Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı martın 29-da “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” mövzusunda elmi-praktik konfrans keçirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli konfransı giriş sözü ilə açaraq “Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyasına dair fərmanlarının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının tarixi-siyasi əhəmiyyəti haqqında” çıxış edib. Qeyd olunub ki, adıçəkilən fərmanlar on illər ərzində geniş xalq kütlələrindən gizli saxlanılmış soyqırımı və deportasiya həqiqətlərinin araşdırılıb üzə çıxarılmasında, xalqımıza qarşı erməni cinayətlərinin aşkarlanmasında həlledici əhəmiyyətə malik olub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi isə yalnız ölkə ictimaiyyətinin deyil, bütövlükdə, dünyanın diqqətinin soyqırımla bağlı əsl həqiqətlərə yönəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Konfransda “XX əsrdə azərbaycanlıların soyqırımı və deportasiyası” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı şurasının üzvü, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Elbrus İsayev qeyd edib ki, bu faciələrin kökündə azərbaycanlıların müsəlman və türk olmaları amili dayanıb. Lakin hazırda müstəqil Azərbaycan Respublikasının mövcudluğu bundan sonra belə faciələrin təkrar yaşanmasına yol verməyəcəkdir.
“Ermənilərin azərbaycanlılara qarşı soyqırımlarının pərdəarxası və böyük dövlətlərin dəstəyi” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri Emin Şıxəliyev 1918-ci ildə Qərbi Azərbaycan torpaqları hesabına daşnak işğal rejiminin yaradılmasından bəhs edib, Sovet İmperiyasının bölgədə öz maraqlarını həyata keçirmək siyasətindən danışıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “XX əsrdə ermənilərin Naxçıvanda törətdiyi soyqırımı” mövzusunda çıxış edərək 1905-1907-ci və 1918-1920-ci illərdə ermənilərin Naxçıvan əhalisinə qarşı həyata keçirdiyi qanlı qırğınlardan bəhs edib. Bildirib ki, həmin dövrdə Naxçıvanda könüllü özünümüdafiə dəstələrinin mübariz fəaliyyəti, Azərbaycan hökumətinin və qardaş Türkiyənin fəal yardımı nəticəsində Naxçıvanı erməni işğalından qorumaq mümkün olub.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurub. Konfransın gedişində mövzularla bağlı slaydlar nümayiş olunub.
* * *
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Yaycı kəndində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirdiyi tədbirdə iştirakçılar əvvəlcə Yaycı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında ağac və gül kolları əkib, abidə önünə gül dəstələri qoyublar. Sonra soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Tədbirdə rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli liderimizin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 yanvar tarixdə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncama uyğun olaraq bu gün respublikamızda silsilə tədbirlər keçirilir.
Qadir İbrahimov deyib ki, 1918-ci ilin mart hadisələrində ermənilər üç gün ərzində təkcə paytaxt Bakı şəhərində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə də minlərlə azərbaycanlı bu faciənin qurbanı olub, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri dağıdılıb. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə yüzlərlə soydaşımız amansızlıqla öldürülüb. 1918-1921-ci illərdə Naxçıvanda еrmənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı ən vəhşi üsullarla qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərişi ilə 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, ətrafında park salınıb, tikinti-abadlıq işləri görülüb. İndi bura sakinlərin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, kənd ağsaqqalı Sabir Nəzərov, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının şura üzvü, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva, Dizə kənd tam orta məktəbinin müəllimi Nənəxanım Əliyeva, rayon İcra Hakimiyyəti başçısının Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfər Quliyev çıxış ediblər.
Sonda Yaycı kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
* * *
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, ermənilər zaman-zaman xalqımıza qarşı terror, soyqırımı siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. Rəsmi məlumatlara əsasən 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda, ümumilikdə, 50 minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər.
Qeyd olunub ki, 1918-1920-ci illərdə ermənilər 1602 kəndi yerləyeksan ediblər. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlını öldürüblər. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan qətlə yetirilib, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktları və deportasiya siyasəti ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan mühüm tarixi sənəddir.
Diqqətə çatdırılıb ki, bu gün dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyəyə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli fəaliyyət göstərir. Ölkə başçısının rəhbərliyi ilə 1918-ci il 31 mart soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Mahir İsmayılov, partiya üzvlərindən Yurdçu kənd tam orta məktəbinin müəllimi Teymur Əsgərov mövzu ilə bağlı çıxış ediblər.
Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videomateriala baxış olub.
Xəbərlər şöbəsi