Naxışnərgiz muxtar respublikamızda o qədər də böyük olmayan yaşayış məntəqələrindən biridir. Babək rayonunun ərazisində, Qahab kəndinin yaxınlığında, dağların aşağı ətəklərinə sığınmış yurd yeridir. Bu kəndin maraqlı bir tarixçəsi var. Belə ki, Naxışnərgiz kəndinin əhalisi, indiki sakinlərin ulu babaları bu yerdən xeyli aralıda, Nəhəcir dağının ətəklərində, füsunkar bir yerdə yaşayıblar. Qədim yurd yerləri olan Naxışnərgiz və Süraməlik bir-birinin yaxınlığında olan səfalı kəndlər, sazlı-sözlü aşıqları, el ağsaqqalları, xanım-xatın ağbirçəkləri ilə seçilən dağ kəndləri idi. Bu kəndlərdə toxunan xalçalar, kilim və palazlar adla deyilərmiş. Bağ-bağçalardakı meyvələrin dadı-tamı bambaşqa imiş.
Lakin sonralar çətinliklər yaranıb, əhalinin yaşayışında, güzəranında problemlər baş qaldırıb, ən başlıcası isə təsərrüfat və içməli su qıtlığından sakinlər tədricən bu yerləri tərk edib, indiki Naxışnərgiz kəndində və ətraf yaşayış məntəqələrində məskunlaşıb.
Bəs bu kəndə niyə Naxışnərgiz adını veriblər? Yaşı 80-ə yaxın olan kənd ağsaqqalı İsmayıl Zamanov deyir ki, bir vaxtlar bu kənddə Nərgiz adlı bir qadın yaşayırmış. Xalça toxuyurmuş. Onun toxuduğu xalçalar keyfiyyətinə, rəng çalarlarına, cizgilərinə görə seçilərmiş. O, bu xalçaların ipliyini yerli balbas cinsli qoyunların yunundan hazırlayar, onları cəhrədə əyirərmiş. Nərgiz nənə bu iplərə yurd yerlərinin təbiətindən, geniş düzlərindən topladığı güllərdən, çiçəklərdən rəng qatarmış. Xalçaçı qadın əl işinə fərqli ilmələr vurar, mürəkkəb toxunuşa malik xalçalar toxuyarmış. Bu xalçalardan biri o vaxtlar keçirilən sərgilərin birində mükafata layiq görülmüşdür.