25 Dekabr 2024, Çərşənbə

Klassik alman filosofu Hegel tarixi şəxsiyyətlər haqqında deyirdi: “Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, ədalətli və zəruri işlər görmüşlər”. Naxçıvan Muxtar Respublikasında böyük, ədalətli və zəruri tədbirləri əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldən Ali Məclisin Sədri cənab Vasif Talıbov 1960-cı il yanvarın 14-də sadə bir zəhmətkeş ailəsində dünyaya göz açmışdır. Heydər Əliyev məktəbində mükəmməl dövlətçilik yolu keçən muxtar respublika rəhbəri Naxçıvanda ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini yaratmışdır. 

 Yüksək prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyü və vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olan dövlət xadimləri həmişə nümunəvi addımları ilə ictimaiyyətin rəğbətini qazanırlar. Əsaslı şəkildə yenidən qurularaq alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən QURUCU RƏHBƏRİN əsəridir. Özünün hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın beşminillik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alır, gözəl yaşayış məskəninə çevrilir. 

Bir məqam xüsusi vurğulanmalıdır. 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada yüksək iqtisadi fəallığa nail olunmasını, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası, əhalinin güzəranının yaxşılaşdırılmasını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq olmaz. Bu yol Vətən naminə çəkilən gərgin əmək və misilsiz əzmkarlığın təcəssümüdür.
1996-cı ildən başlayaraq həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edildi. Bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürüldü. Şəhər və rayonlarımızda canlanma yarandı. İş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırıldı. Minlərlə yeni iş yerləri açıldı. Şübhəsiz ki, həyata keçirilən tədbirlər insan faktoruna yönəldilmişdir. O da öz nəticəsini göstərdi. Muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verdi.
Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən təhsil quruculuğunu həmişə ön planda saxlayırdı. Elm və təhsili davamlı iqtisadi inkişafın əsası hesab edən dahi şəxsiyyət deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir”. Muxtar respublikada həyata keçirilən islahatların mərkəzində də təhsil infra­strukturunun müasirləşdirilməsi dayanır. Elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb. Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlər kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə edirlər. Bu, bütövlükdə ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.
Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq və enerji təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Hər iki amil həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Əgər 1996-cı ildə muxtar respublikada bir su elektrik stansiyası vardısa, hazırda elektrik stansiyalarının sayı 8-ə çatdırılıb, yaşayış məntəqələri tamamilə qazlaşdırılıb. Bu gün Naxçıvan alternativ enerji mənbələrindən istifadə sahəsində nümunə göstərilir. İstehsal olunan elektrik enerjisi tələbatı üstələyir. Müxtəlif sahələr üzrə qəbul edilmiş dövlət proqramlarının icrası muxtar respublikamızda yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaradıb. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 344 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır.
Aqillər nahaq yerə deməyiblər ki, keçmişinə bax, bu gününə qiymət ver. Bir vaxtlar muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Şaxtalı qış günlərində yaşayış məntəqələrində yaranan çörək növbələrində çəkilən əziyyətlər hələ də yaddaşlardan silinməyib. Gecələr evində çıraq lampası yandıran, həyətindəki meyvə ağaclarını kəsib isinən, yarıac-yarıtox yatan naxçıvanlılar ərzaqla da, enerji ilə də özlərini təmin edəcəklərinə, bu gününü yox, gələcəklərini düşünəcəklərinə, ağac əkib yaşıllıqlar salacaqlarına, bir sözlə, evində, yurdunda rahat yaşayacaqlarına inana bilmirdilər. Bu gün isə Naxçıvanda ərazinin 14 faizindən çoxu yaşıllıqdır. Ən ucqar sərhəd kəndindən tutmuş şəhər, rayon mərkəzlərinə qədər hər yerdə bolluqdur. Təbii ki, bütün bunlar dövlət-xalq birliyinin bəhrəsi, düzgün rəhbərliyin nəticəsidir.
Tarixi çox qədimlərə söykənən Naxçıvan dünyanın ilkin yaşayış məntəqələrindəndir. Bu diyarda tarixin minlərlə yadigarı vardır. Naxçıvanqala, Oğlanqala, Qızqala, Əlincəqala, Möminə xatın, Yusif Küseyir oğlu, Qarabağlar, Gülüstan türbələri Naxçıvanın qədimliyindən, mədəniyyətindən, böyük dövlətçilik tarixindən xəbər verir. Ancaq vaxt var idi ki, tariximizi, milli və mənəvi dəyərlərimizi əks etdirən abidələrimiz də dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ali Məclisin Sədri tarixi yaddaşımızın yox olmasının da qarşısını aldı, 1200-dən artıq tarixi abidə pasportlaşdırılaraq mühafizəyə gö­türüldü, dünya və respublika əhəmiyyətli 70-ə yaxın abidə yenidən bərpa olunaraq Azərbaycan xalqına qaytarıldı. Məhz buna görə də bu gün hər bir vətənpərvər insan Naxçıvanda tarixi-mədəni irsimizə göstərilən qayğını görəndə əminliklə deyir: Tarixi yaşadanları tarix də yaşadacaqdır!
Gələcəyimizi qorumağın və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilik ənənələrinin qorunması və yaşadılmasıdır. Bu isə təkcə ərazinin və ya maddi sərvətlərin yox, həm də milli və mənəvi dəyərlərin qorunmasına da xidmət edir. Bu gün bütün bunlar Naxçıvanda ən yüksək səviyyədə təmin olunub. Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Naxçıvan dünyada Nuhun diyarı, sabitlik, təmizlik, inkişaf məkanı kimi tanınır. Naxçıvan bu gün turizm mərkəzidir. Hər il yüz minlərlə turist bu qədim diyara səyahət edərək onun hüsnünə heyran qalır. Naxçıvan bu gün Şərqlə Qərbin, tarixlə müasirliyin vəhdətindən gələcəyə işıq, nur saçan nurlu diyardır! Naxçıvan bu gün İslam Mədəniyyətinin Paytaxtıdır. Sabah isə Avropa mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün bütün əsaslara malikdir.
Adətən, bir ölkə və ya məkan sürətli inkişaf yoluna qədəm qoyduqda, əsasən, onun mərkəzi şəhərləri, daha çox isə paytaxtı diqqətdə saxlanılaraq abadlaşdırılır. Muxtar respublikamızın isə paytaxtı ilə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılıb. Kənd yerlərində yaraşıqlı binalar tikilib, nəqliyyat-kommunikasiya sistemi bərpa edilib, elektrik enerjisi, rabitə, qaz və su təminatı tam həyata keçirilib. İndi Naxçıvanda inkişaf, tərəqqi kənddən şəhərə doğru gedir. Muxtar respublikanın bölgələrində sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Bütün bunlar haqlı olaraq geniş ictimai rəydə iqtisadi inkişafın “Naxçıvan modeli” adlandırılır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks tədbirlər, sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya imkanlarının artması sürətli inkişaf tempinin qorunub-saxlanmasına, əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə səbəb olmuşdur. Əldə olunan inkişaf göstəriciləri ölkəmizin iqtisadi regionları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasının ön mövqedə olmasını şərtləndirir. Bu, aparılan təhlillər, hazırlanan reytinq siyahılarında da öz əksini tapır. Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olan “Caspian European Club” bu il Azərbaycan üzrə iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən iqtisadi region­ların illik investisiya reytinqini hazır­layıb: Reytinq siyahısının lideri Naxçıvan Muxtar Respublikasıdır!
Bu, bir daha göstərir ki, seçilən yolun düzgünlüyü, sözlə işin, əməllə əqidənin vəhdəti böyük uğurların əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Naxçıvanın inkişafını yüksək qiymətləndirərək deyib: “Siz, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-qurucu­luq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Bu, Naxçıvanda var və məni çox sevindirir”.
Naxçıvan Muxtar Respublikası etibarlı müdafiə olunur. Burada xalq-ordu birliyi mövcuddur. Əsgərlərin nümunəvi xidmət keçməsi üçün hər cür şərait yaradılıb, nizam-intizam ən yüksək səviyyəyə çatdırılıb. Əvvəllər, necə deyərlər, qorxusuz-hürküsüz Naxçıvanın sərhəd kəndlərini aramsız atəşə tutan düşmən bu gün susmağa məcburdur. Çünki onun qarşısında nümunəvi ordu, məğrur Azərbaycan əsgəri dayanıb! Müasir hərbi hissələr, güclü maddi-texniki təminat, hərbi qulluqçuların döyüş qabiliyyətinin mütəmadi artırılması ordu qurucu­luğu sahəsində görülən ən mühüm tədbirlərdir.
Artıq bir reallıqdır ki, muxtar respublikada atılan hər bir addım, qəbul edilən hər bir qərar ictimaiy­yət tərəfindən mütərəqqi təşəbbüs kimi qiymətləndirilir; cəmiyyəti düşündürən hər bir məsələdə Naxçıvan təcrübəsi nümunə kimi ­götürülür.
Gələcəklə bağlı istənilən ideya o vaxt həyati və cəlbedici olur ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər olsun. Bu gün muxtar respublikamızın hər bir sakinində inkişafımızın gələcək perspektivləri ilə bağlı aydın təsəvvür vardır. Yəni bu, o deməkdir ki, biz bundan sonra da inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacağıq.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Bu gün Naxçıvan Muxtar Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularının reallaşdığı möhtəşəm məkandır. Ulu öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını addım-addım yerinə yetirən Naxçıvanda əldə olunan bütün nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR