Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.
Dekabr ayı ərzində xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 17 əcnəbi aşkarlanıb. Onlardan 14-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 569 müraciət daxil olub. Bu müraciətlərdən 75-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Dekabr ayı olduğu yer üzrə qeydiyyatla bağlı 494 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 205-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti