Avqustun 7-dən Naxçıvan Dövlət Televiziyasının efirində “Xəbərlər”in rus dilində yayımına başlanılıb. Hər həftənin çərşənbə axşamı saat 2100-da efirə təqdim olunan rus dilində “Xəbərlər” proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq.
“Xəbərlər”in rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək.
Xatırladaq ki, ötən ildən etibarən hər həftənin bazar ertəsi günü saat 2100-da “Xəbərlər”in ingilis dilində də yayımı həyata keçirilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Həmin sərəncama əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb, agentliyin saytı istifadəyə verilib, yeni alınan yayım və çəkiliş avadanlıqları hesabına teleradionun maddi-texniki bazası gücləndirilib. Naxçıvan Dövlət Televiziyasının efir vaxtı daha bir saat artırılaraq 19 saata çatdırılıb. “Xəbərlər”in rus dilində yayımı da sözügedən Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davamıdır.
Xəbərlər şöbəsi