Hər bir xalq öz müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadır və nə vaxtsa onun reallığa çevrilməsi üçün əlverişli məqam gözləyir. Azərbaycanda belə bir məqam 1918-ci ildə yarandı. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə mənfur, məkrli qonşumuz ermənilərin ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açdı. Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq, Naxçıvana lazım olan köməkliyi göstərə bilmirdi. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz çirkin niyyətini reallaşdıra bilmədi, qədim diyar ana Vətəninə birləşmək arzusunu gerçəkləşdirdi. Cümhuriyyətin yarandığı vaxtlarda Naxçıvanda vəziyyət necə idi? Bu və ya digər suallara cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə müraciət etdik.
– İsmayıl müəllim, bildiyimiz kimi, ölkə Prezidentinin sərəncamları ilə həm Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq, həm də 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Tanınmış tarixçi-alim, elm xadimi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əhəmiyyətini və dövlətçilik tarixindəki yerini hansı fikirlərlə ifadə edərdiniz?
– 1918-1920-ci illərdə mövcud olan Cümhuriyyət Azərbaycan tarixində şərəfli yer tutur. Onun bütün istiqamətlərdəki fəaliyyəti Azərbaycan xalqının tarixi uğurudur.
Belə ki, 1918-ci ildə Azərbaycanda respublika quruluşu bərqərar oldu, dövlət hakimiyyətinin bütün qolları yaradıldı, dövlət Azərbaycan Xalq Cümhuriyyəti adlandırıldı. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi”.
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də cümhuriyyətin xalqımızın tarixində oynadığı mühüm rolu ilə bağlıdır.
– Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Naxçıvanda vəziyyət necə idi?
– 1917-ci il fevral inqilabı, çarizmin devrilməsi ilə bir tərəfdən Naxçıvan diyarında qəza komissiyalarının və ictimai təşkilatların kənd icraiyyə komitələrinin nümunəsində müvəqqəti hökumət yaranmış, digər tərəfdən isə Naxçıvanda əlahiddə fəhlə və əsgər deputatları sovetləri, Culfa şəhərində, habelə Şahtaxtı dəmir yolu stansiyasında isə əsgər sovetləri təşkil edilmişdi.
Müvəqqəti hökumətin ilk addımlarından biri Cənubi Qafqazın idarə edilməsi ilə bağlı xüsusi qurum yaratmaqdan ibarət oldu. Bu məqsədlə martın 9-da Cənubi Qafqazı idarə etmək üçün Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitə elə həmin aydan başlayaraq bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan qəzalarında müvəqqəti hökumətin hakimiyyət orqanları olan ictimai təşkilatların icraiyyə komitələri və komissarlıqlar yaratmağa başladı. 1917-ci ilin aprel ayının axırlarında isə Naxçıvan və Şərur qəzalarında Xüsusi Zaqafqaziya Komitəsinin vəkalətli komissarları təyin edildi. Belə ki, komitənin 1917-ci il 26 aprel tarixli qərarı ilə Bürhan bəy Maqsudov Naxçıvan qəzası üzrə müvəkkil təyin edildi. 1917-ci ilin 1 sentyabrında onu Baxşəli ağa Şahtaxtinski əvəz etdi. Yalnız 1917-ci ilin mayında Xüsusi Zaqafqaziya Komitəsinin müvəkkilləri Naxçıvanda yerli hakimiyyət orqanları – qəza və kənd ictimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başladılar.
Fevral inqilabından sonra Naxçıvan, Culfa və Ordubad şəhərlərində əhalinin milli tərkibinə uyğun olaraq “qarışıq milli komitələr” yaradıldı. Bu komitələr milli hərəkatın qarşısında duran vəzifələri müəyyən edən tələblər hazırlamaqla yanaşı, şəhər dumaları və digər təşkilatlarla birgə Naxçıvan diyarında yerli hakimiyyət orqanlarının möhkəmləndirilməsinə də kömək edirdilər. Naxçıvanda yerli əhalinin böyük əksəriyyətinin azərbaycanlılar olması onların qarışıq milli komitələrdə çoxluq təşkil etməsində də özünü göstərdi. Belə vəziyyət daşnakların xeyrinə olmadığından onlar müxtəlif fitnəkar tədbirlərə əl atır, milli düşmənçiliyi qızışdırırdılar. Naxçıvan Milli Komitəsində müsavatçıların mövqeyinin güclənməsi, onların başçılığı ilə silahlı qüvvələrin yaradılması dinc əhalinin daşnakların fitnəkar hərəkətlərindən qorunmasında böyük rol oynadı.
Naxçıvanda fəaliyyət göstərən sovetlərin işi ilə bağlı qeyd etmək lazımdır ki, onlar daha çox rus ordu hissələrinə arxalanırdılar. İlk vaxtlar yerli əhali sovetlərin fəaliyyətində, demək olar ki, iştirak etməmişdi. Göründüyü kimi, bu illərdə Naxçıvanda çoxhakimiyyətliliyin olması ictimai-siyasi vəziyyəti çətinləşdirmiş, hətta qarşıdurmalar yaratmışdı.
– Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşmək arzusunu hansı səbəblər üzündən reallaşdıra bilmirdi?
– Böyük dövlətlərin Azərbaycan maraqları, erməni daşnaklarını himayə etmələri, onlara siyasi, hərbi və iqtisadi kömək göstərmələri, Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımaması, ona qarşı müxtəlif manevrləri, erməni amilindən istifadə etmələri, daşnakların azərbaycanlıların yaşadıqları Qərbi Azərbaycan, Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və digər yerlərdə qanlı qırğınlar, soyqırımlar törətmələri Azərbaycan hökumətini çətin hadisələrlə üz-üzə qoymuşdu. Xüsusilə Zəngəzurda Andranik Ozanyanın çoxsaylı silahlıları, erməni daşnaklarının Zəngəzura yiyələnmək uğrunda apardıqları döyüşlər Naxçıvana istənilən köməkliyin göstərilməsinə imkan vermirdi. Yollar bağlı olduğundan hərbi qüvvə ilə yardım edilməsi mümkün deyildi, bəzi hallarda çox az sayda hərbçi göndərilirdi. Belə bir dövrdə əvvəlcə Qarabağ general-qubernatorluğunun tərkibində Naxçıvan üzrə müşavir vəzifəsi yaradıldı. 1919-cu il 25 fevraldan isə Naxçıvan general-qubernatorluğu fəaliyyət göstərməyə başladı, Bəhram xan Naxçıvanski isə general-qubernator təyin edildi.
– Naxçıvan daşnak hücumlarından hansı qüvvələrlə müdafiə olunurdu?
– Həmin dövrdə Naxçıvandakı özünümüdafiə qüvvələri erməni təcavüzkarlarına qarşı mübarizə aparsalar da, silah-sursat sarıdan çox əziyyət çəkirdilər. Buna görə də müsəlman Milli Şurasının sədri Cəfərqulu xan kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi. Şərq ordu komandanlığı, xüsusilə Kazım Qarabəkir Paşa 1919-cu ilin yayında müəyyən ordu qrupu ilə Naxçıvanın köməyinə gəldi. Yerli gənclərdən ibarət silahlı dəstələr yaradıldı, onlara hərbi təlimlər keçirildi. Kalbalı xanın süvari dəstəsi, hansı ki onların sayı 500 nəfərdən çox idi – erməni daşnaklarına layiqli cavab verirdi.
– İsmayıl müəllim, istərdim ki, Araz-Türk Respublikasının erməni iddialarının dəf olunmasında və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanmasında rolu barədə də oxucularımıza məlumat verəsiniz.
– Vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il 18 noyabrda Araz-Türk Respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, Sərdərabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Respublika 1 milyon nəfər əhaliyə, 8 min 696 kvadratkilometr əraziyə malik idi, paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası hökumətinin sədri Əmir bəy Nərimanbəyov, hərbi naziri İbrahim bəy Cahangiroğlu idi. Yeni hökumət Naxçıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı. Qısa müddətdə Araz-Türk Respublikasının silahlı qüvvələri yaradıldı. Bu hərbi hissələr – könüllü xalq dəstələri 20 tabordan ibarət idi. Türkiyə dövlətinin Araz-Türk Respublikası hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra Naxçıvan bölgəsində saxlanılan 300-dən çox əsgər və zabit də bu istiqamətdə müəyyən işlər görmüşdülər.
Araz-Türk Respublikası 1919-cu il martın əvvəlinədək fəaliyyət göstərdi. Yeni hökumət erməni təcavüzünün qarşısını aldı. Araz-Türk Respublikası hökuməti Naxçıvanın ölkəmizin ayrılmaz hissəsi olduğunu bir daha elan edərək Azərbaycan Xalq Cümhuriyyətindən yardım istədi. Nəticədə, Naxçıvana müvəqqəti general-qubernator təyin olundu.
– Naxçıvan əhalisinin 4 yanvar 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanladığı müraciətdə hansı tarixi faktlar öz əksini tapmışdır?
– 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində İrəvan, Ordubad müsəlmanları, yanvarın 2-də isə İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət edərək tədbirlər görülməsini xahiş etmişlər.
Ordubad şəhərinin və ətraf ərazisinin müsəlmanlarının Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinə xəbər verirdi ki, “bəzi kəndlərdə bütün Zəngəzur qəzasının Ermənistana birləşməsi barədə Ermənistan hökumətinin elanları asılmışdır. Elanlarda birləşmə məsələsi göstərilmişdir. Əgər bunu etməyə gücləri çatmasa, Zəngəzur, Şərur-Naxçıvan və Ordubad qəzalarının bütün müsəlman əhalisini qılıncdan keçirməyi planlaşdırırlar. Erməni daşnakları, bu qəzaları müsəlmanlardan ona görə təmizləmək istəyirlər ki, xalqların gələcək sülh konfransında özlərinin bu yerlərə sahiblik hüquqlarını sübut etsinlər və həmin əraziləri Ermənistan elan etsinlər... Əgər ermənilər bu əraziləri müsəlmanlardan təmizləsələr, sonra gec olacaq. Onda bizim torpaqlarda ermənilər məskunlaşacaq və burada bizim xalqımızın izi də qalmayacaq...”
Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Onların 1919-cu il yanvarın 4-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanladıqları müraciətdə Naxçıvan, Şərur və Ordubad qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verilirdi. Müraciətdə deyilirdi: “1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci ilin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan quberniyasında 200-dən artıq müsəlman kəndi yandırılmış, əhalinin böyük əksəriyyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Müsəlmanların kütləvi şəkildə yaşadıqları İrəvan quberniyasının Sürməli, Eçmiədzin, Şərur qəzaları erməni qoşunları tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, bir hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib İran sərhədlərinə keçməyə məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyirdi...”
Göndərilmiş bu müraciət Azərbaycan Nazirlər Şurasında və Parlamentində müzakirə edilmiş və Naxçıvana göstərilən köməklik artırılmışdı.
– Və nəhayət, yerli əhalinin siyasi iradəsi və qətiyyəti, ağır və mütəşəkkil mübarizəsi nəticəsində Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsi haqqında tarixi akt qəbul edildi...
– Azərbaycan hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin yaradılmasında və əhalinin problemlərinin həllində mühüm rolu olan təşkilatlardan biri Həmyerlilər cəmiyyəti idi. Bu cəmiyyət öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvana, Gəncəyə, Ordubad və Naxçıvana göndərmişdi.
M.Mirbağırov və onunla birlikdə Naxçıvana gələn heyət yerli fəhlələrlə, ingilis general-qubernatoru və xalqın nümayəndələri ilə görüşdü. Fevralın 23-də keçirilən yığıncaqda naxçıvanlılar yekdilliklə mövcud yerli hökuməti tanıdıqlarını bəyan etdilər. M.Mirbağırov Azərbaycana könüllü birləşmək barədə rəsmi akt tərtib etməyi məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə aid maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalandı.
M.Mirbağırov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki hərbi-siyasi vəziyyətlə tanış oldu, əhalinin və ictimai qüvvələrin mövqelərini öyrəndi. Səfərinin yekunu olaraq Azərbaycan hökumətinə əsaslı təkliflər verdi. Bu təkliflərin Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvan əlaqələrinin artmasında çox böyük əhəmiyyəti oldu. Azərbaycan hökuməti isə qəti surətdə bildirdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu ərazi ölkə milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır.
– İsmayıl müəllim, AMEA Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
– Cümhuriyyətin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bölməmizin də üzərinə müəyyən vəzifələr qoyur. İlk növbədə, “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans keçiriləcəkdir. Bölmədə ümumtəhsil məktəbləri üçün “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda interaktiv dərs təşkil ediləcək, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunacaqdır. Bunlarla yanaşı, “Azərbaycan Xalq Cümhuriyyəti: parlamenttipli respublika” adlı monoqrafiyanın da nəşri üzərində iş aparılır. Əməkdaşlarımız Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tematik verilişlərin, qəzet materiallarının hazırlanmasında da yaxından iştirak edirlər. Milli dövlətçilik tariximizdə mühüm rol oynayan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti geniş şəkildə öyrəniləcək və öyrədiləcəkdir.
– Müsahibə üçün sağ olun.
Ramiyyə ƏKBƏROVA