Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn məsələlərin, 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, dövlətimiz tərəfindən gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması diqqətdə saxlanılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hesabat dövrü ərzində iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, xüsusilə diqqətdə saxlanılıb. 2017-ci ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük sərhəd-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçirilib. Sutkalıq iş rejiminə keçid həmin gömrük orqanından istifadənin daha da yaxşılaşmasına, gediş-gəlişin fasiləsiz təmin olunmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradıb.
Komitə sədri vurğulayıb ki, 2018-ci ilin birinci yarısında muxtar respublika gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnoz-tapşırığa 100 faiz əməl edilib. Belə ki, büdcənin formalaşdırılması üçün yanvar-iyun ayları ərzində 3 milyon 806 min 527 manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb. Büdcəyə köçürülmüş gömrük ödənişləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 722 min 502 manat çox olub.
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 53 ölkə ilə 212 milyon 318 min 800 ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb. İxrac əməliyyatları, əsasən, Türkiyə, İran, Gürcüstan, Rusiya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib. İxracın strukturunda sənaye məhsullarının payı 79 faiz olub.
2018-ci ilin birinci yarısında gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində 8 cinayət faktı aşkarlanıb, 104 kiloqram 961 qram heroin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 179 qram metamfetamin, 10 ədəd tramadol adlı güclü psixotrop maddə, 20 ədəd klonazepam adlı psixotrop tərkibli dərman aşkar edilib. Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində X-ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində 104 kiloqram 530 qram heroinin aşkarlanması Naxçıvan gömrükçülərinin bu sahədə ən böyük nailiyyəti olub.
Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9,5 qram marixuana, 100 ədəd tramadol adlı güclü təsiredici psixotrop maddə saxlanılıb.
Hesabat dövründə psixotrop maddələrin muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 36 min tabletdən çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da 34 min tabletdən çoxu psixotrop tərkibli olub. Gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 73 icraat aparılıb və 23 min 800 manat cərimə ödənişi təmin olunub.
Qeyd olunub ki, gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət edilib. Hesabat dövrü ərzində keyfiyyət göstəricilərinin təyini ilə bağlı, ümumilikdə, 244 ton məhsuldan alınan prob və nümunələrin ekspertizası aparılıb. Həmin mallardan 31 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun keyfiyyət göstəriciləri normalara cavab vermədiyindən, o cümlədən markalanma və qablaşması tələblərə uyğun olmadığından muxtar respublika ərazisinə buraxılmayıb.
Kollegiya iclasında cari ilin birinci yarısında gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində görülmüş işlərin və gömrük orqanlarında həyata keçirilmiş audit yoxlamalarının nəticələri müzakirə olunub, “Naxçıvanterminalkompleks” Birliyinin yarımillik fəaliyyətinə dair hesabat dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə edib.
Bildirilib ki, 2018-ci ilin may ayında muxtar respublikanın ictimai-siyasi, sosial həyatına müsbət təsir edən əlamətdar hadisə baş verib. Belə ki, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bu, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın yenidən həmin ərazilərdə məskunlaşmasını və nəticədə, daxili miqrasiya proseslərini şərtləndirəcəkdir.
Qeyd olunub ki, hesabat dövründə xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirilib və ümumilikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozan 165 əcnəbi aşkarlanıb. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 10 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.
Vurğulanıb ki, bəhs edilən dövrdə xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı 4226, müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 312, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 3, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 3, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 22, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 113 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Famil Seyidov bildirib ki, 2018-ci ilin birinci yarımili ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 246 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib.
Qeyd edilib ki, bəhs olunan dövrdə muxtar respublikada sənaye məhsulu istehsalının həcmi 1,4, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1, kənd təsərrüfatı məhsullarının həcmi 3,6, informasiya və rabitə xidmətlərinin həcmi 2,6, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,6 faiz artıb.
Yeni layihələrin dəstəklənməsindən də danışan nazir vurğulayıb ki, 2018-ci ilin ötən dövrü ərzində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 25 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlər ayrılıb. Bu kreditlərin 5 milyon 150 min manatı sənayenin, 585 min 800 manatı kənd təsərrüfatının inkişafına yönəldilib. Sahibkarlığa göstərilən diqqət və qayğı nəticəsində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yeni yaradılan müəssisələrdə 272 iş yeri açılıb. Hazırda 20 layihənin icrası davam etdirilir.
Naxçıvanın ixrac potensialına da toxunan nazir diqqətə çatdırıb ki, sənayedə istehsalın həcminin artması nəticəsində cari ilin 6 ayı ərzində 150 milyon ABŞ dollarından çox sənaye, 40 milyon ABŞ dollarından çox kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. Bundan əlavə, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən 14 müəssisənin istehsal etdiyi 40 çeşiddə hədiyyəlik məhsul və sənətkarlar tərəfindən üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan 748 suvenir hazırlanaraq 12 obyektdə satışa çıxarılıb.
Bildirilib ki, 2018-ci ilin 6 ayı ərzində 23 yeni olmaqla, ümumilikdə, rayon və kəndlərdə 730 emal sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı diqqətdə saxlanılıb, 14 heyvandarlıq təsərrüfatı yaradılması başa çatdırılıb, bir heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Bunlardan əlavə, 2 quşçuluq və bir balıqçılıq təsərrüfatı yaradılıb, bir balıqçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.
Vurğulanıb ki, kənd təsərrüfatı sahəsində görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada verilən təkcə güzəştli kreditlər hesabına yaradılmış 270 heyvandarlıq, 84 quşçuluq, 14 balıqçılıq, 109 arıçılıq, 66 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min 120 ton olan 32 soyuducu anbar, ümumi sahəsi 129 min 162 kvadratmetr olan 22 istixana kompleksi, 19 taxıl emalı müəssisəsi əhalinin mövsümi və ilboyu məhsullara olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi