Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu və zənginliyi ilə başqa dillərdən seçilir. Doğma ana dilimiz daş kitabələrdən – Qobustandan, Gəmiqayadan üzü bu yana çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məmməd Araz və başqa görkəmli söz ustaları bu dildə ölməz sənət nümunələri yaratmış, öz yaradıcılıqları ilə Azərbaycan dilinin böyük ifadə imkanlarını üzə çıxarmışlar.
Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin əsas aparıcı atributlarından biri hesab olunur. Dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına böyük qayğı göstərmişdir. Dahi rəhbər Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilini Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur. Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur.
Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atıb. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Belə ki, ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə kiril əlifbasından istifadəyə son qoyulmuş, latın qrafikası tətbiq olunmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi doğma dilimizə və əlifbamıza dərin ehtiramın ifadəsidir. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət Proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir.
Bu gün hamımızdan Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur. Çünki ana dilini sevmədən vətənpərvər olmaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
“Şərq qapısı”