Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ilin birinci yarımilində rayonun sosial-iqtisadi inkişafı barədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məruzə edib.
Bildirilib ki, hesabat dövründə Ərəbyengicə kəndində bir sıra sosial obyektlər istifadəyə verilib. Hazırda İbadulla, Kərimbəyli və Kosacan kəndlərində məktəblər, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası və digər obyektlər inşa olunur, rayon mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan Avtomobil Zavodunun Texniki Servis Mərkəzi, uşaq poliklinikası tikilir. Kapitan Seyidov küçəsindəki 7 nömrəli beşmərtəbəli yaşayış binasının əsaslı təmiri, Yengicə kəndində XVIII əsrə aid hamamın bərpası, Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə və Siyaqut-Kosacan kəndlərini birləşdirən avtomobil yollarına asfalt örtüyün salınması işləri davam etdirilib.
Qeyd olunub ki, rayonda 2018-ci ilin məhsulu üçün 17 min 115 hektar sahədə əkin keçirilib. Bunun da 4 min 348 hektarını buğda və arpa təşkil edir. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq intensiv amillər hesabına artırılıb. Bunun nəticəsində altı ay ərzində 49 milyon 486,8 min manatlıq müxtəlif bitkiçilik və heyvandarlıq məhsulları istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Həyata keçirilmiş meliorativ tədbirlər sayəsində müxtəlif kəndlərdə 339 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq əkin üçün yararlı hala gətirilib. Heyvandarlıq və arıçılıq kənd təsərrüfatında xüsusi çəkiyə malik olan sahələrdəndir. Hazırda rayonda 37 min 359 baş iribuynuzlu mal-qara, 137 min 28 baş xırdabuynuzlu heyvan, 358 arı təsərrüfatında 9 min 124 arı ailəsi vardır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında müntəzəm davam etdirilən ekoloji siyasət təbiətin yaşıl örtüyünün qorunmasında və artırılmasında əhəmiyyətli rol oynayır. Şərurda iməciliklər yolu ilə aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində 5,25 hektar sahədə yeni meyvə bağları salınıb, 10 hektarda bərpa işləri aparılıb. Sahibkarlar tərəfindən isə 24,73 hektar sahədə müxtəlif növ meyvə tingləri əkilib. Rayonda üzümçülük ənənələrinin bərpa olunması üçün aparılan tədbirlər bəhrəsini verib, müxtəlif kəndlərdə 4 hektara yaxın üzüm bağı salınıb. Bu ilin yazında isə əkin materialı hazırlamaq məqsədilə 0,4 hektar sahəyə 40 min ədəd üzüm çubuğu basdırılıb. Hazırda həmin sahədə becərmə işləri davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramının icrası istiqamətində görülən işlərdən də danışıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
* * *
Babək Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarımilində görülən işlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, 2018-ci ilin birinci yarısı Babək rayonu üçün xüsusilə əlamətdar olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 fevral tarixdə “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” imzaladığı Sərəncam rayonun keçdiyi böyük quruculuq və inkişaf proseslərinə yüksək dövlət qayğısının ən parlaq ifadəsidir. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il ucqar dağ və sərhəd kəndləri olan Aşağı və Yuxarı Buzqovda kompleks quruculuq işləri aparılır. Hesabat dövründə rayonda Ali Məclis Sədrinin iştirakı ilə Nehrəm kəndindəki “İmamzadə” türbəsi, eləcə də Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Şəkərabad kəndi yaxınlığındakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla, 5 minə yaxın sakin içməli su ilə təmin olunub. Babək qəsəbəsində bir sıra dövlət orqanlarının yerləşəcəyi dördmərtəbəli inzibati binanın əsaslı surətdə yenidən qurulması, rayon elektrik şəbəkəsi üçün yeni inzibati binanın və 7 mərtəbəli 28 mənzilli yaşayış binasının tikintisi, həmçinin Babək qəsəbə məscidində təmir-bərpa işləri davam etdirilib. Süni Mayalanma Mərkəzinin və Asfalt Zavodunun tikintisi aparılır.
Qeyd olunub ki, Babək qəsəbəsi və ətraf kəndlərin içməli su, kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində rayonun Babək qəsəbəsi, Nehrəm, Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sistemlərinin çəkilişi və Yarımca kəndində içməli su xətti üçün su anbarının tikintisi işləri davam etdirilir.
İcra başçısı vurğulayıb ki, 2018-ci ilin birinci yarısında ekoloji tarazlığın qorunması da diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə keçirilən iməciliklərdə yeni meyvə bağları salınıb, yol kənarlarında, qəsəbə və kəndlərdə yaşıllaşdırma işləri aparılıb, 6 ay ərzində rayon ərazisində 5 hektar sahədə yeni yaşıllıq zolağı salınıb, 8,1 hektar sahədə bərpa işləri aparılmaqla cəmi 13,1 hektar sahədə yaşıllaşdırma tədbirləri görülüb. Bu ərazilərdə 8300 ədəd ağac, kol və üzüm tingi əkilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
2018-ci ilin birinci yarısında Culfa rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı İcra Hakimiyyətində keçirilmiş müşavirəni İcra Hakimiyyətinin başçısı Şükür Babayev açıb.
Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində Culfa rayonunda iqtisadiyyatın bütün sahələrində əldə olunmuş dinamik inkişaf tempi saxlanılıb, şəhər və kəndlərin hərtərəfli inkişafı təmin edilib, əhalinin rifah halının yüksəldilməsinə hesablanmış tədbirlərin genişləndirilərək şaxələndirilməsinə diqqət daha da artırılıb.
İcra başçısı vurğulayıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası təmin olunmalı, əldə edilmiş sosial-iqtisadi inkişaf davam etdirilməlidir. Bunun üçün növbəti altı ayda da rayonda iqtisadi inkişafın əsas göstəricisi kimi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmalı, rayon büdcəsinin proqnoz göstəriciləri təmin edilməli, bütün tədiyə növləri üzrə vergi və rüsumların vaxtında ödənilməsinə nail olunmalıdır.
Bildirilib ki, son illərdə istifadəyə verilən yeni istehsal müəssisələri yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına səbəb olub. Belə müəssisələrin yaradılması bundan sonra da diqqətdə saxlanılacaq, vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sisteminə keçirilməsi, ailə təsərrüfatlarının yaradılması istiqamətində səylər artırılacaqdır.
İcra başçısı sessiyadan irəli gələn vəzifələrin icrası, mövcud nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.
Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar çıxışlar dinlənilib.
* * *
Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov məruzə ilə çıxış edib.
Bildirilib ki, Kəngərli rayonunda 2018-ci ilin ötən dövrü ərzində tikinti sektorunda sosial sahələr üstünlük təşkil edib, Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilərək istifadəyə verilib, Qıvraq qəsəbəsindəki 7 mərtəbədən ibarət 48 mənzilli yaşayış binasında isə tikinti işləri davam etdirilir. Eyni zamanda qəsəbədəki “N” hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binasının, qəsəbənin mərkəzində salınan yeni istirahət parkının tikintisi, həmin ərazidə avtomobil yolunun genişləndirilməsi işləri sürətləndirilib. Bu ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 25 milyon 248 min 300 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,4 faiz artaraq 23 milyon 985 min 900 manat təşkil edib.
Vurğulanıb ki, rayonda kənd təsərrüfatı sahələrinin inkişafı da diqqətdən kənarda qalmayıb. Cari ilin altı ayı ərzində 14 milyon 138 min 700 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artım deməkdir. Rayon ərazisində 2018-ci ilin məhsulu üçün 8 min 665 hektar sahədə kənd təsərrüfatı məhsullarının əkini aparılıb. Hazırda cari ilin məhsulu üçün əkilmiş 4 min 706 hektar sahədə taxıl biçini uğurla davam etdirilməkdədir. Rayonda istehsal olunan meyvə-tərəvəz məhsullarının rahat şəkildə satışını təşkil etmək üçün məhsul istehsalçılarının rayon mərkəzində və Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı yarmarkalarında iştirakları təmin olunub. Bundan əlavə, 2018-ci ilin birinci yarımili ərzində yaşıllaşdırma tədbirləri davam etdirilib, 13,5 hektar sahədə meşəsalma, 5,6 hektar sahədə meşəbərpa işləri aparılıb, 10 min 235 ədəd ting salınıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Şahbuz rayonunda keçirilən müşavirədə rаyоn İcrа Hаkimiyyətinin bаşçısı Rəfael Babayev çıxış edərək bildirib ki, 2018-ci ilin ötən dövründə də rayonun ayrı-ayrı yaşayış məntəqələrində quruculuq tədbirləri davam etdirilib. Belə ki, Şahbuz şəhərində mədəniyyət evinin binasının, çirkab sutəmizləyici qurğular kompleksinin, Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodunun tikintisində işlər sürətlə aparılıb. Muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaq kəndində dağ və xizək turizminin inkişafı üçün kompleks tədbirlər görülür.
Ötən yarımildə 6 milyon 159 min 300 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10048,3 min manat və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox vəsait yönəldilib.
Qeyd olunub ki, əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı sayəsində bu sahəyə maraq xeyli artıb. Cari ilin yazında 207 hektar sahədə yaz əkini aparılmaqla, ümumilikdə, 1615 hektar sahədə taxıl əkini keçirilib. 435 hektarda kartof, 165 hektarda tərəvəz, 421 hektarda dənli və dənli-paxlalı, 10 hektarda bostan bitkiləri və 190 hektar sahədə digər əkinlər aparılıb.
Cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, rayonda keçirilən iməciliklər zamanı yeni yaşıllıq zolaqlarının salınması üçün sahələr hazırlanıb. Belə ki, 2,3 hektar sahədə yeni bağ salınıb, 1,2 hektar sahədə bərpa işləri aparılıb, yeni salınmış bağlara 2555 ədəd, bərpa olunmuş sahələrə 740 ədəd meyvə tingi, Şahbuz-Batabat magistral avtomobil yolunun kənarlarına 365 ədəd həmişəyaşıl, 728 ədəd meşə ağaclarının tingi əkilib.
2018-ci ilin birinci yarımilində rayon büdcəsinə plandan əlavə 28 min 581 manat çox vəsait daxil olub.
Vurğulanıb ki, əhaliyə və təsərrüfatlara məxsus əmlakın, maşın-mexanizmlərin, eləcə də işçilərin fərdi qəzadan sığorta olunması istiqamətində aparılan işlər diqqət mərkəzində saxlanıldığından cari ilin ilk 6 ayında rayon Dövlət Sığorta Agentliyi tərəfindən vətəndaşlarla bağlanmış 1358 müqavilə əsasında 51 min 470 manatlıq sığorta əməliyyatı aparılıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 müqavilə, 4526 manat sığorta əməliyyatı artıq olub, 21 nəfər zərərçəkmişə 12 min 622 manat vəsait ödənilib.
İcra Hakimiyyətinin başçısı rаyоndа əhаlinin sаğlаmlığının qоrunmаsı, iqtisadi baxımdan ən gəlirli sahələrdən biri olan turizmin inkişafı istiqamətində görülən tədbirlərdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrlə bağlı Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, rayondakı sosial-iqtisadi inkişafa, aqrar sahədə qazanılan uğurlara ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olunub.
Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan tikinti-quruculuq işləri 2018-ci ilin ilk 6 ayı ərzində Sədərək rayonunda da davam etdirilib. Belə ki, rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 24,5 min manatlıq abadlıq və təmir işləri aparılıb. Heydərabad qəsəbəsində 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Vurğulanıb ki, bəhs edilən dövrdə rayonda 1085 hektar sahədə əkin keçirilib. Rayon üzrə 417 hektar sahədə tərəvəz, 190 hektarda bostan, 17 hektarda dən qarğıdalı, 24 hektarda günəbaxan, 103 hektarda kartof, 224 hektarda arpa, 37 hektarda paxlalı əkin və 73 hektar sahədə yeni yonca əkilib. 2018-ci ilin yaz əkinləri üçün 673 torpaq mülkiyyətçisinə 224 min 200 manat yardım edilib, 373 min 667 kiloqram güzəştli şərtlərlə gübrə verilib. Rayonda payız və yaz aylarında 2466 hektar sahədə taxıl əkini keçirilib, əkilən sahələrdən 7959 ton məhsul yığılıb, məhsuldarlıq 32,3 sentner təşkil edib.
İcra başçısı bildirib ki, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən bu ilin ilk 6 ayı ərzində 10 min 65 manat dəyərində əsaslı təmir işləri aparılıb, 8360 manatlıq material işlədilib və avadanlıq quraşdırılıb. Birinci yarımil ərzində rayonda 54 subartezian quyusu təmir olunub, 5 subartezian quyusuna isə yeni nasos qoyulub. Bu ilin birinci yarısında rayonda yaşıllaşdırma işlərinə də diqqət artırılıb, yolların bərpası və tikintisi istiqamətində də müəyyən işlər görülüb, poçt xidmətlərinin keyfiyyəti yaxşılaşdırılıb. Hesabat dövründə rayon məşğulluq mərkəzində 52 işaxtaran qeydiyyata alınıb və həmin vətəndaşlardan 51-i daimi işlə təmin edilib.
Diqqətə çatdırılıb ki, rayonun sosial-iqtisadi inkişafı üçün imkanlardan maksimum istifadə edilərək daha yüksək nəticələr əldə olunacaq. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi təmin ediləcək.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.
Xəbərlər şöbəsi