yetirilib. Bunun da 63,5 milyon manatını və ya 96,1 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib.
Qeyd olunub ki, 2018-ci ilin ilk 6 ayı ərzində Naxçıvan şəhər Qaraxanbəyli kəndində 480, Şərur rayon Ərəbyengicə kəndində 208, Culfa rayon Dizə kəndində isə 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan Müəllimlər İnstitutu binasının isə yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin, Naxçıvan Şəhər Tibb Kollecinin, Naxçıvan Şəhər Polis Məktəbinin, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin, Şərur rayon Kosacan, İbadulla, Kərimbəyli, Babək rayon Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayon Qazançı, Ordubad rayon Dəstə kəndlərində yerləşən məktəb binalarının tikintisi və ya yenidənqurma işləri isə davam etdirilir.
Komitə sədri bildirib ki, cari ilin ilk 6 ayı ərzində Naxçıvan şəhər “N” hərbi hissədə xəstəxana, Şərur rayon Ərəbyengicə kəndində həkim ambu­latoriyası binasının tikintisi və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Naxçıvan Qarnizonunun Hərbi xəstəxanası, Şərur şəhərində Uşaq Poliklinikası, Şərur rayonunda İbadulla, Kərimbəyli, Babək rayonunda Aşağı Buzqov, Ordubad rayonda Dəstə kənd­lərində həkim ambulatoriyası binalarının ­tikintisi və ya yenidən qurulması davam etdirilir.

Qeyd olunub ki, hesabat dövründə Culfa rayonunun Dizə, Şərur rayonunun Ərəbyengicə kəndlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının isə yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Şərur rayonda Ərəbyengicə və Culfa rayonda Dizə kəndlərində xidmət mərkəzi binalarının tikintisi tamamlanıb. Şərur rayonunun İbadulla, Kosacan, Kərimbəyli, Culfa rayonunun Qazançı, Babək rayonunun Yuxarı Buzqov, Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kəndlərində xidmət mərkəzlərinin tikintisi işləri isə davam etdirilir.
Sonra iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, hesabat dövründə Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması başa çatdırılıb. Naxçıvan-Sədərək avtomobil yolunda, həmçinin muxtar respublikanın rayondaxili avtomobil yollarında cari təmir, şəhərdaxili avtomobil yollarında isə asfalt-beton işləri görülüb, kənddaxili yollarda yenidənqurma işləri davam etdirilib.
Sonra digər çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan televiziyasında keçirilən iclasda 2018-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi barədə” 2018-ci ilin 6 fevral tarixində imzaladığı Sərəncamın teleradionun inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini ­diqqətə çatdırıb.
Qeyd olunub ki, Tədbirlər Planının icrası çərçivəsində ən müasir yayım və çəkiliş avadanlıqları alınıb, yeni yaradıcılıq redaksiyaları təşkil olunub. Aprel ayında Naxçıvanın ilk rəsmi informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyətə başlayıb, televiziyanın mütəxəssisləri tərəfindən agentliyin yeni internet saytı hazırlanıb. Televiziyada ilk dəfə Xalq Çalğı Alətləri Ansamblı yaradılıb.
İyun ayının 15-dən televiziyanın və radionun efir vaxtlarının daha bir saat artırılaraq 19 saata çatdırıldığını vurğulayan komitə sədri kinooperatorlara ustad dərslərinin keçilməsi üçün Bakı şəhərindən mütəxəssis dəvət olunmaqla praktik təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, artıq televiziyanın “Xəbərlər” proqramı Azərbaycan dili ilə yanaşı, ingilis dilində də yayımlanır. Avqust ayından isə xəbərlər rus dilində də tamaşaçılara təqdim ediləcək.
Komitə sədri beşinci çağırış ­Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin səkkizinci sessiyasında kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya və radionun da qarşısında bir sıra tapşırıqların qoyulduğunu diqqətə çatdırıb. Sahil Tahirli deyib ki, informasiya-məlumatlandırma işinin səmərəli təşkili, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi işi bundan sonra da sistemli şəkildə davam etdiriləcək.
Komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşıyev, televiziyanın İctimai-siyasi məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov, radionun İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru Məhəmməd Fərəcov görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, ötən 6 ayda televiziyada yüzlərlə film və veriliş hazırlanıb, tamaşaçı və dinləyicilərə operativ informasiyalar çatdırılıb, ünvanlı proqram siyasəti həyata keçirilib.
İclasın sonunda 2018-ci ilin ikinci yarısında görüləcək işlər müzakirə edilib və redaksiyalar üzrə konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR