25 Dekabr 2024, Çərşənbə

Ötən əsrin 80-ci illərinin sonunda dünyanın siyasi həyatında baş verən ən mühüm dəyişikliklərdən biri SSRİ kimi böyük imperiyanın dağılması idi. 70 illik sovet idarəçiliyinin iflasa uğramasının səbəblərindən biri imperiya çətiri altında yaşayan çoxsaylı xalqların müstəqillik arzusu olsa da, bu mübarizədə ən böyük rolu Azərbaycan xalqı oynamışdır. Ötən əsrin sonlarında öz müstəqillik ideyalarını ikinci dəfə tarixin səhifəsinə inamla daşıyan Azərbaycanda bu ideyaların ilk işığı qədim Naxçıvanda yandırılmışdır. 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdir.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı faciə xalqımızın gözünü qorxutmaq, onu müstəqillik ideyalarından əl çəkməyə vadar etmək idi. Faciədən 8 saat əvvəl ermənilərin Sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücum etməsi də bu hərəkatda ön mövqedə dayanan Naxçıvanı cəzalandırmaq və işğal etmək məqsədi daşıyırdı. Bir müddət əvvəl güclü atəşə məruz qalan Sədərək, Havuş, Günnüt kənd­ləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qalmışdı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəldərək Kərki kəndini işğal etdilər. Muxtar respublikaya müxtəlif istiqamətlərdən hücumların təşkili onu göstərirdi ki, SSRİ rəhbərliyi məhz yanvarın 19-da Bakıya qoşun yeridiləcəyi və bununla da Naxçıvanın köməksiz qalacağını əvvəlcədən planlaşdırmışdı. Sonrakı proseslərdə isə Naxçıvan qısa müddətdə işğal olunmalı, bura erməniləri yerləşdirməklə Azərbaycanın Türkiyə ilə quru sərhədi kəsilməli idi.

Təbii ki, Naxçıvanın ərazi bütövlüyünün pozulması, sərhədboyu yaşayış məntəqələrində ermənilərin hücuma keçməsi, əhalinin yaşayışı üçün real təhlükənin artması, nəqliyyat və kommunikasiya blokadası, bunların müqabilində ittifaq və respublika hakimiyyət dairələrinin fəaliyyətsizliyi muxtar respublika sakinlərini qəti qərar qəbul etməyə, ciddi addımlar atmağa sövq etmişdir. Yanvarın 19-da axşam saatlarında Naxçıvan şəhərində Ali Sovetin binası qarşısında toplaşan on minlərlə adam Naxçıvana olan hücumlara etiraz əlaməti olaraq Ali Sovetin fövqəladə sessiyasının çağırılmasını təkidlə tələb etdilər. Nəticədə, həmin gün sessiya keçirilmiş və “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələ müzakirəyə çıxarılmış, Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul olunmuşdur. Qərarda göstərilirdi ki, muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. SSRİ imperiyasının fəaliyyət göstərdiyi bütün dövrlərdə və yaxud mövcudluğunun son dönəmlərində heç bir müttəfiq respublika, diyar və yaxud muxtar region belə bir cəsarətə imza atmamışdı. Bunu yalnız azadlıq və müstəqillik uğrunda həyatını qurban verməyə hazır olan Naxçıvan Muxtar Respublikası sakinləri edə bilərdilər.
Qeyd etmək lazımdır ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda xalqımızın müstəqillik arzularının bu səviyyəyə yüksəlməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Görkəmli dövlət xadimi hələ ölkəmizdə təhlükəsizlik orqanlarında işlədiyi dövrdən ermənilərin torpaqlarımıza qarşı əsassız iddialarının hər an baş qaldıra biləcəyini, bu yolda öz havadarlarının köməyindən necə faydalanacağını, ümumilikdə isə tarixən bu mənfur millətin Rusiya dövlətçiliyinin maraqlarının qorunmasında necə bir alət olduğunu gözəl bilirdi. Buna görə də dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün bir sıra mühüm addımlar atmışdır. Belə addımlardan biri də ölkədə milli kadr hazırlığı idi. İdarəçilik təcrübəsində daim haqq-ədalətin yanında olan böyük öndər, eyni zamanda atdığı mühüm addımlarla milli şüurun yüksəlməsinə və canlanmasına şərait yaratmışdır. Azərbaycanlı olmağı ilə fəxr edən dahi şəxsiyyət fəaliyyəti ilə xalqımıza milli hədəflərə necə çatmağın yollarını öyrətmiş, azadlığın, müstəqilliyin onun üçün hər şeydən uca olduğunu müəyyənləşdirmişdir. Bu baxımdan 1990-cı ilin yanvar ayının 19-da Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar ümummilli liderimizin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi tədbirlərlə Azərbaycan xalqına aşıladığı cəsarətdən, müstəqillik ideyalarından qaynaqlanırdı.
1990-cı ildə Naxçıvanın işğal təhlükəsindən qorunmasında, həmin tarixi qərarın qəbul edilməsində bölgənin muxtariyyət statusu çox mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “Ötən əsrin 90-cı illərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. 1990-cı il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Kərki kəndi ermənilər tərəfindən işğal olunandan sonra, yanvarın 19-da Naxçıvan Ali Soveti “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələni müzakirəyə çıxartmış, “Naxçıvanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından və beynəlxalq Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan” Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etmişdi. Bu qərar Sovetlər Birliyinin dağılması, Azərbaycan xalqının və digər müttəfiq respublikaların xalqlarının suverenlik əldə etməsi üçün atılmış ilk addımlardan idi”.
Bakıdakı Qanlı Yanvar qırğınından sonrakı dövr blokada vəziyyətində olan Naxçıvanda da çox gərgin keçmişdir. Təkcə 1990-1993-cü illərdə ermənilərin Sədərəyə təşkil etdikləri 14 hücum əməliyyatı zamanı bu sərhəd yaşayış məntəqəsində 109 nəfər şəhid olmuşdur. Məhz belə bir çətin dövrdə – 22 iyul 1990-cı ildə ulu öndər Heydər Əliyev Naxçıvana gəlmiş və naxçıvanlılar ümummilli liderin ətrafında sıx birləşərək bu qədim Azərbaycan diyarını mərdliklə qorumuşlar. 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadimi Heydər Əliyev əhalinin ciddi təkidi ilə muxtar respublikanın Ali Məclisinə Sədr seçilmişdir. Bundan cəmi 4 gün sonra muxtar respublikanın müdafiəsi məqsədilə sentyabrın 7-də Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdur. Qars müqaviləsinin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparılmış, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat vermişdir.
Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etməklə Naxçıvana yeni bir həyat bəxş etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdı. Üçrəngli bayrağımız ilk dəfə milli liderin rəhbərliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Sovetlər Birliyinin süqut etmədiyi bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdı. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılmış, onların bazasında ilk milli ordu yaradılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlətçiliyimiz naminə həyata keçirilən işlər təkcə bununla məhdudlaşmırdı. 20 Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisində siyasi qiymət verilmiş, həmin günün “Milli Matəm Günü” kimi qeyd olunması, qərara alınmışdır.
Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndərin rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda mühüm əhəmiyyətə malik olmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR