25 Dekabr 2024, Çərşənbə

Ötən günlərdə Şahbuz rayonunun Şada kəndindəki “N” hərbi hissədə xidməti borcunu yerinə yetirən igid oğullarımızdan yazı hazırlamaq üçün bu ünvana gedərkən illər əvvəl yaxın qohumumun burada xidmət etməsini xatırladım. Bu, o dövr idi ki, ölkəmiz xaos, anarxiya girdabında idi. Orduda çətinliklər baş alıb gedirdi. Ancaq qəvi düşmənlə, sözün həqiqi mənasında, bir addımlıqda üzbəüz dayanan igid oğullarımızın vətənpərvərlik hisslərini o vaxt yaxından duymuşdum. Üzləşdikləri çətinliklərə baxmayaraq, Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanaraq xidməti borclarını layiqincə yerinə yetirmələri bizim də qəlbimizi fərəh hissi ilə doldurmuşdu.

Budur, illər ötəndən sonra yolum yenə həmin ünvanadır. Onu deyim ki, hələ 2008-ci və 2009-cu illərdə də bu kənddə həyata keçirilən kompleks quruculuq tədbirlərindən yazı hazırlamaq üçün Şadada olmuş, kənd sakinlərinin qorxmazlığını, düşmən qabağında mərdi-mərdanə dayandıqlarını görmüşdüm. Kənddəki hərbi hissənin timsalında Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltmək üçün son illər həyata keçirilən məqsədyönlü tədbirlərin canlı şahidi olmuşdum.
...Bir neçə il bundan əvvəl gördüyüm məqamları təkrar xatırladım. Elə ondan sonrakı dövrlərdə bu ünvanda həyata keçirilən tədbirləri də yada salmaq yerinə düşər. 2009-cu ildə istifadəyə verilmiş əsgəri-məişət-yaşayış kompleksi və bir qədər aralıda ailəli zabitlər üçün tikilmiş ikimərtəbəli 8 mənzilli binalar orduya göstərilən qayğının ifadəsidir.

Azərbaycan Ordusunun qurucusu, ulu öndər Heydər Əliyevin dediyi kimi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu, bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
...Şadadakı hərbi hissə kənd tam orta məktəbinin lap yaxınlığında, daha dəqiq desək, bir-iki dəqiqəlik məsafədədir. Hərbi hissəyə yaxınlaşdığımızı görən bir zabit bizi qarşılayır. Tanış oluruq. Özünü baş leytenant Babək Mirzəyev kimi təqdim edir. Onunla söhbətə özü körpü salır. Deyir ki, bu gün blokada vəziyyətində olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu qurucu­luğu prosesi bütün hərbi hissələri əhatə edib. Bu yeniliklər real vəziyyətin obyektiv göstəricisidir. İndi doğma diyarımızın bütün hərbi hissələri belə yeniliklərlə doludur və bu ünvanlarda özünü qabarıq şəkildə göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur.
Əsgər və zabitlərin nümunəvi xidmət və qulluğu üçün bu hissədə də hərtərəfli şərait var. Müasir tələblər səviyyəsində yeməkxana, anbar, əsgər çayxanası istifadəyə verilib, əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Bundan əlavə, şəxsi heyətin fiziki hazırlığının artırılması məqsədilə hərbi hissənin həyətində idman qurğuları quraşdırılıb. Əsgərlər burada müntəzəm olaraq idmanla məşğul olurlar. Onların yüksəkkalorili və keyfiyyətli ərzaq məhsulları ilə qidalanmasına da xüsusi önəm verilir.
Müsahibim burada əsgərlərə göstərilən tibbi xidmətdən də danışır. Deyir ki, hərbçilərin tibbi müayinəsini düzgün aparmaq, ilkin müalicəni təşkil etmək üçün bu hərbi hissədə hərtərəfli imkanlar yaradılıb. Bu da hərbi hissədə xidməti borcunu yerinə yetirən əsgərlərin sağlamlığının qorunmasında vacib şərtdir. Hərbi hissədə müsbət mənəvi-psixoloji ab-havanın olması, əsgərlərin siyasi hazırlığının yüksəldilməsi diqqətdə saxlanılan başlıca vəzifələrdəndir. Bunun üçün ideoloji otaqda yaradılan şərait – televizor, qəzet və jurnallar, müxtəlif bədii ədəbiyyatlar əsgər və zabitlərin siyasi və hərbi biliklərinin artırılmasında mühüm rol oynayır. İdeoloji-siyasi təlim məşğələlərində əsgərlərə izah olunur ki, Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf edir. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində də Ermənistan hərbi birləşmələrinin muxtar respublikanın sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi bu qədim yurdu işğal etmək idi. Tarixdən bəllidir ki, Naxçıvan torpaqlarına olan iddialar çoxdan vardı. Mənfur ermənilər həm ötən əsrin əvvəllərində, I Dünya müharibəsi dövründə, həm də sovetlər zamanında bu iddialarından əl çəkməmişlər. Qondarma “böyük Ermənistan” yaratmağın əsas yollarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirməklə Türkiyə Respublikası ilə Azərbaycan arasında on bir kilometrlik əlaqənin kəsilməsini təmin etmək idi.
Əsgərlərə o da çatdırılır ki, ulu öndər Heydər Əliyevin Naxçıvanda ordu quruculuğuna başlaması ermənilərin bu arzusunu ürəklərində qoydu. Bu gün əsgərlərin qarşısında duran başlıca vəzifə sərhədlərimizin etibarlı qorunmasıdır.
Həmsöhbət olduğumuz digər bir zabit – baş leytenant Miryəhya Seyidov öncə muxtar respublikada fəaliyyət göstərən hərbi hissələrə qayğıdan danışır:
– Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 2013-cü ildə Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillərin verilməsi, 2014-cü il yanvar ayının 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılış mərasiminin keçirilməsi, Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandir heyətinin yeni xidməti avtomobillərlə təmin olunması, əvvəlki illərdə aparılan hərbi quruculuq işlərinin davam etdirilməsi və digər tədbirlərin real­laşdırılması, ümumilikdə, orduya və orduda qulluq edən, xidməti borclarını yerinə yetirən zabit və əsgərlərə göstərilən qayğıdır.
Hərbi hissəyə gəlmişkən əsgərlərlə də görüşürəm. İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliklərinə, dövlətə, xalqa bağlılıqlarına bir daha əmin oluram. Kiçik çavuş Zaur Məmmədov deyir ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordunun müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir, Vətənin müdafiə qabiliyyətinin artırılması üçün kompleks tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir. Bizim hissə də müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik hərbi hissəyə çevrilib. Şəxsi heyətin üzərinə düşən müqəddəs vəzifəni hərtərəfli yerinə yetirməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Bu isə biz hərbçilərin məsuliyyət hissini daha da artırıb.
Növbəti həmsöhbətim Alı Hüseynov olur. O, fiziki və psixoloji cəhətdən əsl hərbçi, vətənpərvər və hərbi biliklərə malik gəncdir. Söhbət zamanı bildirdi ki, onlara şərəfli bir iş tapşırılıb. “Bizim üzərimizə böyük vəzifə düşür. Həmin vəzifənin məsuliyyətli olduğunu yaxşı dərk edirəm. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımız artır. Bütün əsgərlər arzulayırlar ki, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin!” – bu sözləri qürurla deyir. Onun əsgər yoldaşı Mirqamət Quliyev söhbətə qarışır: – Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin etibarlı qorunmasından asılıdır. Sərhədlər isə o zaman etibarlı qorunur ki, onu qoruyan ordu çevik, peşəkar zabit və əsgər heyətindən ibarətdir. Azərbaycanın sərhədlərinin etibarlı qorunması bu gün bizə tapşırılıb. Onun öhdəsindən gəlmək üçün hərtərəfli şərait yaradılıb.
Zabitlərlə, əsgərlərlə söhbətlərimizdən, hərbi hissədə gördüklərimizdən gəldiyimiz qənaət isə belədir ki, bəhs etdiyimiz hərbi hissədə qulluq və xidmət edənlər öz borclarını dərindən dərk edirlər. Vəzifə məsuliyyəti dərk olunan yer isə sərhəddir – Vətənin başlandığı yer. Vətənin başlandığı yer etibarlı, ayıq-sayıqlıqla qorunursa, deməli, müstəqilliyimiz, dövlətçiliyimiz də əbədi və daimi olacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR