Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2017-ci ildə görülən işlər, 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Hicran Rüstəmov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, muxtar respublikamız əvvəlki illərdə olduğu kimi, ötən ildə də regional inkişafda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Azərbaycanın ümumi inkişaf mənzərəsində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2017-ci ildə də qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər görülüb. Bütün bunlar əsası ümummilli liderimiz tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qazanılıb. Bunu tikinti təşkilatlarının fəaliyyətində də görmək olar. Muxtar respublika inşaatçıları hesabat ilində əzmkarlıq göstərib, üzərlərinə götürdükləri vəzifələrin öhdəsindən gəlmək üçün səy və bacarıqlarını əsirgəməyiblər.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Şəhər və Kəngərli Rayon idarələrinin rəisləri Novruz Qalayevin və Vəzir Əliyevin çıxışları dinlənilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edib.
Bildirilib ki, il ərzində muxtar respublikada Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 136,12 milyon manatlıq inşaat işləri yerinə yetirilib ki, bunun da 129,5 milyon manatını və ya 95,1 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı sayəsində tikinti sektorunda, ilk növbədə, sosial sahələrin inkişafı hər zaman diqqət mərkəzində saxlanılıb. Təhsil sahəsində müasir tələblər səviyyəsində qurulmuş infrastruktur istiqamətində görülmüş tədbirlərə uyğun olaraq 2017-ci il ərzində 2476 şagird yerlik 5 məktəb binası tikilib, 774 şagird yerlik 4 məktəb binası yenidən qurularaq istifadəyə verilib. 3 məktəb binasının tikintisi isə davam etdirilir.
Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən sistemli islahatların mühüm bir istiqaməti də yeni tibb ocaqlarının yaradılmasından ibarətdir. İl ərzində səhiyyə sahəsində 1 mərkəzi xəstəxana əsaslı təmir olunub, 1 həkim ambulatoriyasının tikintisi başa çatdırılıb, 2 həkim ambulatoriyasının tikintisi isə davam etdirilir.
Qeyd olunub ki, ötən il ərzində əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib, 2 yaşayış binasının tikintisi, 9 yaşayış binasında isə yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilib, 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasında isə yenidənqurma işləri isə davam etdirilir.
Dövlət idarəetmə orqanlarında çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati binaların inşaası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanılıb, ümumilikdə, 15 inzibati bina inşa olunub, 7 inzibati binanın tikintisi və yenidən qurulması isə davam etdirilir.
Muxtar respublikanın rayon və kəndlərində əhalinin gündəlik məişət tələbatının ödənilməsi üçün lazımi şəraitin yaradılması diqqət mərkəzində saxlanılıb və bu məqsədlə 10 xidmət mərkəzi tikilərək başa çatdırılıb, 2 xidmət mərkəzinin tikintisi isə davam etdirilir.
“Muxtar respublikada yol-nəqliyyat kompleksinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlərin davamı kimi avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, ötən il 70,5 kilometr avtomobil yolu tikilərək və ya yenidən qurularaq istifadəyə verilib”, – deyən Asəf Məmmədov bildirib ki, tikinti-quruculuq işləri aparılarkən tikintidə təhlükəsizlik tədbirləri və əməyin mühafizəsi daim nəzarətdə saxlanılır.
Diqqətə çatdırılıb ki, tikintisi həyata keçirilən obyektlərin maya dəyərinin aşağı salınması üçün bir qayda olaraq inşaat işlərində yerli materiallardan istifadə edilir və yalnız muxtar respublikada istehsal olunmayan tikinti materiallarının idxalına icazə verilir. Eyni zamanda daxili bazarın qorunması daim diqqətdə saxlanılır.
Baş nazirin müavini çıxışında ötən dövr ərzində əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlardan da bəhs edib.
* * *
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib.
İclasda çıxış edən fövqəladə hallar naziri general-leytenant Şamı Abdullayev bildirib ki, 2017-ci ildə nazirliyin döyüş və döyüşə hazırlıq planlarında qarşıya qoyulmuş vəzifələr icra edilib. Şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün müasir memarlıq üslubunda 7 mərtəbəli 48 mənzilli xidməti yaşayış binası tikilərək müasir mebel dəstləri, inventarlarla təchiz edilib və 2017-ci ilin yanvar ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilib.
Qeyd olunub ki, hesabat dövründə nazirliyin struktur qurumlarının şəxsi heyəti cəlb olunmaqla 21 taktiki, taktiki-xüsusi təlimlər, yanğın təhlükəsizliyi şöbələrində gündəlik həyat və fəaliyyətin təşkili mövzusunda 32 göstərici məşğələ keçirilib, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 4 şöbəsində kompleks yoxlama aparılıb.
Ötən ilin fevral ayında nazirliyin 2 hərbi qulluqçusu Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən təlimdə, sentyabr ayında 3 hərbi qulluqçu Moldova Respublikasında təşkil edilən “Moldex-2017” beynəlxalq təlimdə, noyabr ayında isə 10 nəfər xilasedici və yanğınsöndürən Bakı şəhərində “Xəzər-2017” beynəlxalq kompleks təlimdə iştirak edib.
Diqqətə çatdırılıb ki, 2017-ci tədris ilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə nəzarət edilib, 2 səhiyyə müəssisəsində kompleks mülki müdafiə təlimi və 3 təhlükə potensiallı obyektdə taktiki-xüsusi təlim keçirilib. İşçilərin fövqəladə hallara hazırlanması məqsədilə 386 obyektdə 13 min 560 nəfərin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tədbir, 4 təhsil ocağında konfrans keçirilib. Mülki müdafiə kursunda 36 tədris qrupunda 2796 nəfərin iştirakı ilə məşğələlər aparılıb, 216 təhsil müəssisəsində və 16 uşaq bağçasında mülki müdafiə tədbirlərinin keçirilməsinə metodik köməklik göstərilib.
Vurğulanıb ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında 2016-cı il 17 mart tarixli Sərəncamı icra olunub, aprelin 26-da atlasın təqdimatı keçirilib. Ali Məclis Sədrinin tapşırığı ilə may ayı ərzində yeni nəşrin təqdimatı şəhər və rayon icra hakimiyyətlərində, ali və orta ixtisas məktəblərində də keçirilib.
Bundan əlavə, sənayedə və dağ-mədən sahələrində texniki təhlükəsizliyin təmin olunması məqsədilə 40 müəssisədə 261 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, 56 təhlükə potensiallı müəssisədə maarifləndirmə işləri aparılıb, 86 təhlükə potensiallı obyektdə əməli yoxlamalar aparılaraq profilaktik tədbirlər görülüb.
Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və dəm qazından zəhərlənmələrin qarşısının alınması məqsədilə yoxlamalar aparılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni xidmətin rəisi, general-mayor Səxavət Salmanov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2017-ci ildə çağırış kampaniyalarının keçirilməsi ilə bağlı nəzərdə tutulmuş plan və tapşırıqları tam həcmdə yerinə yetirib.
Qeyd olunub ki, ötən il çağırışaqədər gənclərin ilkin qeydiyyata alınması tədbirləri də qarşıda duran əsas vəzifələrdən olub. Bu sahədə iş uğurla aparılıb. Bundan əlavə, çağırışaqədər gənclərin peşəyönümlü məktəblərə göndərilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdəndir. 2017-ci ildə 239 nəfər çağırışçı sürücülük məktəbinə cəlb olunub, tam kursu bitirdikdən sonra sürücülük vəsiqələri ilə təmin edilərək hərbi hissələrə göndəriliblər.
Naxçıvan Muxtar Respublikasında məktəblilər arasında hərbi-idman oyunlarının keçirilməsinin diqqət mərkəzində saxlanıldığını deyən xidmət rəisi bildirib ki, “Cəsurlar”, “Şahin” hərbi-idman oyunları Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə iş planı əsasında təşkil edilib. Bununla yanaşı, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi hissələrin, eləcə də qanunla müəyyən edilmiş digər silahlı birləşmələrin müddətdən artıq hərbi qulluqçular, zabitlərlə komplektləşdirilməsi işi davam etdirilib. Ötən il ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 231 nəfər namizəd seçilərək göndərilib ki, bunlardan da 25 nəfəri qadın hərbi qulluqçulardır. Ötən il 8 nəfər ehtiyatda olan zabit ehtiyatdan çağırılaraq 1 il 6 ay müddətinə və 11 nəfər ehtiyatda olan gizir ehtiyatdan çağırılaraq 5 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün göndərilib, onlardan 5 nəfər zabit və 1 nəfər gizir hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edirlər.
Səxavət Salmanov işdə buraxılmış nöqsanlara da toxunub, onların qısa müddətdə aradan qaldırılmasının vacibliyini bildirib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən kollegiya iclasında Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, artıq başa çatmış 2017-ci ilin ötən dövrünə qısa nəzər saldıqda görürük ki, muxtar respublikada baytarlıq xidməti səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Hesabat ili ərzində vətəndaşların çağırışlarına əsasən 11 min 666 baş iribuynuzlu, 5725 baş xırdabuynuzlu, 24 baş ata vaxtında köməklik göstərilib, müalicəyə cəlb olunub.
Diqqətə çatdırılıb ki, bəhs olunan dövrdə süni mayalandırma tədbirləri davam etdirilib. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün növ kənd təsərrüfatı heyvanları və arı ailələrində profilaktik, müalicəvi tədbirlərin aparılması üçün 17 adda vaksin, 5 adda baytarlıq ləvazimatları, 7 adda arı dərmanları alınaraq işlədilib. Adıçəkilən vasitələrin ehtiyatı yaradılıb. Dövlət Baytarlıq Xidmətinin əməkdaşları, elm adamları, arıçı sahibkarların iştirakı ilə simpozium keçirilib, arıçılıqla bağlı mühüm tövsiyələr verilib. Arı ailələrinin uçotunun aparılması, sanitar şəhadətnamələrin verilməsi təmin olunub. Naxçıvan şəhərində və rayon mərkəzlərində arıçılıq üzrə əczaxanalar yaradılıb. Bu sahədə mütəxəssislərin hazırlanması, arı təsərrüfatlarında yeni nailiyyətlər və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işlərə başlanılıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq il ərzində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri xidmətdə təcrübə keçiblər.
Vurğulanıb ki, 2018-ci ildə də qarşımızda profilaktik tədbirləri daha da gücləndirmək, muxtar respublika əhalisini ekoloji cəhətdən sağlam heyvandarlıq məhsulları ilə təmin etmək vəzifələri durur.
Məruzə ətrafında müzakirələrdə xidmətin əməkdaşı Şəmsəddin Nağıyevin, rayon və şəhər baytarlıq idarələri rəhbərlərinin çıxışları olub.
Kollegiyada qərar layihəsi qəbul edilib.
* * *
Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclası giriş sözü ilə açan direktor Mənşur Gülməmmədli bildirib ki, hava limanında həyata keçirilən sərnişin və yükdaşıma xidmətləri zamanı aviasiya təhlükəsizliyi, beynəlxalq standartlar və tövsiyə olunan tələblər əsas iş meyarı kimi diqqətdə saxlanılıb. 2017-ci il ərzində yerli hava xətləri ilə 287 min 790 sərnişin, 4 milyon 818 min 480 kiloqram baqaj və 35 min 310 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda Naxçıvan-İstanbul istiqamətində 3 min 852 nəfər sərnişin və 54 min 570 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində isə 4 min 240 nəfər sərnişin və 57 min 870 kiloqram baqaj daşınıb.
Vurğulanıb ki, sərnişinlərə və hava gəmilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə yola saldığımız 2017-ci ildə də ən yeni texnoloji avadanlıqların alınıb gətirilməsi, hava limanının müxtəlif kateqoriyadan olan əməkdaşlarının Milli Aviasiya Akademiyasının Pilotların Hazırlıq Mərkəzində ilkin və ixtisasartırma kurslarına göndərilməsi davam etdirilib. Ötən il aviasiya təhlükəsizliyi, sərnişin və yüklərin nəzarət yoxlamalarının yerinə yetirilməsi üçün aerovağzal kompleksində 2 ədəd yüksəkkeyfiyyətli nəzarət-yoxlama avadanlığı quraşdırılıb, şəxsi heyətin etibarlı radiorabitə əlaqəsinin təmin olunması üçün müasir radiostansiyalar alınıb gətirilib.
Qeyd olunub ki, bəhs olunan dövrdə hava limanında rahat və təhlükəsiz xidmətlərin təşkili məqsədilə, təyyarə dayanacaqlarında 60 min kvadratmetr sahədə yüksəkkeyfiyyətli asfalt qatı çəkilib, aerovağzal kompleksində videomüşahidə sistemi tam olaraq yenidən qurulub, karqo yük terminalında əsaslı təmir işləri başa çatdırılıb, təyyarələrə içməli su vuran maşın və xüsusi təyyarədartan traktor alınıb gətirilib.
Qış mövsümünə hazırlıqla bağlı görülən işlərə də toxunan Mənşur Gülməmmədli bildirib ki, uçuşların aerodrom təminatı sahəsində elektrik şəbəkəsi və qazanxana kompleksinin hazır vəziyyətə gətirilməsi, yanacaq ehtiyatının yaradılması, hava gəmilərinin buzlaşmaya qarşı emal olunması üçün xüsusi mayelərin toplanması, istifadə olunan cihazların sazlığı üçün ehtiyat hissələrin vaxtında alınıb gətirilməsi, xüsusi mayelərin laboratoriya müayinəsi üçün elektron cihazlarla təmin olunması və digər zəruri tədbirlər diqqətdə saxlanılıb. Ötən il karqo yük terminalında müasir videomüşahidə və yanğın əleyhinə siqnalizasiya sistemlərinin quraşdırılması işləri davam etdirilib.
Çıxışda o da vurğulanıb ki, Naxçıvan Beynəlxalq Hava Limanında xüsusi və təhlükəli yüklərin daşınmasına diqqət daha da artırılıb, hərəkət məhdudiyyətli və köməyə ehtiyacı olan sərnişinlərin yolasalma və qarşılanmalarına xüsusi diqqət yetirilib.
Sonra görülmüş işlərlə bağlı hava limanının xidmət rəislərinin hesabatları dinlənilib.
Xəbərlər şöbəsi