25 Dekabr 2024, Çərşənbə

(Hekayə) 

– Bu da Naxçıvan! Nə tez yetişdik, – deyə yerə enməkdə olan təyyarədə Kazım qeyri-iradi dilləndi. Sevinc və həyəcanı bir-birinə qarışdı. Zarafat deyildi. Bir azdan 1994-cü ildən ayrıldığı doğma yurda ayaq qoyacaqdı. Ovaxtkı Naxçıvanı xəyal süzgəcindən keçirtdi. Doğulduğu, böyüyüb yaşa dolduğu ucqar Eyvazlını da gözləri önünə gətirdi... İndi, görəsən, nə vəziyyətdədir kəndimiz? – dedi.
Qəlbində doğulan bu sual bərk qorxutdu Kazımı. Axı payız, qış fəsillərində yolları qıfıla düşən Eyvazlıya necə gedəcəkdi? Hansı çətinliklərlə üzləşəcəkdi? Bir də axı, görəsən, kənddə heç qalan varmı? O dövrün üst-üstə qalanmış çörək, qaz, işıq problemləri, əmin-amanlığın olmaması adamların bir qismini baş götürüb qaçmağa məcbur etmişdi. Düzdür, 20 ildən artıqdır ki, yaşadığı Uzaq Şərqdə Naxçıvan haqqında azdan-çoxdan eşitməmiş, bilməmiş də deyildi Kazım. Di gəl ki, eşitdikləri ona inandırıcı gəlmirdi.
Kazım orada əldən-ayaqdan uzaq bir kənddə yaşayırdı. Varlı bir ailənin ev, təsərrüfat işlərini aparırdı. Ala-babat dolanışıqları olsun deyə arvad-uşağını da özü ilə bərabər işlədirdi. Onun bu illərdə yadına düşmədiyi doğma vətəninə birdən-birə baş çəkmək fikri də göydəndüşmə olmamışdı. Özü demişkən, xozeyini ona ürək qızdırıb demişdi ki, biznesimi genişləndirirəm. Mal-heyvanım da xeyli artıb. Yaxın şəhərlərin birində dükan-bazar açmaq istəyirəm. Bilirəm ki, siz azərbaycanlılar halal, düz insanlarsız, etibarlısınız.

Kazıma böyük inamı vardı xozeyinin. Demişdi ki, get, ən azı 8-10 nəfər iş bacaran, qolunun qüvvəsi olan cavan oğlan tap gətir. Yaxşı qazanacaqlar.

Kazım “Həm ziyarət, həm ticarət” məsəlini yadına salıb xozeyininə razılığını bildirdi. Və yola çıxdı. Neçə qatar, neçə təyyarə dəyişib Bakıya, oradan da Naxçıvana uçdu. Kazım yeganə yükünü – kəmərli çantasını çiynindən aşırıb axına qoşuldu. Qapıdan çıxıb addımını trapa qoycaq, ilıq, ürəyinə düşən xoş rayihəli hava üz-gözünü oxşadı. İllərdən bəri həsrət qaldığı yurd havasını acgözlüklə ciyərlərinə çəkdi. Özündə qəribə bir yüngüllük hiss etdi.
– Oxqay, nə gözəldir. Qurban olum sənə, Vətən, – deyə ürəyindən keçirdi, ətrafa nəzər saldı:
– Bıy, bura həmin ayraportdurmu? Gör necə gözəlləşib. Köhnədən əsər-əlamət belə, qalmayıb...
Sarı rəngli bir maşına əyləşdi. Səliqəli forma geyinmiş şirinsifət sürücü ilə ünsiyyət qurmağa çətinlik çəkmədi:
– Ay qardaş, ay oğul, bura Naxçıvandır?.. Deyirəm birdən səhv gələrəm ee?
– Elə Naxçıvandır ki, gəlmisən. Görünür, çoxdandır bu yerlərə ayağın dəyməyib, eləmi?
– Elədir, elədir, – deyə Kazım dərindən ah çəkdi.
– Hələ sən nə görmüsən, ay kişi? Bir-iki gün gəzib dolanarsan, onda hər şey sənə agah olar. İndisə, yolçu yolunda gərək.
Sarı taksi hava limanı ərazisini arxada buraxıb üzü günçıxana yol aldı. Xeyli məsafə qət etdikdən sonra sola buruldu. Qəlbi dağların ətəyində yerləşən Eyvazlıya üz tütdü. Yolboyu Kazım sürücünü dinc qoymurdu. Cavan sürücü Ramin saya gəlməz suallardan nə yorulur, nə bezirdi. Əksinə, bunu özünün vəzifə borcu sanır, qürur hissi keçirirdi. Ona görə ki, indi artıq hər tərəfi cənnəti xatırladan belə bir gözəl torpaqda, əsrarəngiz diyarda yaşayır. Dilinə gətirməsə də, qəlbində Vətəninə biganə olan qonağını qınadı, halına acıdı.
– Ay Ramin, inan mənə, keçdiyimiz bu geniş, şüşətək asfalt yollara oranın hələm-hələm şəhərlərində belə, rast gələ bilməzsən, – deyə Kazım ani sükutu sındırdı.
– Hələ Naxçıvanın kəndləri... Gör bir necə böyüyüb müasirləşiblər. Hamısında 2-3 mərtəbəli gözəl-gözəl binalar ucalıb. Elə hesab edirdin 22-23 il əvvəllərdə yaşadığın Naxçıvandı?
– Düzünə qalsa... hə... sən demə, yanılmışam... Bir də ki, mən dünyanın o başında necə bilməliydim axı... Az qına məni. Bizim sağ tərəfimizdəki iki-üç mərtəbəli binalar nədi elə, yəni nədən ötrüdür?
– Biri məktəbdi, biri kənd mərkəzidi, o biri xəstəxanadı, onlardan oyankı xidmət obyektləridi... Yenə deyim? Bax onların ətrafındakılar da son vaxtlarda ucaldılmış fərdi yaşayış evləridir. Daha bizim yerlərdə kəndlə şəhərin fərqi götürlənib ee. Tanımazsan kənd­lərimizi. Xəbərin olsun ki, öz kəndinizdən də köhnə bir nişanə qalmayıb. Hər nə var təzələnib.
– Yaxşı, bəs işığı, qazı necə? Elektrik yenə uzun fasilələrlə verilir?.. Hələ çörək?! O vaxt az qala aclıq bürümüşdü məmləkəti. Un, çörək qəhətə çıxmışdı.
– O dediklərin, elə o vaxtlarda da qalıb. Tarixə dönüb. Acı xatirələr kimi nağıllaşıb. Nə işıq, nə fasilə?! İndi Naxçıvan istehsal etdiyi elektrik işığını xaricə satır. Kəndlərimiz başdan-başa qazlaşdırılıb. Sən nə danışırsan? O ki qaldı una, çörəyə... İndi on illərə bəs edəcək ərzaq ehtiyatımız vardır. Hər kəs pay torpağını əkir, becərir, məhsulunu da ha çoxdur dəyirman, üyüdüb qoyur başının altına. Artığını da satıb pul edir. Kimdir çörək dərdi çəkən...
– Sən lap nağıl söyləyirsən, ay Ramin.
– Əslində, elə nağıldır. Amma çox çəkməz burdakı bütün nağılları öz gözlərinlə görərsən.
Kazım bir anlıq dilini dinc qoyub fikrə daldı. Sonra:
– Səni də yoruram, bağışla. Ancaq bir sual da verəcəyəm: – sürdüyün bu gözəl maşın yapon istehsalıdır, yoxsa Koreya?
– Ay əzizim, bu, xarici avtomaşın deyil. Öz istehsalımızdır. Naxçıvanda buraxılır.
– Ramin, deyəsən, qərib bilib zarafat edirsən mənimlə?..
– Canım, nə zarafat, nə zad. Diqqət yetirsən, yollarımız doludur “NAZ Lifan” markalı maşınlarla. Keyfiyyətinə söz ola bilməz. Baxın görün nəyi əskikdir yapon “Nissan”ından. Xəbərin olsun ki, artıq Naxçıvanda, rayonlarımızda neçə-neçə adda sənaye məhsulları hazırlanır. Nə qədər iş yerləri açılıb. İşləyənə minnət. Artıq Naxçıvanın brend malları adladı.
“NAZ Lifan” bir-birindən abad, gözəl yaşayış məntəqələrini geridə qoyub üzüyuxarı qalxırdı. Heyrətamiz bir maraqla sağını, solunu gözdən qaçırmaq istəməyən Kazım yenə sakit dura bilmədi:
– Ramin, bəs bu dağın ətəyindəki tikili nəmənədi?
– Kazım, heç bilirsən biz hazırda haradan keçirik? Düz Əlincə qalasının ətəyindən. Yaddan çıxarmış olmazsan şöhrətli qalanı. O gördüyün bina da Əlincəqala muzeyidir. Elə son illərdə Əlincənin zirvəsində nə qədər möhtəşəm işlər aparıldı. İndi dünyanın hər yerindən buraya axın-axın ziyarətçilər gəlir.
– Nə yaxşı, nə yaxşı. Hələ eşitmişəm Əshabi-Kəhfə də əsaslı əl gəzdiriblər. Böyük ziyarətgaha çevrilib.
– Əşşi.. nə Əshabi-Kəhf, nə Gülüstan... Demək olar, muxtar respublikamızda inşaatçı əli dəyməmiş tarixi abidələr, dini ziyarətgahlar qalmayıb. Hamısını da necə var, olduğu kimi təmir-bərpa ediblər. Hələ sən Naxçıvanqalanı, Nuh Peyğəmbərin qəbirüstü abidəsini görəsən.
– Sözünə qüvvət, ay Ramin. Sibirdə, bizim yaşadığımız kənddə məktəb binası uçub-tökülürdü. Təzəsini tikməyə başladılar. Neçə ildir, hələ də bitməyib. Son vaxtlarda da tam dayanıb iş. Dedilər guya finansa görədir, yəni pul tapa bilmirlər... Yazıq uşaqlar, qəzalı binada dərs keçirlər. Hələ məktəbi qoyuram bir kənara...İşığın da, qazın da kəsilmədiyi gün olmur.
– Hə, demək, özün etiraf edirsən qaldığın yerlərin çətinliklərini. Unutma ki, sənin o vaxtlar yaşadığın Naxçıvan indi ayrı aləmdir... Ataların gözəl bir məsəli var: Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Özün görəcəksən...
– İndi isə səninlə xudahafizləşməyin vaxtıdır, Kazım. Çünki o gördüyün kənd Eyvazlıdır.
– Necə?! Bəs o keçilməz, dərə-təpə yollar hanı? Payız, qış aylarında çox vaxt bağlı qalırdı. Kənddən çıxmaq, kəndə gəlmək mümkün olmurdu.
– Çox düz buyurursan. O vaxtlar eləydi, bu gün isə, bax belədir. Görürsən, asfaltın üstü ilə kəndə şütüyürük. Kəndinizin astanasındayıq.
– Daha sözüm yoxdu. Bu, lap möcüzədir. Hələ o göylərə boy verən tikililər, üstləri rənga­rəng örtüklü, yaraşıqlı evlər... Kənd necə də dəyişilib, İlahi! Heç inanmağım gəlmir bu işlərə... Ramin, buranı belə görəndə yenə yadıma qəribçilikdə yaşadığım yerlər düşür. Uzun illərdir ki, ordayam, heç daşı daş üstünə qoymayıblar. Mənim də 20 ilə dişimlə, dırnağımla tikdiyim ev sizin bu binaların yanında kiçik bir daxmanı andırır.
– Hə, əziz dostum, hələ çox heyrətlənəcəksən. Nə isə, Kazım, artıq mənzilbaşına yetişdik, bu da kəndinizin mərkəzi... Solumuzdakı ikimərtəbəli bina da kənd mərkəzidir. Nə qədər irili-xırdalı idarə və təşkilat var hamısı o binada fəaliyyət göstərir. Eyni gündə bir neçə idarəyə işin düşsə, daha ayrı-ayrı ünvanlara gedib özünü yormayacaqsan. Hər işi qısa vaxtda bir binada həll edəcəksən...
– Ramin, mən təslim, daha sözüm yoxdur. Naxçıvan barədə azdan-çoxdan eşitdiklərim, sən demə, yanlış deyilmiş.
– Kazım, mən səni başa düşürəm. Gör bir neçə illərdir bu yerlərdən uzaq düşmüsən. Özü də heç bir yaxınınla əlaqə yaratmamısan. Əslində, özündə də laqeydlik az olmayıb. Nə isə, artıq hər şey keçib. Bu mövzuda danışmağa dəyməz... İndi sən mənə de görüm evinizin yerini biləcəksən, ya yox?
– Haradan bilməliyəm?! O zaman gözümün alışdığı köhnə kənddən nə qalıb ki, tanıyım.
– Onda o cavan oğlanı çağırım, evinizin yerini xəbər al.
Sürücünün səsləməsi ilə oğlanın maşına sarı gəlməsi bir oldu.
Kazım:
– Ay oğul, Bəxtiyar kişinin evi hansıdır? Tanıdın? Qurbanov Bəxtiyar... Baytar Bəxtiyar da deyirlər ona.
– Niyə tanımıram ay əmi, oğlu Kərim müəllim bizə dərs deyir. Qızı Səmayə də müəllimədir.
Səbrini basa bilməyən Kazım qeyri-ixtiyari qürur hissi ilə ucadan səsləndi:
– Uzaqdır evləri?
– Xeyr, elə o marketin arxasındadır, gedək göstərim.
* * *
– Dadaş, (Kazım atasına belə müraciət edərdi) daha qala bilmərəm, gedəsi oldum. Günü sabah çıxmalıyam. Üç-dörd günün ərzində çox yerləri gəzib dolandım. Və xeyli düşünüb-daşındım. Qərarım qətidir.
– Ay bala, qurbanın olum, niyə belə tez? Od almağa gəlmişdin? Gücnən əlimizə düşmüsən. Buraxan deyilik. Hələ qal bir üzünü doyunca görək bari. Kənd adamları tanısın səni, – deyə anası atasını qabaqladı.
Bəxtiyar kişinin sifətinə kədər çökdü. O da üz-gözünü turşudub narazılığını gizlətmədi:
– Anan düz deyir, oğlum... Heç elə şey yoxdur. Gedə bilməzsən.
– Ay dadaş, ay ana, məni niyə bu qədər danlayırsız? Heç bilirsiz tez qayıtmağımın səbəbi nədir? Tez gedirəm ki, tez də işlərimi təhvil verib biryolluq qayıdım... indi aydın oldu?
Anası:
– Allah, min şükür, min şükür... Qayıt bala, qayıt. Qurban olaram gələn yollarına.
Atası bir qədər fikrə dalıb soruşdu:
– Elədirsə, onda bəs xozeyinin necə baxacaq bu işə? Buraxar səni? Axı, əslində, onun tapşırığını yerinə yetirməyə gəlmişdin. Nə cavab verəssən ona? Bir ətək pulunu qaytara biləssən?
– Ay mənim qəşəng dadaşım, özün də şahid oldun ki, kimlə danışdım, kimin ağzını aradımsa, imtina etdi getməkdən. Çoxunun da cavabı eyni oldu: Bizim o yerlərdə nə itimiz azıb? Cənnət kimi yurd-yuvamızı, iş-gücümüzü atıb niyə dağa-daşa düşək ki? Heç kim getmək istəmədi. Zorla aparmaq olmazdı ki. Mən də, əslində, çox başını qovmadım. Bildim ki, daha buralardan heç kim ayaq qoyub kənara çıxmaz. Hamısını nə təhər olub xozeyinimə danışacağam. Elə özümün Vətənə qayıtma səbəbini də gizləməyəcəyəm. Deyəcəyəm ki, elə bir inkişaflı, gözəl ölkəsi olan adam nəyə görə bu uzaq ellərdə canını çürütməlidir?! Bəd adam deyil xozeyinim... Çox ürəyi yumşaqdır. Məni doğru-dürüst anlayacaq. Dadaş, hələ xozeyinimi də gələndən sonra qonaq dəvət edəcəyəm Naxçıvana. Gəlib öz gözləri ilə görsün buraları. O ki qaldı pula... hamısını aparıb qaytaracağam. Ordakı komamızı da əşyaları ilə bahəm nə qiymətə getsə, satacam. Çətinliyə düşmərik inşallah. Geninə-boluna kifayət edər qayıtmağımıza. Hə, dadaş, söz verirəm ki, düz ikicə aya ailəmlə, nəvələrinizlə yanınızdayıq. Sözüm kişi sözüdür.
Sevincindən gözləri dolan Bəxtiyar kişi oğlunun doğma ata ocağına qayıdacağına inanırdı. Çünki anlamışdı ki, Naxçıvanda gördükləri onu, necə deyim, yerindən oynadıb, möhkəm silkələyib. İllah da yaşadıqları dağ kəndi Eyvazlı. Bir vaxtlar sakinlərini qaçıran, gözdən, könüldənuzaq miskin görünüşlü bu kənd artıq maqnit kimi hamını özünə çəkir. Hətta xarici turistləri də. Niyə də çəkməsin?! Geniş, asfalt yolları, tarixi guşələri, buz bulaqları, ürəyə məlhəm olan havası, üstəgəl sosial-inzibati binaları, göz­oxşayan fərdi evləri, qonağı əziz-xələf edən insanları. Bir sözlə, hər şey adama gəl-gəl deyir.
Kazım da, sözsüz ki, gördüklərinə biganə qala bilməzdi. Həm də danışıb aparmaq istədiyi həmyerlilərinin getməkdən qətiyyətlə imtina etməsi, onu azdan-çoxdan düşündürmə­miş deyil. İş, çörək qazanmaq məsələsi də buralarda, təbii ki, problem olmayacaq. Çalışana, zəhmət çəkənə minnət... Elə Eyvazlının özündə nə qədər əməyə bağlı ailə var ki, təkcə arı, yaxud mal-heyvan bəsləməklə dünyanın pulunu qazanır. Odur ee, Cəbi kişinin quşçuluq təsərrüfatı ətrafa səs salıb.
Bəxtiyar kişi bu kimi düşüncələrə daldıqca, qəlbi buz kimi rahatlayırdı ki, oğlu yalan ha demir. Mütləq qayıdasıdır.
...Və qayıtdı da.
Kazım verdiyi sözü tutdu. Budur, ata ocağında əsl çal-çağır, qələbəlikdir. Ahıl sinnində olan Bəxtiyar ata bu dönüşdən vəcdə gəlib hamının eşidəcəyi səslə dualar etdi. Ürəkdən qopan bu dualarını hazırkı dövranı qurub-yaradanların ünvanına söyləyirdi.
– Amin, amin, dilinə qurban! Qoca ana da içindən qaynaqlanan bir duyğu ilə üzünü ömür-gün yoldaşına tərəf çevirdi.


Fərəc FƏRƏCOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR