25 Dekabr 2024, Çərşənbə

Avqustun 25-də Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Hazırda da bu sahədə işlər davam etdirilir.
Qeyd olunub ki, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər, stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən 35 yaşadək gənc mütəxəssislər kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 100 manat məbləğində əlavələr ödəniləcəkdir. 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində əməkhaqqına kompensasiya əlavə olunacaqdır. Eyni zamanda iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım ödəniləcəkdir.
Rəhman Məmmədov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin həftəlik dərs yükü və aylıq vəzifə maaşları artırılıb. Bununla yanaşı, bu ildən etibarən ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlayan gənc kadrların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişikliklər edilib. Yeni qaydalara əsasən 5 ildən artıq dağ kəndində müəllim kimi fəaliyyət göstərən pedaqoji profilli gənc kadrlara ipoteka kreditinin verilməsi nəzərdə tutulub. Bütün bunlar isə ölkəmizdə gənc mütəxəssislərə və ümumilikdə, gəncliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Gənc kadrların işlə təminatı üçün muxtar respublikada dövlət qulluğuna qəbul imtahanları, eləcə də əmək yarmarkaları keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilən təhsil yarmarkası da artıq ənənə halını alıb. Bu yarmarka muxtar respublikanın, xüsusən də ucqar kənd­lərin ümumtəhsil məktəblərinin pedaqoji kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ötən müddət ərzində yüzlərlə gənc bu təhsil yarmarkasında iştirak edib və göndəriş alaraq bu gün də müəllim kimi fəaliyyət göstərir. Bu il təşkil edilən təhsil yarmarkasında Şərur rayonu üzrə 112, Babək rayonu üzrə 30, Ordubad rayonu üzrə 67, Culfa rayonu üzrə 37, Kəngərli rayonu üzrə 44, Şahbuz rayonu üzrə 18, Sədərək rayonu üzrə 25 olmaqla, ümumilikdə, 333 boş iş yeri təqdim olunmuşdur. Təqdim olunan boş iş yerlərinin əksəriyyəti kəndlərdəki ümumtəhsil məktəblərindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov gənc müəllimlərə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxışında bildirib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunub. Təkcə 2017-ci ilin birinci yarımili ərzində 2716 şagird yerlik beş tam orta məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib.
Qeyd olunub ki, ötən müddət ərzində yüzlərlə gənc kadr ucqar dağ kəndlərində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb, onların köməkliyi sayəsində şagirdlərimiz elmi biliklərə daha da dərindən ­yiyələniblər.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın ayrı-ayrı təhsil müəssisələri üzrə boş iş yerlərinin qeydiyyatı aparılıb, rayon (şəhər) Təhsil şöbələri üzrə mövcud boş yerlər haqqında məlumatlar “Şərq qapısı” qəzetində dərc edilib. Müəyyən edilib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 27 Azərbaycan dili və ədəbiyyatı, 82 xarici dil, 25 riyaziyyat, 19 informatika, 16 tarix, 34 coğrafiya, 21 fizika, 20 kimya, 22 biologiya, 11 fiziki tərbiyə, 4 Gənc­lərin çağırışaqədərki hazırlığı, 4 musiqi, 4 təsviri incəsənət, 1 texnologiya, 43 ibtidai sinif müəlliminə ehtiyac vardır.
Gənc kadr İnci Seyidova yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Sonra yarmarkaya gələnlər vakant iş yerləri ilə tanış olublar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR