Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açan nazir Səbuhi Məmmədov bildirib ki, müəyyən edilmiş maliyyə və sosial siyasət strategiyası fonunda 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə dinamik inkişaf davam etdirilib. Dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların və kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi və müasir tələblərə cavab verən suvarma sistemlərinin qurulması, alternativ enerji mənbələri layihələrinin icrası üzrə həyata keçirilən tədbirlərin səmərəli maliyyələşdirilməsinə nail olunub.
Qeyd edilib ki, ötən 6 ayda Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 35 milyon 486 min manat təyinata qarşı 38 milyon 103 min manat və ya 107,4 faiz icra olunmaqla, büdcəyə nəzərdə tutulandan 2 milyon 617 min manat çox vəsait daxil olub. 2018-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 32 milyon 130 min manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 10 faizi və ya 3 milyon 806 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 4,9 faizi və ya 1 milyon 868 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,8 faizi və ya 298 min 367 manatı isə digər mənbələr hesabına daxil olub.
Diqqətə çatdırılıb ki, bu ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 244 milyon 33 min 517 manat təyinata qarşı 215 milyon 368 min 550 manat və ya 88,3 faiz icra olunub. Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər qanunvericiliyə uyğun olaraq tam və vaxtında maliyyələşdirilib.
2018-ci ilin yanvar-iyun aylarında büdcə xərclərinin 71,3 faizi və ya 153 milyon 542 min manatı cari xərclərə, 28,7 faizi və ya 61 milyon 826 min manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Hesabat dövründə dövlət büdcəsinin icrası zamanı büdcədən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına nəzarət davam etdirilib, bununla büdcə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət olunub.
Nazir vurğulayıb ki, ötən altı ayda muxtar respublikanın Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum – Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və nazirliyin Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb, Ali Məclis Sədrinin Fərmanına əsasən isə muxtar respublikanın Maliyyə Nazirliyinin Əsasnaməsində və strukturunda dəyişikliklər edilib. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin yaradılması işlərə təkan verməklə təşkilatlarda aparılan maliyyə intizamının yoxlanılması üzrə nəzarət tədbirləri müəyyənləşdirilmiş qrafik əsasında sürətlə həyata keçirilir, qanunsuz xərclər dövlət büdcəsinə bərpa olunur.
“Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Maliyyə Nazirliyinə dövlət maliyyə nəzarətini gücləndirməsi, müəssisə və təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının vaxtında təqdim edilməsi ilə bağlı tədbirlər görülməsi barədə tapşırıqlar verilmişdir”, – deyən Səbuhi Məmmədov vurğulayıb ki, kollektiv sessiyada qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etməli, büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarəti daha da gücləndirməli, etibarlı maliyyə nəzarəti sistemi inzibatçılığının formalaşmasına nail olmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
2018-ci ilin birinci yarısında kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Bəhruz Bayramov açaraq məruzə edib. Bildirib ki, hesabat dövründə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində torpaq mülkiyyətçilərinin istifadəsində olan torpaqlardan səmərəli istifadə edilməklə məhsul bolluğu yaradılıb, məhsulların keyfiyyəti artıb, rəqabətə davamlılıq yüksəlib, bazarlarda yerli məhsullar üstünlük təşkil edib.
Qeyd olunub ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. 1 iyul 2018-ci il tarixə muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatının sayı 201-ə çatıb. Həmin təsərrüfatlarda 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailəsi, 3 min 61 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, 32 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşın və mexanizmləri vardır. Verilmiş kreditlərdən səmərəli istifadənin nəticəsidir ki, bu təsərrüfatlarda bütün növlər üzrə məhsul istehsalı və məhsuldarlıq göstəriciləri yüksəkdir.
Bildirilib ki, əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində keyfiyyətli toxum materialından istifadə əsas amillərdəndir. Hazırda muxtar respublikada 5 toxumçuluq və 1 tingçilik təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarların keyfiyyətli toxum ilə təmin edilməsində “Bərəkət” toxumçuluq təsərrüfatının böyük rolu olub. Cari ildə də bu istiqamətdə işlər davam etdirilib.
Vurğulanıb ki, ərzaq təhlükəsizliyi baxımından əhalinin sağlam qidalanmasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul edilmiş dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır, onların icrası diqqət mərkəzində saxlanılır. Belə ki, ötən dövrdə 709 hektarda yeni meyvə bağları salınıb. Artıq həmin meyvə bağları məhsul verir. Hazırda muxtar respublikada 4 min 816,5 hektar sahədə meyvə bağları mövcuddur ki, bunun da 4 min 124,1 hektarı barverən bağlardır. Bundan başqa, “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb.
Diqqətə çatdırılıb ki, görülmüş işlərin nəticəsində 2018-ci ilin 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 128 milyon 162 min manat olub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
“Naxçıvanqaz” İstehsalat Birliyində cari ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasını birliyin direktoru Ramin İsmayılov açaraq məruzə edib. Bildirib ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 iyul 2018-ci il tarixə ümumi sayı 88 min 487 olub. Bunun 86 min 165-i əhali, 2322-si qeyri-əhali abonentlərdir.
Muxtar respublikanın şəhər və rayon ərazilərində 6 ay ərzində daxil olan müraciətlərə əsasən cəmi 406 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun da 375-i əhali və 31-i qeyri-əhali abonentlərdir.
Qeyd olunub ki, muxtar respublikanın şəhər, rayon Qaz İstismar idarələrinin Qəza Dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə birinci yarım il ərzində 7352 ədəd çağırış daxil olub. Qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə 6205 ədəd sızma aşkarlanıb və sızmalar texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılıb.
Bildirilib ki, abonentlərin kənar müdaxilələrdən qorunması üçün mexaniki qaz sayğaclarına aid 26 min 631 ədəd mühafizə qutusu quraşdırılıb. Mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilib. 1 iyul 2018-ci il tarixə, ümumilikdə, 17 min 151, o cümlədən 6 ay ərzində 575 smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Qaz şəbəkəsində qazın təzyiqinin texnoloji rejimə uyğun nəqlini və normal istismarını təmin etmək üçün yeni quraşdırılan müxtəlif markalı qaztənzimləyicilərin, siyirtmələrin və nəzarət-ölçü cihazlarının sayı 34 olub.
Vurğulanıb ki, qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsi, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqətin artırılması, yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə edilməsi, işlənən materialların yerinə yenilərinin alınması və sabit ehtiyat fondunun yaradılması diqqət mərkəzində saxlanılıb. Qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim forması və onların miqdarı, texniki vəziyyəti normaya uyğun bərpa edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən müşavirəni giriş sözü ilə açan fondun sədri Əli Quliyev qeyd edib ki, 2018-ci ilin 6 ayı ərzində işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi zamanı Naxçıvan Muxtar Respublikasında 215 sahibkarlıq obyektində 236 yeni əmək müqaviləsi bağlanıb, 526 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.
Qeyd olunub ki, cari ilin 6 ayı ərzində fondun hesabına 26 milyon 520 min manat proqnoza qarşı 34 milyon 739 min 440 manat vəsait daxil olub, proqnoz tapşırıqlara 131 faiz əməl edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar, həmin təşkilatlarda işləyənlər üzrə və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə 24 milyon 18 min 930 manat məcburi dövlət sosial sığorta haqları büdcə təşkilatlarından daxil olub. Bu da nəzərdə tutulduğundan 5 milyon 914 min 930 manat, yaxud 32,7 faiz çox, 2017-ci ilin 6 ayı ilə müqayisədə 1 milyon 1 min 240 manat, yaxud 4,3 faiz çoxdur. Digər sığortaedənlərdən 10 milyon 720 min 510 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulduğundan 2 milyon 304 min 510 manat, yaxud 27,4 faiz çox olub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 70 milyon 141 min 546 manat icra olunub.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” imzaladığı 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsi 5,7 faiz artırılıb.
2018-ci ilin 6 ayı ərzində fondun yerli orqanları tərəfindən 804 nəfərə əmək pensiyası təyin edilib.
Qeyd olunub ki, əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50,4 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin tamamlanması üçün 37 milyon 300 min manat subsidiya alınaraq pensiya və müavinətlərin ödənilməsi üçün yerli orqanlara göndərilib.
Hesabat dövründə 1776 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 170 min 712 nəfərə çatıb.
Fondun sədri deyib ki, fondun internet səhifəsində 21 növ elektron xidmətin təşkili nəzərdə tutulub. Hazırda 16 aktiv elektron xidmət sığortaedənlərin istifadəsinə verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublika üzrə İdarəsində keçirilən iclasda idarənin rəisi Fazil İbrahimov çıxışında bildirib ki, 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 38103,7 min manat və ya 107,4 faiz icra olunub. Büdcə daxilolmalarının 84,7 faizi və ya 32283,9 min manatı Naxçıvan Muxtar Respublika Vergilər Nazirliyi, 9,6 faizi və ya 3653,4 min manatı isə Naxçıvan Muxtar Respublika Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, 4,9 faizi və ya 1868 min manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olub, 298,4 min manat və ya 0,8 faizi digər daxilolmalar vasitəsilə təmin edilib.
Qeyd olunub ki, 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət büdcəsinin xərcləri 215368,6 min manat və ya 88,3 faiz icra olunub. Büdcə vəsaitinin 19,1 faizi, yaxud 41082,9 min manatı təhsilə, 10,5 faizi, yaxud 22562,3 min manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılmasına, 23,1 faizi, yaxud 49840,4 min manatı sənaye, tikinti və faydalı qazıntılar xərclərinə, 11,9 faizi, yaxud 25691,4 min manatı əsas bölmələrə aid edilməyən xidmətlərə, 8,1 faizi, yaxud 17340,6 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə, 6,1 faizi, yaxud 13185,8 min manatı qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılmasına, 5,7 faizi, yaxud 12329,6 min manatı səhiyyə, 4 faizi, yaxud 8622,8 min manatı mənzil və kommunal təsərrüfatı, 3,4 faizi, yaxud 7360,4 min manatı sosial müdafiə və sosial təminat, 2,9 faizi, yaxud 6109 min manatı nəqliyyat və rabitə, 2,9 faizi, yaxud 6261,2 min manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə, 1,6 faizi, yaxud 3336,1 min manatı müdafiə, 0,1 faizi, yaxud 300 min manatı iqtisadi fəaliyyətlə bağlı, 0,6 faizi, yaxud 1328,7 min manatı elm xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Bildirilib ki, idarənin 2018-ci ilin birinci yarısında təsdiq olunmuş iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində idarə tərəfindən 4 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri və 4 müəssisə, idarə və təşkilatlarda audit yoxlamaları aparılıb. Auditlər zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub və maliyyə orqanlarına məlumat göndərilib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Xəbərlər şöbəsi