Məlum olduğu kimi, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı hazırlanan tədbirlər planına əsasən həyata keçirilən layihələrdən biri də hər bölgədə yeni “Gənclər bağı”nın salınmasıdır. Ötən həftəsonu bu tədbir muxtar respublikanın bütün rayonlarında mütəşəkkilliklə həyata keçirilib.
Bu xeyirxah təşəbbüsə qoşulan 200 nəfərdən çox şərurlu gəncin iştirakı ilə rayonun Aşağı Daşarx kəndinin ərazisində 0,5 hektar sahədə “Gənclər bağı” salınıb. Bağda 225 müxtəlif meyvə tingi basdırılıb.
Babək rayonunun gəncləri də bu təşəbbüsə qoşulublar. Onlar rayon mərkəzindəki 1 hektarlıq ərazidə “Gənclər bağı” salıblar. Keçirilən iməcilikdə 150-yə yaxın gənc iştirak edib. Bağda 700 müxtəlif meyvə ağacı əkilib.
Ordubad rayonunda da gənclər Əylis düzü ərazisində iməciliyə çıxaraq təbiətin zənginləşdirilməsinə töhfələrini veriblər. Onlar bir hektar sahəyə yerli sortlardan ibarət 500 ədəd ərik ağacı əkərək “Gənclər bağı”salıblar.
Culfa rayonunda bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcilikdə yüzdən çox gənc Culfa Şəhər Su Anbarının ətrafında yaşıllaşdırma tədbirləri həyata keçirib, ərazidə “Gənclər bağı” salıblar. Həmin gün ərazidə 400 meyvə ağacı, 200-dən çox qızılgül kolu əkilib.
Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən keçən hissəsində, 1,3 hektar ərazidə də “Gənclər bağı” salınıb. Bunun üçün əvvəlcədən ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala gətirilib. İməcilik zamanı 950 ədəd yerli meyvə tingi əkilib, suvarma işləri aparılıb. Ekoloji aksiyada 200-ə yaxın gənc iştirak edib.
Mütəşəkkilliklə iməciliyə çıxan şahbuzlu gənclər də rayonun Şahbuzkənd ərazisində salınan “Gənclər bağı”nda 640 ərik və badam tingi əkiblər.
Ölkəmizin sərhəd bölgəsi olan Sədərək rayonunun gəncləri də ötən şənbə keçirilən iməcilikdə “Dəhnə” adlanan ərazidə “Gənclər bağı” salıblar. Bağda 350 ədəd meyvə tingi əkilib.
Qeyd edək ki, həmin gün muxtar respublika üzrə 1670 gəncin iştirakı ilə 7,3 hektar ərazidə 5210 ədəd meyvə ağacı əkilib. Şənbə iməciliyində muxtar respublikanın kənd yaşayış məntəqələrində təmizlik, səliqə-sahman işləri aparılıb. Gənclər bu işdə də fəallıq göstəriblər.
Həmin gənclərlə söhbət zamanı onlar bu tədbirin xüsusi əhəmiyyət daşıdığını bildirdilər. Şərur rayon sakini Sahil Əlizadə, Ordubad rayonundan Məhəmməd Quliyev, Culfadan Təbriz Hüzeynzadə, Kəngərli rayonundan Süleyman Süleymanov qeyd etdilər ki, ekoloji tarazlığın qorunması, bu məqsədlə təbiətin zənginləşdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi muxtar respublikamızın bütün bölgələrində ardıcıl olaraq davam etdirilir. Əsasən, iməciliklər yolu ilə həyata keçirilən bu tədbirlərdə muxtar respublika gəncləri həvəslə iştirak edirlər. Müsahiblərimiz bildirilər ki, bundan sonra da yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınmasında yaxından iştirak edəcək, onların qorunub saxlanılmasında və artırılmasında fəallıq göstərəcəklər.
Xəbərlər şöbəsi