25 Dekabr 2024, Çərşənbə

Azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyası Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik bazası formalaşıb. Ötən illərdə respublikamızda yaradılan demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib. 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsi və məcəlləyə edilmiş əlavə və dəyişikliklər beynəlxalq miqyasda da yüksək ­dəyərləndirilir.
Azad, şəffaf və demokratik şəraitdə keçirilən növbəti prezident seçkiləri də dediklərimizi bir daha təsdiq etdi.
Seçkilərin qanunauyğun qaydada keçirilməsi, seçicilərin seçdikləri namizədə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilmişdir. Bu, seçkilərdə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Seçkilərin gedişini müşahidə edən istər beynəlxalq, istərsə də yerli müşa­hidəçilər üçün geniş imkanlar ­yaradılmışdı.

Sevindirici haldır ki, hər zaman olduğu kimi, 11 aprel prezident seçkilərində də Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirmişlər.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində seçki keçirilmişdir. Həmin seçki dairələrində qeydə alınmış seçicilərdən 222 min 895 nəfəri, yəni seçicilərin 82,3 faizi seçkilərdə iştirak etmişdir. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınmışdır. Həmin seçki dairəsi üzrə 38 min 713 nəfər seçicidən 32 min 132 nəfəri, yəni seçicilərin 83 faizi səsvermədə iştirak etmişdir. İlkin nəticələrə görə, muxtar respublikada səsvermə­də iştirak edən seçicilərin 94,2 faizi cənab İlham Əliyevə səs vermişdir.
Seçki günü muxtar respublikamızın şəhər və rayonlarından hazırladığımız reportajları oxucularımıza təqdim edirik.

Naxçıvan şəhəri

Ölkənin ən mühüm siyasi hadisəsi olan prezident seçkiləri Naxçıvan Muxtar Respublikasının paytaxtı, ölkəmizin Gənclər Paytaxtı, İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvan şəhərində də ruh yüksəkliyi ilə keçirilib.
Seçkilərin gedişini müşahidə etmək üçün 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələrində olduq.
Məlumat üçün deyək ki, bu seçki dairəsi üzrə 37 məntəqədə 44 min 400 seçici var və bunlardan 183-ü ilk dəfə səs verən şəxslərdir. Muxtar respublikanın paytaxtında – Naxçıvan şəhərində seçki prosesinin necə keçirildiyini izləmək, seçicilərin, siyasi partiyaların təmsilçilərinin fikirlərini öyrənmək üçün əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsində olduq. Bu məntəqədən seçki müşahidəmizə başlamağımızın səbəbi məntəqənin Azərbaycan xalqının ümummilli lideri, ölkənin demokratikləşmə tarixində misilsiz xidmətləri olmuş dahi Heydər Əliyevin adını daşıyan bir məkanda yerləşməsi idi.
Qaydalara uyğun olaraq 4-9 saylı məntəqə seçki komissiyasının sədri Namiq Novruzov komissiya üzvləri qarşısında seçki qutularının kilidlənməsini həyata keçirdi. Həm daşınan seçki qutusu, həm də məntəqədə yerləşən şəffaf seçki qutuları ayrı-ayrılıqda kilidləndi. Məntəqədə seçkiyə vaxtında – saatlarımız 800-ı göstərəndə start verildi. Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Qeyd edək ki, bu məntəqədə 945 seçici qeydiyyatdadır. Artıq saat 1500-a qədər məntəqədə 543 seçici öz namizədini müəyyənləşdirmək hüququndan ­istifadə etmişdi.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı məntəqədə seçici siyahısı üzrə 1392 seçici qeydiyyatdadır. Burada seçicilərin fəallığı müşahidə olunurdu. Məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirdilər.
4-17 saylı məntəqə seçki komissiyasının Ana Vətən Partiyasından olan üzvü Ramiz Quliyev bizimlə söhbətində bildirdi ki, 4-17 saylı məntəqə seçki komissiyasında seçi­cilərin öz iradəsini azad şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək məqsədilə məntəqədə veb-kamera quraşdırılıb. “Seçkilərə start verildiyi andan etibarən seçicilər məntəqəyə gələrək istədikləri namizədlərə səs verirlər. Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun keçirilir”, – deyən Ramiz Quliyev vurğuladı ki, məntəqədə quraşdırılan veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini ­aşkar şəkildə izləyə bilirlər.
Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 4-36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkdi.
Qeyd edək ki, bu məntəqə üzrə seçici siyahısında adı olan seçicilərin sayı 1493 nəfərdir.
1125 seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasının binasında yerləşən 4-24 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunurdu. Burada seçkiləri yerli müşahidəçilər izləyirdilər.
Bu məntəqədə səs verən Naxçıvan şəhər sakini Adəm Əliyev bizimlə söhbətində bildirdi ki, seçki məntəqəsinin işi yüksək səviyyədə təşkil edilib. Hər kəs sərbəst şəkildə, inandığı və etibar etdiyi namizədə səs verir. Bu da ölkəmizdə hamının öz hüquqlarını, seçim etməkdə şəxsi məsuliyyətini dərk etdiyinin sübutdur.
4-10 saylı məntəqədə olarkən seçki komissiyasının sədri Pərvin Quliyev bizimlə söhbətində bildirdi ki, bu məntəqənin 1019 səsvermə hüququ olan seçicisi var. O vurğuladı ki, səhər saatlarından başlayaraq burada seçicilərin fəallığı müşahidə olunur. Səsvermənin gedişində şəffaflığı təmin etmək məqsədilə məntəqədə veb-kamera da quraşdırılıb.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşən 28 saylı seçki məntəqəsində seçici siyahısında 1488 nəfər seçicinin adı var. Səhər saatlarında seçicilərin fəallığını, xüsusilə gənclərin seçki prosesinə aktiv şəkildə qatılmasını müşahidə etdik.
Qeyd edək ki, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən seçki gününün sonunda – saat 1900-da aldığımız məlumata görə, dairədə səs verməli olan 44 min 400 seçicidən 36 min 807 nəfəri seçkilərdə iştirak edib. Dairə üzrə qeydiyyatda olan seçicilərin 82,9 faizi səs verib. Bu, ölkə üzrə ən yüksək göstəricilərdən biridir.

 

Şərur rayonu

Şərur rayonu sosial-iqtisadi inkişaf baxımından ötən prezident seçkilərindən bəri çox dəyişib. Rayonda son illər ərzində elə sürətlə, həm də genişmiqyaslı abadlıq, quruculuq tədbirləri həyata keçirilib ki, bu yurda qədəm qoyanlar heyrətlərini gizlədə bilmirlər.
Aprelin 11-i səhər saatlarından yüzlərlə şərurlunun dəstə-dəstə seçki məntəqələrinə gəlməsi həm də doğma rayonlarının bugünkü inkişafının təntənəsi idi. Bu iftixar hissi dövlətimizin qüdrətlənməsi, bu qüdrət nəticəsində onun beynəlxalq aləmdə nüfuzunun artmasından yaranan hisslər idi. Rayonda əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Qeyd edək ki, 1 saylı Şərur-­Sədərək və 2 saylı Şərur Dairə Seçki komissiyalarının əhatə etdiyi məntəqələr bütün prosedur qaydalara uyğun olaraq fəaliyyətə başlamışdı. Həmin dairələrin Şərur rayonu ərazisində fəaliyyət göstərən məntəqələrində, ümumilikdə, 70 min 9 seçici qeydiyyata alınmışdı. Səhər saat 8-də isə rayondakı bütün məntəqələr qapılarını seçicilərin üzünə açmışdı.
Şərur şəhərindəki “Bahar” kino­teatrında yerləşən 2-1 saylı seçki məntəqəsində səsvermənin yeni başlanmasına baxmayaraq, seçicilərin sayı sürətlə artırdı. Məntəqə seçki komissiyasının sədri Qulu Quliyevlə həmsöhbət oluruq:
– Əslində, səhər tezdən bu qədər seçicinin məntəqəyə gəlməsi gözlənilən idi, çünki şərurlular ölkəmiz üçün taleyüklü məsələlərə həmişə həssaslıqla yanaşıblar, – deyə komissiya sədri səsvermənin gedişindən danışır. Məntəqədə hamı üçün tam sərbəstlik yaradılıb – istər seçici olsun, istər müşahidəçi, istərsə də kütləvi informasiya vasitələrinin nümayəndələri.
Məntəqədən çıxan seçicilərlə söhbət edir, onların fikirlərini öyrənirik. Firudin Cavadov bildirir ki, tam sərbəst şəkildə istədiyi namizədə səs verib.
Qarxun kənd mədəniyyət evində yerləşən 2-4 saylı seçki məntəqəsindən 1406 seçiciyə səsverməyə gəlmək üçün bildiriş göndərilib. Səhər tezdən səsvermə başlananda artıq xeyli seçici məntəqənin qarşısına toplaşmışdı. Məntəqəyə daxil olmaq üçün seçici növbəsi yaranmışdı. Məntəqə seçki komissiyasının sədri Səfa Əliyev komissiya üzvlərini bir az da cəld olmağa çağırır. O, bu qələbəlikdən məmnunluğunu gizlətmədi:
– Bizim seçicilər həmişə fəallıqları ilə fərqləniblər. Qeyd edim ki, burada seçki prosesinin azad və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Səs verib məntəqəni tərk edən əmək veteranı Nəsir Məmmədov dedi:
– Hər şey yaxşı təşkil olunub. Yaşadığım ünvana bildiriş göndəriblər. Bizdə seçki mədəniyyətinin hər seçkidə daha da yüksəlməsi məni olduqca məmnun edir. Gördüyünüz kimi, seçki prosesi yüksək səviyyədə davam edir. Azad şəkildə seçimimi edərək ən layiqli namizədə səs verdim.
Sərxanlı kənd tam orta məktəbində yerləşən 2-8 saylı seçki məntəqəsinin qarşısında da qələbəlikdir. Məntəqə seçki komissiyasının sədri Abbas Qurbanov bildirdi ki, aparılan hazırlıq işləri nəticəsində seçicilər heç bir çətinliklə qarşılaşmadan səsvermə hüquqlarından tam istifadə edə bilirlər.
Qarahəsənli kənd tam orta məktəbinin binasında yerləşən 2-18 saylı seçki məntəqəsində də səhər saatlarından seçici fəallığı müşahidə olunurdu. Məntəqənin həyətində kənd ağsaqqalı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kərim Kərimovun atası Məhəmməd Kərimova yaxınlaşıb seçki barədə fikirlərini soruşduq. Gülümsədi və aramla dilləndi:
– Mənim yaşım 70-i ötüb, yaxşını pisdən, əyrini düzdən ayırmağı bacarıram. Məqsədim səsvermədə iştirakla yanaşı, həm də səsvermənin hansı əhval-ruhiyyədə keçdiyini müşahidə etməkdir. Seçki çox sakit, şəffaf və ədalətli keçir.
Yuxarı Aralıq kəndindəki 2-9 saylı seçki məntəqəsinin yerləşdiyi binanın dəhlizində 769 seçicinin siyahısı asılmışdı. Digər məntəqələrdə olduğu kimi, burada da ­səsverməyə gələn seçicilərin əvvəlcə sol əlinin baş barmağı ultrabənövşəyi lampa ilə yoxlanılır, şəxsiyyəti təsdiq edən sənəd əsasında seçki bülleteni verildikdən sonra həmin əlin baş barmağı şəffaf mürəkkəblə işarələnirdi. Məntəqə seçki komissiyasının üzvləri səsvermənin maneəsiz şəraitdə keçirilməsini uğurla təmin edirdilər.
Aşağı Yaycıdakı 2-35 saylı seçki məntəqəsində də olduq. Məntəqə seçki komissiyasının sədri Ərəstun Sadiqov ərazidə yaşayan 1029 nəfər seçicinin səsvermədə iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Komissiya sədri onu da əlavə etdi ki, artıq günortaya kimi seçicilərin 40 faizindən çoxu səs verib. Bu məntəqədə ilk dəfə səs verən Zülfüqar Yunisovun həyəcanı üzündən sezilirdi:
– Birinci dəfədir ki, səsvermə prosesinin necə olduğunu görürəm. İlk dəfə səs verdiyim bu anı heç vaxt unutmayacağam. Səsvermə demokratik prinsiplərə uyğun şəraitdə keçirilir. Mən bir vətəndaş kimi seçmək hüququmdan istifadə edərək xalqımızın tərəqqisini, inkişafını tam mənası ilə təmin edə bilən namizədə səs verdim.
2 saylı Şərur Seçki Dairəsi dairə seçki komissiyasının sədri İbrahim Abbasovla da söhbət etdik. O, seçici siyahılarına daxil edilmiş 42 min 51 nəfərdən 164-nün ilk dəfə səs verəcəklərini dedi: “Dairəmiz 53 seçki məntəqəsini əhatə edir. 5 məntəqədə veb-kamera quraşdırılıb. Hər bir seçicinin öz hüququndan istifadə edərək sərbəst seçim etməsi, istədiyi namizədə səs verməsi üçün bütün məntəqələrdə normal şərait yaradılıb. Müxtəlif siyasi partiyaları, qeyri-­hökumət təşkilatlarını təmsil edən müşahidəçilər qeydə alınıb. Budəfəki seçkilər öz mütəşəkkilliyi, insanların fəallığı ilə əvvəlki seçkilərdən xüsusilə fərqlənir. Qeydiyyatdançıxma vəsiqəsi olanların, xəstə və ahılların da səsvermə hüququndan istifadə etməsi üçün şərait yaradılıb”.
Şərur-Sədərək Seçki Dairəsinin 1-21 saylı Yengicə kənd seçki məntəqəsində də olduq. Seçki məntəqəsinin sədri Telman Mirzəli bildirdi ki, bu məntəqədə 1294 seçici var. Onlardan 10 nəfəri ilk dəfədir ki, səs verir. Sevindirici haldır ki, həmin gənclərdən birinin 18 yaşı seçki günü tamam olur. Onunla görüşdük. Aygün Qəhrəmanovanın təbəssümlü baxışlarından hiss etmək çətin deyildi ki, böyük qürur yaşayır. Bunun səbəbini özü belə izah etdi:
– Ad günümdə ilk dəfə prezident seçkilərində iştirak etmək, ölkəmizin gələcəyinə cavabdeh olan layiqli namizədə səs vermək mənim üçün böyük şərəf oldu. Mən də öz hüququmdam istifadə etdim. Burada bizim şəffaf səs verməyimiz üçün hərtərəfli şərait yaradılmışdı.

 

Babək rayonu

Bu mühüm tarixi gündə 3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək və 6 saylı Culfa-Babək Seçki dairələrinin Babək rayonu ərazisindəki məntəqələrində olduq.

İlk olaraq Babək qəsəbə 1 nömrəli tam orta məktəbinə yollandıq. Burada yerləşən 3-41 saylı seçki məntəqəsi üzrə siyahıda 1239 seçici vardır. Hələ seçkiyə start verilməmişdən əvvəl burada çoxlu sayda seçici var idi. Saatlar 800-ı göstərdikdə məntəqədə seçki açıq elan olundu. Hər bir seçici yüksək əhval-ruhiyyə ilə seçki məntəqəsinə daxil olur, şəxsiyyət vəsiqəsini göstərir, seçki bülleteni alıb səsvermə kabinəsinə keçir, nəzərdə tutduğu prezidentliyə namizədə səs verirdi. Məntəqədə veb-kamera quraşdırılıb, şəffaflıq tam təmin olunub. Məntəqə seçki komissiyasının üzvləri özlərinə məxsus təmkinlə, xoş rəftarla seçiciləri qarşılayır, onların rahat, sərbəst səs vermələrinə şərait yaradırdılar. Məntəqəyə ilk üz tutan Rəvayət İmanovla həmsöhbət olduq. O dedi: “Ailəmlə birlikdə səs verməyə gəlmişik. Biz təkcə öz inandığımıza deyil, həm də millətin, xalqın gələcəyi üçün çox dəyərli ola biləcək bir namizədə səs verdik”.
Növbəti üz tutduğumuz ünvan 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-42 saylı seçki məntəqəsi oldu. Həmin məntəqə Babək qəsəbəsindəki Babək Rayon Mədəniyyət Evində yerləşirdi. Öyrəndik ki, məntəqənin 1457 seçicisi var ki, onlardan da 20 nəfəri ilk dəfə səsvermə hüququ qazanıb. Onlardan Səma Əliyeva ilə söhbət etdik. O dedi: “İlk dəfədir ki, səs verdiyim üçün həyəcanlıyam. Lakin sevinirəm ki, dövlətimizin gələcəyi naminə mənim də səsim önəmli olacaq. Biz gənclərin gələcəyini düşünən namizədə səs verdim. İnanıram ki, həmin namizəd də qələbə qazanacaqdır”.
Zeynəddin kəndinə yola düşdük. 6 saylı Culfa-Babək Seçki Dairəsinin 6-3 saylı seçki məntəqəsi Zeynəddin kənd tam orta məktəbinin binasında yerləşirdi. Məktəbin həyətində səsverməyə gələnlərin sayı anbaan artırdı. Onlar azad, şəffaf, demokratik bir şəraitdə öz siyasi iradələrini ifadə etməyə tələsirdilər. Burada seçki prosesi qanun­vericiliyə uyğun aparılırdı. Səsverməni beynəlxalq və yerli müşahidəçilər izləyirdilər. Kütləvi informasiya vasitələri nümayəndələrinə müfəssəl məlumat almaq imkanı ­yaradılmışdı.
Növbəti baş çəkdiyimiz ünvan isə 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-23 saylı seçki məntəqəsi oldu. Kərimbəyli kənd tam orta məktəbinin binasında yerləşən məntəqədə 1177 seçici var. Onlardan 12 nəfəri ilk dəfə olaraq səs vermək hüququ əldə ediblər. Məntəqədə ən çox diqqətimizi çəkən məqam yaşlı bir qadın oldu. O, şəxsiyyət vəsiqəsini komissiya üzvünə göstərir, səs vermək istədiyini deyirdi. Onun səsvermə prosesini müşahidə etdikcə qəlbimizdə xoş duyğular oyanırdı. Əgər bu millətin yaşlı bir xanımı bu cür məhəbbətlə, coşqunluqla öz prezidentini seçməyə gəlirsə, bundan gözəl nə ola bilər?! Onunla tanışlıq lap ürəyimizcə oldu. Öyrəndik ki, həmin qadın – Zəhra Babayeva bu məntəqənin ən yaşlı seçicilərindəndir. O, bizimlə çox həvəslə ­danışdı:
– Gələcəyimizə, əmin-amanlığımıza səs verdim. Çox sevincliyəm. Ona görə ki, səhhətim imkan verdi ki, seçkidə iştirak edə bilim. Rahat yaşayırıq, sabitlik hökm sürür. Bunun da davam etməsini istəyirəm. Bu davamlılığa səs ­verdim.
Yolumuzu Cəhri kəndindən də saldıq. Elə kəndə daxil olanda hiss olunurdu ki, cəhrililər böyük həvəslə məntəqələrə tələsir, seçkidə fəal iştiraklarını səslərini ən layiqli namizədə verməklə nümayiş etdirməyə çalışırlar. Cəhri kənd 2 nömrəli tam orta məktəbdə yerləşən 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin 5-31 saylı seçki məntəqəsinin önündə seçki ab-havası açıq-aşkar hiss edilirdi. Vətəndaşların hər hansı bir sorğusu məntəqə seçki komissiyası üzvləri tərəfindən dərhal və yerindəcə cavablandırılırdı. Məntəqə seçki komissiyasının sədri Ədalət Sultanov bizimlə söhbətində dedi: “Hamıya məlumdur ki, Azərbaycanda beynəlxalq təşkilatların müsbət qiymətləndirdiyi seçki ənənəsi formalaşıb. Bu ənənə ədalətə, şəffaflığa söykənir. Vətəndaşlarımız bilirlər ki, onlar səs vermək hüquqlarından mütləq istifadə etməlidirlər. Elliklə, ailəliklə səsverməyə gələnləri müşahidə etdikcə biz də sevinirik. Seçicilərin fəallığı könülaçandır”.
Məmmədrza Dizə kənd tam orta məktəbində yerləşən 3-20 saylı seçki məntəqəsində də seçicilərdə yüksək əhval-ruhiyyə müşahidə etdik. İnsanlar məktəbin həyətinə axışırdılar. Məntəqədə seçkilərlə bağlı bütün texniki işlər yüksək səviyyədə həll olunmuşdu. Seçki məntəqəsində müşahidəçilər və mətbuat nümayəndələri üçün xüsusi yerlər ayrılmışdı. Məntəqənin 441 seçicisi vardır ki, onun da 6-sı ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazanıb. İlk dəfə səs verən Elvira Cəfərova bunları dedi: “Birinci dəfədir ki, prezident seçkisinə qatılıram və ölkəmizin gələcəyinə səs verirəm. Əlbəttə, mən öz namizədimi çoxdan qərarlaşdırmışam. O namizədə səs verirəm ki, biz gənc­lərin inkişafı üçün bundan sonra da hər cür şərait yaradacaqdır”.
Müşahidələrimiz zamanı aydın oldu ki, digər məntəqələrdə olduğu kimi, burada da şəffaflıq tam təmin olunub, heç bir qanun pozuntusu qeydə alınmayıb.
Axşam saatlarına əldə etdiyimiz məlumatlara əsasən Babək rayonundakı seçicilərin böyük əksəriyyəti artıq öz səsvermə hüququndan istifadə etmişdi.

Ordubad rayonu

Dünən Ordubad rayonunda müşahidə etdiyimiz izdiham bu taleyüklü məsələdə seçicilərin fəallığını göstərirdi. 

Qeyd edək ki, 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə 35 min 27 seçici qeydə alınmışdı. Onlar 52 məntəqədə səs verirdilər. Seçicilərin 170 nəfəri ilk dəfə səsverən gənclər idi, 1 nəfərin isə 100-dən çox yaşı var idi. Məntəqələrin 45-i Ordubad rayonunda yerləşirdi ki, burada 29 min 154 seçicinin öz seçimini sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlardan istifadə olunmuşdu. Seçkiləri izləyən müşahidəçilərə də hərtərəfli şərait yaradılmışdı. Bütün məntəqələrdə tibbi xidmət üçün yerlər ayrılmışdı. 7-1, 7-2, 7-3, 7-4 və 7-6 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı. Məntəqələr digər təchizat vasitələri ilə yanaşı, seçicilərin müraciətinə əsasən daşınan qutularla təmin olunmuşdu. 

Məlumat üçün bildirək ki, rayon mərkəzində prezident seçkiləri üçün 5 məntəqədə səs verilirdi. Seçkiləri izləmək üçün ilk olaraq yolumuzu Ordubad şəhərindəki musiqi məktəbinin binasında yaradılmış 7-2 saylı seçki məntəqəsindən saldıq. Səsvermə prosesinin təzəcə başlanmasına baxmayaraq, məntəqədə çoxlu seçici var idi. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədov bildirdi ki, seçkilərin azad, şəffaf və demokratik şəkildə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqə lazımi avadanlıqlarla təmin olunub. Burada 1436 nəfər seçici səs verməli idi. Onlardan  8 nəfəri ilk dəfə ölkə başçısının seçilməsində iştirak edirdi. 

İlk dəfə səs verənlərdən Aynur İsmayılova ilə həmsöhbət olduq. O vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da sağlam mənəvi-psixoloji mühit yaradılıb. İlk dəfə səs verdiyimdən çox qürurluyam. Sevinirəm ki, mən də ölkə başçısının seçimində iştirak edirəm. Qəlbimin hökmü ilə istədiyim namizədə səs verdim. 

Bu məntəqədə də bütün işlərin Seçki Məcəlləsinə uyğun qurulduğunu seçicilər və müşahidəçilər təsdiq etdilər.

Rayonun Aşağı Əylis kəndindəki 7-12 saylı seçki məntəqəsində öyrəndik ki, seçici Usmanova Marusa Gülməmməd qızı milliyyətcə tatardır. Tatarıstandan gəlib. Burada ailə qurub. O bildirdi ki, bir neçə ildir, Aşağı Əylisdə yaşayır. Kənd camaatına qaynayıb-qarışıb. Azərbaycanda gedən inkişafı görür və yüksək dəyərləndirir. Bugünkü prezident seçkilərində yaradılmış şəraiti də həmin inkişafın bəhrəsi kimi qiymətləndirən Marusa xanım azad şəkildə istədiyi namizədə səs verib. 

Ordubad şəhərindəki internat məktəbində yaradılmış 7-5 saylı məntəqə seçki komissiyasının sədri Elvin Məmmədov seçkinin şəffaf keçirildiyini və seçicilərin fəallığının yüksək olduğunu bildirdi, bunu vətəndaşlarda yüksək seçki mədəniyyətinin formalaşması ilə izah etdi. Vurğuladı ki, bu məntəqədə 783 seçicinin öz səsvermə hüququndan istifadə etməsinə hərtərəfli şərait yaradılıb. Onun sözlərinə görə, burada heç bir qanun pozuntusu müşahidə edilməyib, seçicilərin sərbəst surətdə səs vermələrinə, öz iradələrini ifadə ­etmələrinə tam şərait yaradılıb. Seçicilərin fəallığı göstərir ki, vətəndaşlar səsvermədə iştirak etməyin xalqın və dövlətin gələcəyi üçün nə qədər həlledici olduğunu bütün məsuliyyəti ilə dərk edirlər. Azərbaycan bizim Vətənimizdir və xoşbəxt sabahımız üçün namizədlərin ən layiqlisinə səs verməklə özümüzə dövlət başçısı seçmək müstəsna hüququmuzdur. Vətənini və xalqını sevən hər bir vətəndaş ölkə­sinin taleyinə və mənafeyinə heç vaxt laqeyd qala bilməz. Seçici İntiqam Rəhimov da söhbətə qoşularaq vurğuladı ki, sürətli inkişaf yolunda olan ölkəmizin firavan gələcəyi naminə layiqli namizədə səs verəcək. O, seçkilərin demokratik keçirilməsi üçün yaradılan şəraitə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirdi.

Rayonun bir neçə kəndində də olduq. Aza kəndindəyik. Adıçəkilən dairənin 7-25 saylı seçki məntəqəsi kənd feldşer məntəqəsinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Əfqan Hüseynov vurğuladı ki,  bu gün vətəndaşlar yüksək əhval-ruhiyyədədirlər. Seçkilərdə onların fəallığı qarşıdakı illərdə də belə əhval-ruhiyyənin daimi olacağına inam yaradır.

Öyrəndik ki, burada seçici siyahısına daxil edilmiş 659 seçicinin 2 nəfəri ilk dəfədir, səsverməyə qatılıb. Mehdi Nəcəfovun isə 90 yaşı var. Onunla söhbət zamanı dedi:       – Keçirilən prezident seçkilərinin hamısında iştirak etmişəm. Mən evimdə də səs verə bilərdim. Bunu təşkil etməyə çalışanlar sağ olsunlar. Özüm razı olmadım. Çünki seçdiyim namizədə burada gəlib səs vermək istədim. Arxayınam ki, ümidlərim doğrulacaq.

Gənzə kəndində yaradılmış 7-8 saylı seçki məntəqəsində də qələbəlik gördük. Öyrəndik ki, 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə səs verən ən yaşlı seçici 1910-cu il təvəllüdlü Məleykə Həsənovadır. Onun səs verməsi üçün daşınan qutudan istifadə olunub. Məntəqə seçki komissiyasının sədri Raqib Baxşıyev bildirdi ki, çox seçkilərdə iştirak edib. Budəfəki seçkidə seçicilərin fəallığı daha böyükdür.  Heç kəs xalqın taleyinə laqeyd qala bilməz. Seçicilər çox yaxşı bilirlər ki, ölkənin sabahı bugünkü seçkidən çox asılıdır. Bu isə həm də hər bir ölkə vətəndaşının sabahı deməkdir. 

 

Culfa rayonu

44 məntəqəni əhatə edən 6 saylı Culfa-Babək Seçki Dairəsindəki məntəqələrdən 16-sı Babək, 28-i Culfa rayonunda yerləşir. Dairə üzrə, ümumilikdə, 36 min 940 seçici qeydə alınmışdır ki, bunun 19 min 546 nəfəri Culfa rayonunda olan seçicilərdir. Onlardan 96 nəfəri ilk dəfə səs vermək hüququ qazanıb. Müşahidə zamanı rayonda fəaliyyət göstərən seçki məntəqələrində əvvəldən nümunəvi hazırlıq işlərinin aparıldığını görmüşdük. Şəffaflığı təmin etmək məqsədilə 6-16, 6-17, 6-21, 6-22, ­     6-26 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı.

Dairənin 6-16 saylı seçki məntəqəsində səhər saat 800-dan başlayaraq mütəşəkkillik müşahidə olunurdu. Seçicilər heç bir müdaxilə olmadan məntəqəyə yaxınlaşır, istədikləri namizədə sərbəst səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Ramil Həsənquliyev:

– 1464 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Seçkinin başladığı ilk saat­lardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib.

Seçicilər arasında gənc bir qız diqqətimi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir, səs verir. 18 yaşı yenicə tamam olub. Gənc seçici Zeynəb Məmmədovanın ürək sözləri:

– Həyatımda heç zaman şəhərimizin küçələrini bugünkü kimi izdihamlı görməmişdim. Çox həyəcanlıyam. Mənim kimi gənclər, ata-analar, ahıllar, bir sözlə, hamı böyük sevinc və fərəh hissilə məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirir. Mən də öz səsimi milyonların səsinə qataraq ölkəmizin xoşbəxt gələcəyinə verdim. Xoşbəxtəm ki, belə bir ölkənin vətəndaşıyam. 

Seçki məntəqələrindən biri Culfa şəhərindəki Kommunal Müəssisələr Kombinatının binasında yerləşən ­   6-18 saylı məntəqədir. Məntəqə seçki komissiyasının sədri Murad Hümbətov seçkilərin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, seçicilərin böyük bir hissəsinin səs verdiyini bildirdi. 

Doğrudan da, səsvermə prosesi öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun, şəffaf və demokratik şəraitdə gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyədə olması idi. Ona görə də onların ürək sözlərini eşitmək istədik. Seçici Kamal Nəcəfov dedi: 

– Bu gün hamımız üçün əlamətdar bir gündür. Biz ölkəmizin başçısını seçirik. Odur ki, bugünkü tədbirdə qürur və fərəhlə iştirak edirəm. Digər seçicilərin də bunun əhəmiyyətini yaxşı dərk etdiklərini görürəm. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirir. 

Seçici Fatma Əzimovanın da təəssüratı maraqlıdır:

– Çox sakit və rahatlıqla məntəqəyə daxil olaraq səs verdik. Heç bir qanun pozuntusuna rast gəlmədim. Bir seçici kimi məni budəfəki seçki prosesi də tam qane edir. Seçici sərbəst şəkildə, kənardan heç bir müdaxilə olmadan, qutuya öz iradəsini ifadə edən bülleteni atır. Zənnimcə, bu, demokratiya göstəricisi olaraq insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır. 

Rayonun Əbrəqunus kəndindəki 6-22 saylı seçki məntəqəsində də böyük izdiham var idi. Seçici Nazlı Məhərrəmova seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd edərək bildirdi ki, insanlar məntəqəyə gələrək heç bir müdaxilə ilə rastlaşmadan öz layiqli namizədinə sərbəst şəkildə səs verirlər. İnsanlar ailə­liklə məntəqələrə gəlirlər. 

Rayonun Saltaq kənd tam orta məktəbinin binasında yerləşən 6-26 saylı seçki məntəqəsində də seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs öz namizədinə səs verirdi. Onu da qeyd edək ki, seçki məntəqələrində sağlamlıq imkanları məhdud seçicilərin də səsvermədə iştirak etməsinə əlverişli şərait yaradılmışdı. Belə ki, bu məntəqədə də 93 yaşlı Həsən Qəhrəmanova daşınan qutu təklif edilsə də, o özü məntəqəyə gəlmişdi. Bu da vətəndaşların seçkiyə böyük marağının göstəricisidir.

 

Kəngərli rayonu

11 aprel tarixdə keçirilən prezident seçkilərində Kəngərli rayon sakinləri böyük ruh yüksəkliyi ilə iştirak edir, layiqli namizədə səs verirdilər. 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin Kəngərli rayonu ərazisindəki seçki məntəqələrində seçicilərin yüksək əhval-­ruhiyyəsi müşahidə olunurdu. 

Yuxarıda adıçəkilən dairənin əhatə etdiyi 3-6 saylı məntəqədə ilk saatlardan etibarən qələbəlik hökm sürürdü. 1439 seçicinin qeydiyyatda olduğu məntəqədə seçki prosesi Seçki Məcəlləsinə tam uyğun qaydada keçirilirdi. 

Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə yerləşən məntəqədə ilk dəfə səs verəcək 20 vətəndaşın səsvermədə iştirakı nəzərdə tutulmuşdu. Müşahidələr əsasında gördük ki, səsvermə prosesində gənclər fəallıq nümayiş etdirirlər. 

Qıvraq qəsəbə tam orta məktəbində yerləşən 3-17 saylı seçki məntəqəsi də seçici fəallığı ilə müşahidə olunan seçki məntəqələrindən idi. Burada müşahidə kameraları da qoyulmuşdur. 1218 nəfərin qeydiyyatda olduğu seçki məntəqəsində 12 seçici ilk dəfə səs verənlərdir. Seçicilərdən Allahyar Salahov bildirdi ki, bu gün biz ən layiqli namizədə səs verməklə, həm də Azərbaycanımızın gələcəyinə, onun müstəqilliyinin daha da möhkəmlənməsinə, hazırkı inkişafının davamlılığına səs veririk. Mən özüm də daxil olmaqla, deyə bilərəm ki, əhali bu seçkilərə yüksək əhval-ruhiyyə ilə qatılır. Bu da ondan irəli gəlir ki, son illərdə Qıvraq qəsəbəsinin sakinlərinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilib, müasir binalar tikilib, insanların məşğuliyyəti, rifahı üçün yeni iş yerləri yaradılıb. 

Rayonun Qabıllı kəndindəki kənd mərkəzində yerləşən 3-10 saylı seçki məntəqəsində isə qeydiyyata alınan ümumi seçici sayı 702 nəfər idi. Müşahidələrimiz nəticəsində bu seçki məntəqəsində də lazımi şəraitin yaradıldığının, seçicilərin fəallığının şahidi olduq. 85 yaşlı seçici Rəfiqə Seyidova bildirdi ki, əvvəlki dövrlərdən fərqli olaraq indi əhalinin dolanışığı üçün hər cür şərait yaradılıb. Rayonun qəsəbə və kəndləri günü-gündən daha da gözəlləşir. Dövlətimiz tərəfindən zəhmətkeş insanlara, eləcə də biz ahıl vətəndaşlara hərtərəfli qayğı göstərilir. Buna görə də mən bir seçici kimi öz hüququmdan istifadə edərək bu inkişafın davam etdirilməsini istəyirəm və nəzərdə tutduğum namizədə səs verəcəyəm.

Şahtaxtı kəndindəki kənd mərkəzində yerləşən 3-12 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunurdu. Seçki məntəqəsinin sədri Mehman Babayev bildirdi ki, bu məntəqə üzrə 1231 seçici qeydiyyata alınıb ki, onlardan 18-i ilk dəfə səs verənlərdir. Bu məntəqədə də müşahidə kameraları quraşdırılmışdır. Müsahibimiz dedi ki, məntəqədə seçki prosesinin şəffaf və demokratik keçirilməsi üçün əvvəlcədən bütün hazırlıq işləri yüksək səviyyədə görülüb. Həmçinin seçicilərin aktivliyi də səhərin ilk saatlarından müşahidə olunub. Belə ki, saat 11-dək seçicilərdən 350-yə yaxını artıq öz hüququndan istifadə edərək səs verib. Eyni zamanda heç bir qayda pozuntusu qeydə alınmayıb. Burada olduğumuz müddətdə ilk dəfə səs verən seçicilərdən Zəki Rzayeva ilə həmsöhbət olduq. Onun dediklərindən: 

–  Mənim kimi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı əvvəlcədən maarifləndirilməsi seçkilərdə fəal iştirak etməyimizə səbəb olur. Sevinir, həm də qürur hissi keçiririk ki, Azərbaycan dövləti gəncliyi ölkəmizin gələcəyi kimi görür və bu sahədə məqsədyönlü işlər aparır. Gənclərimizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir. Biz bu siyasətin davam etdirilməsini istəyirik. 

Kəngərli rayonundakı digər seçki məntəqələrində də müşahidə apardıq. Bütün məntəqələrdə seçici fəal­lığının şahidi olduq. Əhali elliklə məntəqəyə gəlir, heç bir müdaxilə ilə qarşılaşmadan istədikləri namizədə səs verirdi. 

 

Şahbuz rayonu

Ölkəmizdə keçirilmiş növbəti prezident seçkiləri muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz mütəşəkkilliyi və bayram ab-havası ilə yadda qaldı. Həmin gün 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Şahbuz rayonu ərazisindəki seçki məntəqələrində səhər saatlarından başlayaraq qələbəlik idi. 

Qeyd edək ki, Şahbuz rayonunda yaradılmış 25 seçki məntəqəsində 14 min 989 seçici öz namizədlərinə səs verdi. Seçicilərin 73 nəfəri ilk dəfə prezident seçkilərində iştirak edirdi. Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 3 nəfər seçici vardır. Seçkilərin yüksək mütəşəkkilliklə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də mətbuat nümayəndələrinin seçkiləri sərbəst izləməsi üçün şərait yaradılmış, 2 məntəqədə veb-kamera quraşdırılmışdır. 

Seçki başlandığı ilk dəqiqədən etibarən Şahbuz şəhərində yerləşən və 1452 seçicinin qeydə alındığı 5-1 saylı seçki məntəqəsinə şəhər sakinləri böyük ruh yüksəkliyi ilə axın edirdilər. Məntəqədə ilk səs verən seçici Məmməd İsmayılov oldu. O, ölkəmizin işıqlı gələcəyinə, övladlarımızın sülh şəraitində xoşbəxt yaşamasına səs verdiyini dedi. 

Günortaya yaxın artıq bu məntəqədə qeydiyyatda olan seçicilərin 50 faizə qədəri öz səsvermə hüququndan istifadə etmişdi.

5-2 saylı Şahbuzkənd kənd seçki məntəqəsində isə səhər saatlarında ATƏT-dən olan müşahidəçi Aqitos Rulantosun da iştirakı ilə seçki qutuları kilidləndi, digər təşkilati işlər həyata keçirildi. Bundan sonra məntəqədə səsvermə başlandı.

Ucqar dağ kəndi olan Ağbulaq 5-22 saylı seçki məntəqəsində seçki prosesi üçün yaradılan ideal şəraitlə qarşılaşdıq. Məntəqə sədri Elşən Cəfərov bildirdi ki, burada 290 nəfər seçici qeydə alınıb, səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçirilir. Kənd sakinləri artıq səhər saat­larından başlayaraq öz seçimlərini etmək üçün məntəqəyə üz tutublar. Burada hər bir seçici yüksək əhval-ruhiyyə ilə seçici siyahısından adını taparaq məntəqə seçki komissiyasından aldığı seçki bülletenində dəstəklədiyi namizədə səs verirdi. Seçici Şahmar Əhmədov bizimlə söhbətində vurğuladı ki, hər bir Azərbaycan vətəndaşı istəyir ki, sülh, əmin-amanlıq şəraitində yaşasın, ölkəsi inkişaf etsin. Mən də bu inkişafın davamlılığı naminə öz səsimi layiqli namizədə verdim. 

Rayonun digər ucqar kəndi olan Kükü kənd 5-15 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olundu. Səhər saatlarında məntəqəyə üz tutan 92 yaşlı seçici Məmmədhüseyn Hüseynovdan seçki ilə bağlı fikirlərini öyrəndik. O, mən həmişə bax belə, görəcəyim işə səhər başlamışam, nəticəsi də hər dəfə uğurlu olub, – dedi. Qeyd etdi ki, bu gün də ən yaşlı seçici olmağıma baxmayaraq, hamıdan tez səsverməyə gələrək bizə sakit, firavan həyat bəxş edə biləcək namizədə səs verdim. Gənc seçicilərdən Nubar Hüseynbəyli isə gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğı, onların xaricdə təhsil almaları üçün yaradılan şərait, dövlət idarələrində önə çəkilmələri, ümumilikdə, dövlət gənclər siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsini vurğulayaraq bu siyasəti davam etdirə biləcək namizədə səs verdiyini bildirdi. 

Növbəti müşahidələrimizi 441 seçicinin qeydə alındığı Sələsüz kənd 5-4 saylı seçki məntəqəsində apardıq. Burada da seçicilərin yüksək fəallığı ilə qarşılaşdıq. Azәrbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 mart tarixli Sәrәncamı ilə vәtәndaşlığa qәbul edilәn Qalina Mamedova bu seçki məntəqəsində səs verirdi. Seçki ilə bağlı fikirlərini bildirməsini xahiş etdikdə o, çox məmnun halda sözə başladı: 

– Mən 2003-cü ildən burada yaşayıram. Həmişə azərbaycanlılardan səmimiyyət, mehribanlıq görmüşəm. Elə buna görə də bu ölkənin vətəndaşı olmaq istədim və çox minnətdaram ki, mənim istəyim nəzərə alındı. Azərbaycan gözəldir, burada sakit, təhlükəsiz bir həyat var. Mən səsimi gələcəkdə də bu təhlükəsizliyi, inkişafı qoruyub saxlayacağına inandığım namizədə verdim.

Qeyd edək ki, həmin gün ATƏT və MDB müşahidə missiyasının nümayəndələri rayon ərazisindəki seçki məntəqələrində seçki prosesini izləyiblər.

 

Sədərək rayonu

Sədərək rayonunda Azərbaycan Respublikasında Prezident  seçkiləri 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Sədərək rayonu üzrə təşkil edilmiş seçki məntəqələrində də çox mütəşəkkil, azad və şəffaf keçirilib. 

Rayonda seçicilərin ümumi sayı  10 min 755 nəfərdir ki, bunlardan da 74 nəfəri ilk dəfə səs verib. Bütün seçki məntəqələri əsaslı təmir olunmuş binalarda yerləşdirilib. Məntəqələr telefonla, digər texniki vasitələrlə təmin olunublar. Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün dəfələrlə seminar və treninqlər keçirilib. Seçki siyahılarının düzgün tərtib edilməsi xüsusi diqqətdə saxlanılıb. Siyahılarda dəqiqləşdirmələr aparılıb. Eyni zamanda vətəndaşların da seçkilərə cəlb olunması üçün təbliğat işləri yüksək səviyyədə qurulub. 

Yeri gəlmişkən onu da bildirək ki, dairənin 1-1 saylı Heydərabad seçki məntəqəsində veb-kamera quraşdırılmışdı. Heydərabad qəsəbə tam orta məktəbində yerləşən məntəqədə apardığımız müşahidə zamanı seçicilərin səsvermədə mütəşəkkil iştirakının şahidi olduq. Müşahidəçilərə də çox yaxşı şərait yaradılmışdı. 

Bu məntəqədə 15  nəfər ilk dəfə səs vermək hüququ olan gənclər idi. Onlardan Şahin Rzalı  ilə həmsöhbət olduq. O bildirdi  ki, bu günü həmişə xatırlayacaq. Çünki həyatında əlamətdar gündür. Cəmiyyətimiz inkişaf edir, dünyada baş verən hadisələri də yaxından izləyə bilirik, müqayisələr aparırıq, öz inkişafımızı düzgün qiymətləndiririk. Bu inkişafı rayonumuzun timsalında da görmək olar. Belə ki, sərhəd bölgəsində yollar çəkilib, yaraşıqlı park və xiyabanlar salınıb, kənd mərkəzləri, səhiyyə, təhsil ocaqları inşa edilib, hamısı da müasir səviyyədə. Bütün bunlar bizim gözümüzün qarşısında baş verir. Bizim də məsuliyyətimiz var. Ölkənin demokratik və sürətli inkişafı üçün biz, ilk növbədə, hüququmuzdan düzgün istifadə etməliyik. Mən belə də etdim. Azərbaycan Respublikasının inkişafı üçün böyük işlər görə biləcək namizədə səs verdim.  

1-3 saylı Sədərək seçki məntəqəsində rayon sakini Ələkbər Cabbarovla görüşdük. Onun ürək sözlərini dinlədik:

– Həyatın hər üzünü görmüşəm. Ona görə də indiki yaşayışımdan çox razıyam. Bu yaşayışın təməlində ümummilli liderimizin müəyyənləşdirdiyi siyasət dayanır. Mən də bu siyasəti uğurla davam etdirənə, ölkə­mizin aydın sabahını, işıqlı gələcəyini təmin edənə səs verdim. 

1-7 saylı Qaraağac seçki məntəqəsində səs verən Rəhimovlar ­ailəsi ilə tanış olduq. Ailə başçısı Novruz Rəhimov bizimlə söhbətində bildirdi  ki, indi vətəndaşları bir məsələ daha çox düşündürür: ölkədəki mövcud siyasət daha da uğurla inkişaf etdirilsin. Çünki bu siyasət bizi bəlalardan qurtarıb, aclıqdan, səfalətdən, fəlakətdən xilas edib. Məhz buna görə də hər kəs öz üzərində məsuliyyət hiss etməli, seçki hüququnu həyata keçirməlidir. Məsələn, biz ailə üzvlərimizlə birlikdə indicə səs verdik. Belə hesab edirik ki, asayişin təmininə, rifaha, inkişafa səs vermiş olduq. Ölkə mənafeyi ortaya qoyulanda “mən, sən” olma­malıdır. Bircə Vətən var: – Azərbaycan! Biz onun mənafeyinə səs verməliyik. Bu isə Heydər Əliyev siyasi kursunda, onun işıqlı ideyalarında əksini tapıb.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR