25 Dekabr 2024, Çərşənbə

İnsanları elm öyrənməyə təşviq edən və elmi, təhsili ibadət sayan yeganə din məhz İslam dinidir. Təsadüfi deyildir ki, dünyanın müsəlman əhalisinin sayı 1975-ci ildə cəmi 500 milyon nəfər idisə, heç yarım əsr keçmədən bu rəqəm bu gün 1,5 milyardı ötmüşdür. İnsanlığa hər sahədə çox önəmli nailiyyətlər qazandırmış İslam mədəniyyəti əsrlər sürən və bu gün də çox geniş bir coğrafiyanı əhatə edən böyük bir mədəniyyətdir.

İslam mədəniyyətinin formalaşmağa başladığı ilk dövrlərdəki elm müsəlmanlara özünəməxsus dünyagörüşü qazandırmışdır. Sonrakı dövrlərdə müsəlmanlar əldə etdikləri elmi təcrübələrlə bu dünyagörüşü əsasında böyük bir mədəniyyət yaratmışlar. İslam mədəniyyətinin inkişafında Azərbaycan xalqının da xidmətləri böyükdür. Belə ki, qədim Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin formalaşması və yaşadılmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycan xalqının İslamın ali dəyərlərinə qəlbən bağlılığı tarixin hər bir çətin sınağında xalqımızı öz inancından yayındıra bilməmişdir. Zəngin tarixi-mədəni irsi və özünün artan nüfuzu ilə ölkəmiz müasir dövrdə İslam dünyasının layiqli bir üzvüdür.
Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda insanların özünəməxsus multikultural dəyərlərə sahib olması, azad dini etiqad seçimi, ziyarətgahlara və digər müqəddəs məkanlara son dərəcə həssas münasibət göstərməsi respublikamızda beynəlxalq nüfuz qazandıran başlıca amillərdəndir. Bu baxımdan 2009-cu ildə ölkəmizin paytaxtı Bakı və 2018-ci ildə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi Azərbaycanın İslam dünyasında önəmli bir məkan olduğunu sübut edir.

Bu gün Naxçıvan İslam dünyasının mədəniyyət zənginliyinin rəmzi olan bir şəhəridir. Bunu şəhərimizin tarixi və mədəniyyət abidələri bir daha sübut edir. Digər tərəfdən gündən-günə müasirləşən doğma diyarımız öz tərəqqi və intibahı, qonaqpərvərliyi, bəşəri və milli əxlaqı, dini dəyərləri qoruyub yaşatması, əsrarəngiz təbiəti, turizm potensialı ilə daim diqqət mərkəzindədir. Məhz bu səbəblərə görə İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş 6-cı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında 2016-cı il 2 iyun tarixdə Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Bakı şəhərində 2009-cu ilin ok­tyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.
Sərəncama əsasən yaradılan Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə Naxçıvan şəhərində ilk iclası keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır”.
Təşkilat Komitəsinin ilk iclasında Tədbirlər Planı təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcı­lıq müsabiqəsi elan edilmişdir. 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuş, bunlardan Naxçıvanın həm türk, həm də İslam mədəniyyətinin daşıyıcısı olduğunu qədim və müasir tarixi rəmzlərlə çatdıran loqotip qəbul edilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqotipinin şəhərdəki monitorlarda və şəhərin müəyyən yerlərində yerləşdirilməsi, Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsinin hazırlanması ilə bağlı bir sıra işlər görüb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sifarişi ilə “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 100 min ədəd marka və 100 min ədəd zərf muxtar respublikaya gətirilmiş və tədavülə buraxılmışdır. Ölkədaxili və beynəlxalq poçt göndərişlərində istifadə olunması nəzərdə tutulan standart ölçülü poçt markasının, eləcə də poçt zərfinin üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosunun rəsmi həkk olunmuşdur. Həmçinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosunun təsviri olan, üzərində Haçadağın, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqotipinin və Gülüstan türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanmışdır.
Bu istiqamətdə öz elmiliyi və tarixi ilə seçilən tədbirlərdən biri də ötən il “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Ali Məclisin Sədri Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi ilə bağlı keçirilən bu konfransı Azərbaycan və İslam tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirmiş, qədim Naxçıvanın türk-islam mədəniyyəti və tarixindəki yerini belə səciyyələndirmişdir: “Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda İslam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Bu mühüm tarixi əhəmiyyət kəsb edən konfrans tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq, incəsənət sahələri ilə bağlı yeni elmi tədqiqatların nəticələrinin müzakirəsi, gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi ilə yadda qalmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, həmçinin 2017-ci il 28 dekabr tarixli Sərəncamı ilə agentliyin tabeliyində “Mənəvi Dəyərlər Fondu”nun yaradılması bu sahədə aparılan məqsədyönlü işlərə öz töhfələrini verəcəkdir.
Gündən-günə gözəlləşən, İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən Naxçıvan həm də qədim sivilizasiyanın beşiyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvanın Türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri ­­bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.
Bütün Şərq dünyasının, İslam aləminin dövlətçilik və fəlsəfi düşüncə mərkəzi kimi tanınan Naxçıvan şəhəri artıq İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alıb. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə kimi tarixdə öz yerini tutacaqdır.

Jalə ALMƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR