25 Dekabr 2024, Çərşənbə

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olmuşdur.
Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Ölkə Prezidenti bu barədə demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. 2017-ci ildə də bu sahədə görülən işlər davam etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin iştirakı ilə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində 900 yerlik əsgər yataqxanası və Əsgəri-Məişət Kompleksi istifadəyə verilmişdir.
2017-ci tədris ilində birləşmə və hərbi hissələr hər bir tapşırığı peşəkarlıqla yerinə yetirmişlər. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 12-15-də Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri keçirilmişdir. Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin, ümumilikdə, 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilmiş, qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov birgə əməliyyat taktiki təlimi izləmiş, təlimdə iştirak edən şəxsi heyətə təşəkkürünü bildirərək demişdir: “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir”.
Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunmuş, hərbi parad keçirilmişdir. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 minə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən ­ 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak etmişdir.
Həmin gün Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi də istifadəyə verilmişdir. 3 mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı yerləşir. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılmış, kompüterlər quraşdırılmış, əyani vəsaitlər və məlumat stendləri qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasında dövlət-ordu-xalq birliyinin möhkəm təməli yaradılıb. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu günbəgün artır, sərhəd yaşayış məntəqələrimiz etibarlı müdafiə olunur. Bu il dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissədə və hərbi hissənin əhatə etdiyi postda olmuş, əsgər və zabitlərlə görüşmüş, təmas xəttində xidmətin təşkili ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
Birləşmə və hərbi hissələrdə şəxsi heyət arasında vəzifə borcuna məsuliyyət daha da artırılmış, döyüşə hazırlıq günün tələbləri səviyyəsində qurulmuş, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı və hərbi intizam möhkəmləndirilmişdir. Əlahiddə Ümumqoşun Ordunun silah arsenalı müasir silah və texnika ilə gücləndirilmişdir.
Bütün bunların nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür.
Əldə olunan bu uğur şəxsi heyəti qürurlandırmaqla yanaşı, həm də qarşıya daha mühüm vəzifələr qoyur. Ali Baş Komandanın döyüş əmrinə hazır, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan Əlahiddə Ümumqoşun Ordu bundan sonra da Naxçıvan Muxtar Respublikasının müdafiəsini etibarlı şəkildə təşkil edəcəkdir.

Mirqiyas RÜSTƏMOV
polkovnik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR